İstiqlalçı deputatlar “cənnət qəbzləri” tələb etməməlidirlər”

Zahid Oruc: “Müstəqillik aktına imza atan deputatların başlıca məqsədi təmənnasızlıq olubsa, istəkləri bu ölkənin azadlığı idisə, indi əlavə imtiyaz tələbləri nəyə və kimə gərəkdir?”




İstiqlalçı deputatların deputatlıq pensiyası uğrunda mübarizəsi davam edir. Azərbaycanın müstəqilliyinə səs vermiş bir qrup keçmiş millət vəkili dünən RATİ-də mətbuat konfransı keçirib. Sabiq parlamentarilər deputat pensiyasının onlara verilməməsi və bununla bağlı davam edən məhkəmə çəkişməsi haqda danışıblar.

Konfransda çıxış edən istiqlalçı deputat Hacıbaba Əzimov qeyd edib ki, Firudin Cəlilov, Məryəm Həsənova və onun deputatlıq pensiyası hüququ pozulub. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi Milli Məclisin aparat rəhbərlərinin diktəsi ilə hərəkət edir. Eyni zamanda ölkədə istiqlalçı deputatlara qarşı diskriminasiya siyasətinin aparıldığını iddia edən Əzimov bildirib ki, onun şikayətini 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, F.Cəlilov və M.Həsənovanın iddialarını isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi təmin etməyib.

H.Əzimov vurğulayıb ki, post-sovet ölkələrində müstəqillik uğrunda fədakarlıq etmiş adamlara imtiyazlar var. "Dövlət onlara xüsusi diqqət, qayğı göstərir, ən əsas müstəqillik bayramı hesab edilir. Azərbaycanda isə Müstəqillik günü iş günü elan olunub. İstiqlalçı deputatlara deputatlıq pensiyası verilmir. Türkmənistanda müstəqillik günü ən yüksək səviyyədə keçirilir. Baltikyanı ölkələrdə istiqlalçı deputatlara dövlət imtiyazlar verir”.

Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində müstəsna xidmətləri olan istiqlalçı deputatların böyük əksəriyyəti uzun illərdir ki, müxtəlif təzyiq və təqiblərə, çətin həyat yaşamağa məcbur edildiyini deyən istiqlalçı deputat onu da qeyd edib ki, onlar Azərbaycanın müstəqilliyi üçün müstəsna xidmət göstərən istiqlalçı deputatların yaşayış şəraitinin yaxşılaşdırılmasını və təzyiqlərin dayandırılmasını tələb edirlər.

H.Əzimovun qənaətincə, onlara qarşı bu diskriminasiyanın arxasında Rusiyanın Azərbaycandakı "5-ci kolon”u dayanıb: "İstiqlalçı deputatlara qarşı diskriminasiya siyasətini "5-ci kolon”un parlamentdəki nümayəndələri icra edir”.

Millət vəkili Zahid Oruc isə istiqlalçı deputatların bu gün hansısa mənfəət güdməsinin doğru yanaşma olmadığını deyib: "Uzun zamandır davam edən və parlamentin ünvanına müxtəlif ittihamlara səbəb olan məsələlərdə bəzi anlayışları dəqiqləşdirmək lazımdır. Həqiqətən də o dövrdə

