Vəhhabilər Azərbaycanı təhdid edir

Ehsan Zahidov: “Onlar üçün müqəddəs heç nə və heç kim yoxdur”
İlqar Altay: “Sabah həmin şəxslər Azərbaycana qayıtsalar, bölücülüklə məşğul olaraq ictimai asayişi pozacaqlar”


Suriyada döyüşən azərbaycanlı vəhhabilər dövlət tərəfindən verilmiş pasportlarını nümayişkaranə şəkildə cırıblar. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, bu dəfə radikal dini cərəyanın nümayəndələri tək-tək deyil, kütləvi şəkildə milli pasportlarını yararsız hala salıblar. Suriyada döyüşən azərbaycanlıların komandiri kimi tanınan Yəhya əl-Azəri adlı şəxs öz profilində cırılmış pasportların fotosunu paylaşaraq altından belə bir söz yazıb:

"Allaha həmd olsun. Tağutun safını təsdiqləyən sənədləri cırdıq”. Vəhhabilərin bu davranışı Azərbaycan dövlətinə xəbərdarlıq və təhdid kimi başa düşülür. Belə ki, vəhhabilər bununla Azərbaycan adlı dövləti tanımadıqlarını və zamanı çatdıqda ona qarşı da döyüşəcəklərini nümayiş etdirirlər.

Məsələyə münasibət bildirən DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Ehsan Zahidov bildirib ki, hər bir dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd onun üçün müqəddəsdir və həmin şəxs sənədlərini qorumağa borcludur: "Əgər kimsə gedib başqa bir ölkənin ərazisində o sənədi qəsdən cırırsa, yararsız hala salırsa, deməli, o öz ölkəsinin ən etibarsız, ən gərəksiz vətəndaşı olub. Çünki ən azından, fəxrlə daşıdığımız pasportun üzərində vətəndaşı olduğumuz dövlətin müqəddəs atributları əks olunub. Orada öz ad və soyadımızla yanaşı, bizim üçün müqəddəs olan valideynlərin adları qeyd olunub. Belə insanlara heç nəyi etibar etmək, onlara güvənmək olmaz.

Onlar üçün müqəddəs heç nə və heç kim yoxdur. Mən inanmıram ki, Azərbaycan vətəndaşları arasında belələri çox olsun. Çünki vətəndaşlarımız dövlətimizə sadiqdirlər və xaricdə onu layiqincə təmsil edirlər. Əgər həqiqətən belələri varsa, deməli, onlar Azərbaycanın layiqli vətəndaşı deyillərmiş”.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altayın sözlərinə görə, ata-anasını saymayan, ailəsini başsız və gözüyaşlı qoyub gedən adamlardan hər cür təhlükə gözləmək olar: "Onların dövlətdən və millətdən xəlvət, heç kimdən razılıq almadan gedib Suriyada əsli-kökü bilinməyən dini təriqət uğrunda vuruşmaları, qan tökmələri, baş kəsmələri onsuz da kifayət qədər təhlükəli tendensiyadır. Ona görə də, həmin şəxslərin milli pasportlarını cırıb atmalarına təəccüb etməməliyik. Çünki vəhhabilər Azərbaycan dövlətinin əleyhinə çıxaraq ölkəni tərk edəndə artıq hansı niyyətlə, nə üçün getdiklərini və geri qayıtmayacaqlarını bilirdilər. Onsuz da, vəhhabi təriqətinin çağırışına qulaq verməklə onlar azərbaycançılığı və dövlətçiliyi saymadıqlarını göstərdilər. Belə görünür ki, vəhhabi təriqətində millət, dövlət, vətən anlayışı yoxdur”.

İ.Altayın fikrincə, məsələni həll etməkdə xeyli gecikmişik. Gərək lap əvvəldən problemi aradan qaldırmaq üçün istənilən varianta əl atardıq: "Vəhhabilərin Azərbaycanı hədələməsi dövlətimiz üçün böyük təhlükədir. Vətəndaşlarımızın ifrat şəkildə hansısa radikal təriqətə meyl etmələri müəyyən müddətdən sonra onların doğulub boya-başa çatdıqları ölkələrini, haqlarını qoruyan dövlətlərini təhdid etmələrinə gətirib çıxarır. Bu baxımdan həmin adamlardan ehtiyat etməliyik. Çünki hamısı əlisilahlı, qanımızı içməyə hazır olan, gözüdönmüş adamlardır. Belə şəxslərdən hər şey gözləmək olar. Əgər sabah həmin şəxslər Azərbaycana qayıtsalar, bölücülüklə məşğul olaraq ictimai asayişi pozacaqlar”.

Kriminalistin qənaətincə, vəhhabilər tərəfindən atılan addımlara dövlət ciddi təhlükə kimi yanaşmalı və zəruri tədbirlər görməlidir: "İlk növbədə xüsusi xidmət orqanlarının üzərinə iş düşür. İkinci növbədə isə bizim kimi QHT-lər və sizin kimi jurnalistlər daim vəhhabi təhlükəsini gündəmdə saxlamalı, Suriyaya döyüşə gedənləri qınaq obyektinə çevirməlidir”.

İsmayıl