Azərbaycanlı “qanuni oğrular” Türkiyədə qan tökdü

Rusiyada imkanlar daraldıqca, “avtoritetlər” başqa məkan seçiblər



Türkiyənin Ədirnə şəhərində "qanuni oğru”ların dəstə üzvləri arasında silahlı insident yaşanıb. Publika.az-ın məlumatına görə, Ədirnənin Əski İstanbul küçəsində baş verən silahlı toqquşmada 2 oğru klanı iştirak edib. Qruplardan biri hadisə yerinə rus dövlət nömrə nişanlı (P 878 EC 177) avtomobillə gəlib. Digər qruplaşmanın avtomobilində yerli dövlət nömrə nişanı olub. Ümumilikdə, atışmada içərilərində ruslar və gürcülər daxil olmaqla bir neçə nəfər iştirak edib.

Günün-günorta çağı baş verən toqquşma şəhər əhalisində xof yaradıb. İnsidentin baş verdiyi yerə gələn polis beş nəfəri həbs edib. Onlardan biri ayağından güllə yarası alıb. Əməliyyat zamanı Hüseyn İmraq adlı türk polisi öldürülüb.

Saytın məlumatında qeyd edilir ki, ümumiyyətlə, Türkiyə son illər bir çox azərbaycanlı və gürcü avtoritetlərin daimi yaşayış məskəninə çevrilib. 2012-ci ildə Rövşən Lənkəranskinin qruplaşması İstanbulda digər azərbaycanlı "vor zakon” Baxış Əliyevə uğursuz sui-qəsd təşkil etmişdi. B.Əliyev o hadisədən salamat qurtulsa da, bu ilin aprelində Odessada killer gülləsindən yayına bilmədi.

Ötən yay isə Lənkəranskinin klanı İstanbulda avtoritet Gela Kardavanın klanının üzvlərini qəddarcasına döymüşdü. Bu hadisədən cəmi bir gün sonra Türkiyə paytaxtında digər "qanuni oğru - "Qoca” ləqəbli Əlibala Həmidov öldürüldü. "Qoca”nın başını beysbol ağacı ilə əzib sonra güllələmişdilər.

Deyilənə görə, bütün bu hadisələrin kökündə iki azərbaycanlı "qanuni oğru”nun - Rövşən Lənkəranski ilə Nadir Səlifovun ("Lotu Quli”) arasındakı düşmənçilik durur. Son vaxtlar bu konfliktə daha bir azərbaycanlı "qanuni oğru” - Əli Heydərov (ləqəbi "Albert Rıjıy”) da qoşulub.

Məlumdur ki, "Lotu Quli” hazırda Azərbaycanda, 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəksə də, özü kimi "oğru tacı” daşıyan doğma qardaşı Namiq çöldə onun maraqlarını qoruyur. O da ehtimal edilir ki, Türkiyədəki son olay "Quli” ilə "Albert Rıjı”nin klanları arasında baş verib.

"Oğru dünyası”nda baş verənləri şərh edən Penitensiar Xidmətin sabiq rəisi, Məhbuslara Yardım Assosiasiyasının rəhbəri Məmməd Zeynalov "Şərq”ə açıqlamasında Türkiyədə "qanuni oğrular” üçün münbit şərait olduğunu dedi:

- Son illər "qanuni oğrular”ın Rusiyada fəaliyyəti bir qədər çətinləşib. Xatırlayırsınızsa, xüsusən Dmitri Medvedyev Rusiya prezidenti olduğu illərdə "qanuni oğrular” sıxışdırılmağa, həbs edilməyə başladı. Bəllidir ki, Medvedyev hüquqi prezident olsa da, hakimiyyət bilavasitə Vladimir Putinə mənsub idi və Putinin də "oğru türmədə olmalıdır” frazası məşhurdur. Bu gün də o siyasət davam edir. Yəni, Rusiyada imkanlar getdikcə daraldıqca, "qanuni oğrular” özlərinə başqa məkan seçmək məcburiyyətində qalırlar və ilk olaraq da Türkiyənin üzərində dayanırlar. Çünki Türkiyə demokratik dövlətdir, orada hüquq çox güclüdür. Kiməsə, "sən oğrusan, səni tuturuq” deyib həbs etmirlər. Belə bir ənənə Türkiyədə yoxdur. Türkiyədə bir hind filmində deyildiyi kimi, "oğru oğurluq edən zaman oğrudur” prinsipi hakimdir. Orada kimisə əsaslı səbəb, fakt, konkret qanun pozuntusu, cinayət əməli olmadan tutmurlar. "Qanuni oğrular” da Türkiyədə iş adamı, biznesmen kimi fəaliyyət göstərirlər. Dövlətin qanunlarına riayət edərək, hüquqi çərçivədə yaşayırlar və heç kim də onlara basqı etmir. Türkiyədə Avropa qanunları işləyir. Bu mənada Türkiyə "qanuni oğrular” üçün daha münbitdir, normal insanlar kimi yaşayırlar, fəaliyyət göstərirlər. Bir neçə nəfərin arasında dava olub deyə, onları ölkədən çıxarası deyillər. Dava adi vətəndaşlar arasında da baş verir. Polis müdaxilə edir, günahkarlar məntəqəyə aparılır, normal qaydada sorğu-sual edilirlər, iş bitir. Sadəcə, "bu oğrudur” deyib, kimisə həbs etmirlər. Həbs üçün tutarlı əsas olmalıdır.

M.Zeynalov bildirdi ki, "oğru klanları” arasındakı dava nüfuz savaşıdır:

- "Oğru dünyasında” nüfuz savaşı həmişə olub, olacaq da. Bu məkanda hər bir klan öz nüfuz dairəsini genişləndirmək uğrunda savaşır. Kimin dairəsi genişdirsə, o da üstün sayılır. Məsələn, hələ də MDB məkanında nüfuz dairəsinə görə gürcülər birincidir. Çünki onlara itaət edənlərin, üzvlüyə qoşulanların sayı çoxdur. Gürcülər bu çoxluğa görə birincidirlər. Bizimkilər çalışır ki, gürcü klanı ilə münasibətləri korlamasınlar. Klanlarda azərbaycanlılarla yanaşı, ruslar, gürcülər də ola bilər. "Oğru dünyası”nda heç vaxt millət söhbəti olmur. Gürcü klanında azərbaycanlı da, başqa millətlərin nümayəndələri də təmsil olunur, eləcə də, azərbaycanlı "qanuni oğru”ların dəstəsində belədir. Nadir Səlifovla Rövşən Lənkəranskinin nüfuz savaşı aparması tamamilə gözləniləndi. Nadir Səlifov bilirsiz ki, 8 saylı cəzaçəkmə müəssisəsində saxlanır. Rövşən Lənkəranskinin məkanı isə bəlli deyil. Sorağı gah Dubaydan gəlir, gah Türkiyədən. Albert Rıjıy deyilən adamın "taclanmış oğru” olduğu hələ bilinmir. Oğru aləmində bir var, tanınmışlar, tac almış "oğrular”, bir də var, "cəhd edənlər”, bu yolda olanlar. Ola bilsin, Albert Rıjıy tac almağa səy edənlərdir və özünü təsdiq etmək istəyir. Onların savaş yeri olaraq Türkiyəni seçmələri də təsadüfi deyil. Bayaq sadaladığımız şərtlər onların Türkiyədə sərbəst fəaliyyətinə imkan verir.

Məlahət Rzayeva