Azərbaycanın müstəqillik bəyannaməsi məhz parlamentdə ilkin olaraq hazırlanaraq səsə qoyulub. Amma bu heç də o anlama gəlməməlidir ki, məhz həmin parlamentarilər digərlərindən daha yüksək indulugensiyalara ("cənnət qəbz”ləri) malikdirlər. Heç bir halda istiqlalçı deputatların xidmətlərinin aşağı yerə qoyulmasının tərəfdarı deyiləm, amma onların rolunun daha da şişirdilməsinə də əsas görmürəm. Təbii ki, 90-cı illərin əvvəllərində regionda və beynəlxalq aləmdə baş verən proseslər Azərbaycan və ölkənin qanunvericilik təmsilçilərindən də çox mühüm və aktiv addımlar tələb edirdi. Bu məsuliyyətli məqamlarda doğru qərarlar verənlər oldu və həmin sənədlər hüquqi baxımdan ölkəmizin müstəqilliyi üçün önəmli rol oynadı. Ancaq Azərbaycanın istiqlalı və azadlığını bir neçə parlament üzvünün imza atdığı sənədlə məhdudlaşdırmaq da olmaz. Bu azadlıq bütövlükdə xalq hərəkatının və bayaq da vurğuladığım kimi beynəlxalq arenada baş verən proseslərin məntiqi nəticəsi idi. Azərbaycanın müstəqilliyində əməyi olan millət vəkillərini istiqlalçı deputatlar adı ilə şişirdib, onlara əlavə imtiyazlar, sosial təminat kimi tələblər ortaya qoyanda, müəyyən suallar yaranır. Belə çıxır ki, istiqlalçı hərbiçilər, istiqlalçı müəllimlər, istiqlalçı həkimlər, istiqlalçı məmurlar da eyni tələblərlə çıxış etmək hüququna malikdirlər? Qanunverici hakimiyyətin mövqeyinin ierarxiyada dayanan digər qurumlardan daha yuxarı qoyulmasının tərəfindəyəm, lakin bu zaman da ədalət prinsipini gözləməliyik”.

İstiqlalçı deputatlara qarşı diskriminasiya iddialarının əsassız olduğunu və onların özləri üçün yüksək təminat tələblərinin yanlış olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, vaxtı ilə istiqlalçı deputatlar arasında dövlət çevrilişinə cəhd edənləri də olub: "Demək istəyirəm ki, bir zaman hansısa akta səs vermək sonrakı dövrlərdə həmin şəxslərin Azərbaycan üçün ədəbi və əzəli, unudulmaz xidmətlərini doğurmadı. Təəssüf ki, həmin şəxslər arasında sonralar yanlış fəaliyyətlərə də imza atanlar olub. Bu mənada müstəqillik bəyannaməsinə imza atan deputatlara qarşı fərdi yanaşmanın və bir az da hüquqi münasibətin tərəfindəyəm. Həmin vaxtlar Azərbaycan SSRİ Ali Soveti mövcud idi və SSRİ-də baş verən demokratikləşmə və müstəqillik dalğası bir sıra dəyişikliklər yaratdı. "Komblok” və "Demblok” adı ilə iki hissədən 25/25-ə nisbətdə 50 nəfərlik deputat seçildi. Beləliklə də, bu məsələlər hüquqi müstəvidə təsvir olundu. İndi də kimlərsə məhz parlament üzvü kimi sosial təqaüdlərə layiqdirsə, onu da etmək lazımdır. Bundan kənarda millət vəkillərini əlavə imtiyazlar umması, məncə, Azərbaycanın müstəqillik amalını bir xeyli zəiflədir. Sanki biz azadlıq uğrunda məhz sonda təqaüd almaq, əlavə imtiyaz sahibi olmaq üçün savaşmışıq”.

İstiqlalçı deputatlara qarşı bu diskriminasiyanın arxasında Rusiyanın Azərbaycandakı "5-ci kolon”unun dayanması iddialarına gəldikdə isə millət vəkili Azərbaycanda dövlətçiliyimizə qarşı hər hansı bir xarici meyilli qruplaşmanın olduğunu real hesab etmir: "Azərbaycanda hər hansı bir şəkildə təşkilatlanmış, ölkəmizdə Rusiyanın mənafelərini birmənalı şəkildə güdən və qoruyan və dövlətin siyasətini məhz bu istiqamətə yönəltməyə çalışan təşkilatlanmış, hətta partiya halında strukturlaşmış qüvvələr mövcud deyil. Odur ki, "5-ci kolon” kimi ifadələr sadəcə ibarədir. Mənə elə gəlir ki, bu cür epitetlərdən bəhrələnərək öz mövqeyini kimsə gücləndirmir. Məsələni də bu qədər siyasiləşdirib iqtidar əleyhinə provakasiyaya çevirmək də yanlışdır. Hesab edirəm ki, hansısa məsələ hüquq çərçivəsindən çıxanda, o öz mahiyyətini xeyli itirir. Əgər həqiqətən də müstəqillik aktına imza atan deputatların başlıca məqsədi təmənnasızlıq olubsa, istəkləri bu ölkənin azadlığı idisə, indi əlavə imtiyaz tələbləri nəyə və kimə gərəkdir?”

Şəymən