Ermənilər cəbhə xəttində möhkəmlənirlər?

Müdafiə Nazirliyi: “Düşmən Azərbaycan ictimaiyyəti arasında çaşqınlıq yaratmaqda maraqlıdır”
Üzeyir Cəfərov: “İşğal olunmuş torpaqlarımızda heç bir güclü mühəndis istehkam işlərinin aparılmasından söhbət gedə bilməz”



Avrasiya İqtisadi İttifaqı barədə Astanada Ermənistan prezidenti Serj Sarkisyan dalana dirəndikdən sonra separatçı ölkə cəbhədə atəşkəs rejimini intensiv şəkildə pozur. Xatırladaq ki, həmin yığıncaqda Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, Ermənistanın adıçəkilən birliyə Qarabağsız qatılması ilə bağlı Azərbaycan prezidentinin məktubu stolunun üstündədir.

Bir sözlə, Azərbaycanın uğurlu xarici siyasəti təcavüzkar rejimin ittifaqa qatılmasını ləngidir. Ermənistan tərəfini məyus edən görüşə qatılan Rusiya prezidenti Vladimir Putinin N.Nazarbayevin açıqlamasına süstlük nümayiş etdirməsi olub. Elə həmin andan etibarən düşmən ordusu cəbhənin müxtəlif istiqamətlərində ordumuzun mövqelərini atəşə tuturlar. Dünən Ermənistan silahlı qüvvələri cəbhənin Naxçıvan istiqamətində mövqelərimizi güllə-baran ediblər. Atəşkəs rejimi sutka ərzində 19 dəfə pozulub. Hətta bu günlərdə Ermənistan ordusunun cəbhə xəttində müdafiə mövqelərində möhkəmləndirmə işlərinə başlayıblar. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, cəbhənin cənub-şərqində - Füzuli rayonunun Qazaxlar, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində bir neçə gündür ermənilərin mövqelərini möhkəmləndirməsi müşahidə olunur. Əsasən, gecə saatlarında fəaliyyət göstərən erməni mühəndis-istehkam bölmələri tərəfindən ərazinin minalanması, eləcə də mövqelərin üzərində maneələrin qurulması, açıq ərazilərin bağlanması halları qeydə alınıb.

Müdafiə Nazirliyi isə yayılan xəbərlərin əsassız və yalan olduğunu deyib: "Hazırda bu istiqamətdə vəziyyət sabitdir. Əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır. Ermənistan təxribat xarakterli məlumatların yayılmasında və Azərbaycan ictimaiyyəti arasında çaşqınlıq yaratmaqda maraqlıdır.

Sabiq polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə açıqlamasında narahatlığın olmadığını söyləyib. Onun sözlərinə görə, mətbuat məsələləri şişirdir: "Hamısı informasiya müharibəsinin tərkib hissəsidi. Bu müharibənin xeyrimizə olub-olmaması məsələsində o qədər də dərinliyə varmırıq. Nəzərə almaq lazımdı ki, yay aylarıdı. Yanğınlar baş verir. Yanğınlar nəticəsində minalanmış sahələrdə partlayışlar qeydə alınır. Bir müddət öncə həmin ərazilərdə güclü təbii fəlakət yaşandı. Bəzi səngərlər yararsız hala düşdü. Ermənilər onları qaydasına salır”.

Ekspertin qənaətincə, işğal olunmuş torpaqlarımızda heç bir güclü mühəndis istehkam işlərinin aparılmasından söhbət gedə bilməz: "Ermənilər müdafiəni təmin edəcək səviyyədə işlər görə bilərlər. Anlayırlar ki, orada ömürlük qalası deyillər. Bu baxımdan, həmin ərazilərə böyük vəsait sərf etməzlər”. Hansısa genişmiqyaslı döyüş əməliyyatlarının başlanmasını düşünmürəm”.

Ayyət Əhməd