“İŞİD kənardan ona tapşırılan əmrləri yerinə yetirir”

Fazil Mustafa: “Artıq bundan sonra hər hansı şəkildə birləşmiş, güclü İraq dövlətinin olması mümkün deyil”
Məhz Türkiyənin hədəf seçilməsi isə bu işin elə-belə olmadığını və hara bağlandığını aydın göstərir




İraqda baş verən son proseslər Yaxın Şərqdə yeni bir ssenarinin işə düşdüyünü göstərir. İraq-Şam İslam Dövləti (İŞİD) adlanan terror qruplaşmasının həyata keçirdiyi əməliyyatlar bölgədə baş verən siyasi proseslərə yeni istiqamət verib. Türkiyə konsulluğuna basqın, Tikrit, Mosul, Samirə şəhərinin nəzarətə götürülməsi, Bağdadın 100 kilometrliyinə qədər irəliləmə, Kərkük və Kərbəlanın əsas hədəf kimi göstərilməsi bölgədə iştirakçı olan bütün dövlətləri hərəkətə keçmək məcburiyyətində qoyub. Suriya və İran Maliki iqtidarına dəstək verməyə hazır olduqlarını bildiriblər.

İran prezidenti Həsən Ruhani İŞİD təşkilatını "vəhşicəsinə hərəkət edən terror təşkilatı” adlandırıb və inqilab mühafizləri dəstəsini İraqa göndərib. İrana bağlı olan "Hizbullah”da savaşmağa hazır olduqlarını deyib. Bununla kifayətlənməyən baş nazir Maliki BMT, Avropa Birliyi və Ərəb Birliyinə də müraciət edərək "terrorla mübarizə” məqsədi ilə onlara dəstək olmalarını xahiş edib. Hətta ordudan ümidini kəsən baş nazirin əşirətlərə silah paylanması ilə bağlı göstəriş verdiyi də bildirilir. Qeyd edək ki, rəsmi Bağdad İŞİD-in arxasında ABŞ-ın olduğunu söyləyir. Çünki ABŞ prezidenti və NATO-nun baş katibi İraqa hərbi müdaxilə etməyəcəklərini deyirlər. Səbəb isə budur ki, Qərb İraqda baş verənləri ölkənin daxili məsələsi adlandırır. Əslində İŞİD-in meydana çıxması və sərbəst yayılması ilə bağlı bir çox versiyalar var. Amma məsələnin ciddiyyəti ondadır ki, bir neçə radikal qruplaşmanın üz-üzə gəlməsi dini zəmində ciddi məzhəb qarşıdurması yarada bilər. Əlbəttə, bunun nəticəsi bütün müsəlman ölkələri üçün ağır olar.

Bu barədə "Şərq”in suallarını cavablandıran Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyir ki, İŞİD Qərbin agenturası içində formalaşan bir ordu birləşməsidir...

- Həqiqətən İraq hökuməti terror dəstəsi qarşısında bu qədər zəifdirmi, yoxsa İŞİD-in arxasında güclü ölkələr, maraqlı qüvvələr var?

- İŞİD sırf Səddam Hüseyn dönəmindən sonra xüsusi nəzarət altında formalaşıb. "Böyük Ortadoğu” proyektində də yer aldığı kimi bölgədə üç ünsürdən ibarət bir dövlət yaratmaq nəzərdə tutulurdu. Məqsəd isə odur ki, İraq güclü bir dövlətə çevrilməsin və İsrail üçün təhlükəli ölkə halına gəlməsin. Yəni burda əsas qayə üç ünsürün - sünnilərin, şiələrin və kürdlərin ayrı-ayrılıqda İraqda dövlət formalaşdırmasıdır. Eyni zamanda İraq rəhbərliyi tərəfindən digər bölgələrə nəzarət etmək imkanının məhdudluğu da göstərilir. Əslində İraq hökuməti də bu məsələnin içində yer alır. Çünki İraq rəhbərliyi ayrıca, müstəqil düşünən insanlardan ibarət deyil. Onlar birbaşa ABŞ-ın istədiyi formada düşünən, Qərblə müttəfiq olan bir hökumətdir və İsrailə tam bağlı fəaliyyət içindədir. Yəni hər iki tərəf eyni mənbədən idarə olunur. Fikir verirsinizsə, İŞİD-in hədəfində hər hansı kafir adlanan, düşmən kimi qələmə verilən toplumlar deyil, məhz İraq və Suriya ərazisində olan müsəlmanlardır. Bu istiqmətdə xarici kəşfiyyat səviyyəsində çox yüksək işlər görüldü. Məqsədyönlü şəkildə İraq yönətiminin sünniləri hakimiyyətdən kənarda saxlaması, onları ikinci sinif kateqoriyasında görməsi, digər məzhəblərin və əşirətlər bu hərəkata dəstək verməsinə səbəb oldu. Məsələnin əsas kökü budur.

- İddialara görə, İŞİD-in arxasında dayanan ABŞ və İsrail şiə məzhəbinə mənsub olan müsəlmanları hədəf seçərək İranı hərbi əməliyyatlar meydanına çəkmək istəyir. Sizcə, bu iddia nə dərəcədə doğrudur? Əgər belədirsə, İranı bu şəkildə "aldatmaq” mümkün olacaqmı?

- Əslində iddialar çoxdur. Ancaq hələ ki bunları konkretləşdirmək çətindir. Çünki sözügedən problemi ortaya atan qüvvələr ilk olaraq böyük bir xaosun yaradılmasını nəzərdə tutublar. Artıq bundan sonra hər hansı şəkildə birləşmiş, güclü İraq dövlətinin olması mümkün deyil. İranı hərb meydanına çəkmək taktikasının düşünüldüyünü də istisna etmirəm. Amma fikrimcə, bu hadisələr daha çox kürdlərin işinə yarayan variantdır. Çünki kürdlər fürsətdən istifadə edərək Ərbili tamamilə ələ keçirtdilər və ümumiyyətlə türkmən amilini aradan qaldırdılar.

- Türk konsulluğuna basqın edildikdən sonra İraqdakı türkmənlərə də hücum oldu. Ancaq Türkiyə hərbi güc tətbiq etməyə tələsmir. Sizcə, qardaş ölkənin ehtiyatlı mövqeyi düzgündürmü?

- Çox təəssüf ki, Türkiyənin uzaqgörməyən siyasəti nəticəsində bölgə tamamilə rəsmi Ankaranın nüfuz dairəsindən çıxıb. Əslində Türkiyənin siyasəti qarışmamaq yox, çox naşı bir formada qarışmaq siyasətidir. Naşı formada qarışmağın nəticəsi də göz önündədir. Türkiyə bölgədə kürdlər vasitəsilə türkmənlərin qorunması xəttinə üstünlük verirdi. Amma günümüzdə bu siyasət iflasa uğradı. Türkiyədə daha çox kürdlərə diqqət yetirmə siyasəti önə çıxdı. Xüsusilə də, kürd muxtariyyəti məsələsində böyük görünən, əslində neft maraqlarını təmin etmək məqsədi ilə kiçik bir gediş edildi. Amma Türkiyədə siyasi qüvvələr bunu qəbul etmək istəmirdilər və deyirdilər ki, neft maraqları kürdlərin idarə edə biləcəyi iş deyil. Çünki İraqda ABŞ-ın, Böyük Britaniyanın qarışdırıcı fəaliyyətini nəzərə almaq lazımdır. İndi İŞİD-in arxasında duran bu güclər öz niyyətlərini həyata keçirirlər. Bundan sonra Türkiyədə benzin bahalaşacaq. Çünki İraqdan gələn Kərkük-Yumurtalıq neft boru kəməri terror qruplaşmasının əlinə keçib. Bir məsələni də qeyd edim ki, İŞİD-in Türkiyə konsulluğunu girov götürməsi birbaşa həmin təşkilatın prinsiplərinə ziddir. Əgər qruplaşma sünni prinsipi ilə fəaliyyət göstərirsə, onda niyə sünni türk konsulluğuna hücum edirdi? Bu amil onu göstərir ki, İŞİD kənardan ona tapşırılan əmrləri yerinə yetirir. Məhz Türkiyənin hədəf seçilməsi isə bu işin elə-belə olmadığını və hara bağlandığını aydın göstərir.

- Qeyri-sünnilərin hədəf alınması və xeyli sayda şiənin öldürülməsi qarşısıalınmaz məzhəb qarşıdurması yarada bilərmi? İranlı ayətullahlar cihad fətvası verməyə başlayıblar...

- Dediyiniz qorxulu qarşıdurma artıq yaranıb. İndi həmin proses gedir. İŞİD-in şiələrlə bağlı mövqeyi bəllidir. Eşitdiyimə görə, Ayətullah Sistani də İŞİD-ə qarşı cihad fətvası verib. Bu işin arxasında Səudiyyə Ərəbistanı və Küveytin dayandığı da bildirilir. İstənilən halda bu qarşıdurma İslam dünyası üçün yeni bir biabırçılıq və məğlubiyyətdir.

- İŞİD Azərbaycanı da təhdid etdi və burada şəriət dövləti yaradacağını bildirdi. Deyilənə görə, xeyli sayda azərbaycanlı adıçəkilən terror qruplaşmasının tərkibində döyüşür...

- Zənnimcə, müstəqillik məsələsində Azərbaycana ən böyük təhdid Rusiya vasitəsi ilə ola bilər. Ərəb ölkələrindən gələ biləcək təhdidləri, təhlükələri ciddi hesab etmirəm. Həmin qruplaşmanın tərkibində azərbaycanlıların çox olması da mahiyyət kəsb etmir. Çeçenistandakı radikal dini örgütlərdə də xeyli sayda azərbaycanlı vuruşur. Amma biz bunun təhlükəsini görmədik. Ölkəyə təhdid ancaq daha böyük güclər vasitəsi ilə mümkündür.

İsmayıl