Yenə bahalıq, yenə əzab...

Yayda Azərbaycanda istirahət etmək əməlli-başlı müşkülə çevrilib



Yay fəsli bütün özəllikləri ilə boy göstərdiyi bir vaxtda əsas problem yenə də harada istirahət etməkdir. İstirahət sarıdan məsələ həqiqətən qəlizdir. Öyməyə qalsa, ölkəmiz haqqında xoş sözlər nə qədər istəsən, demək olar. 11 iqlim qurşağından 9-u, füsunkar təbiət, tarixi abidələr, dadlı mətbəx... Əslində, istirahət və turizm üçün hər cür təbii şərait və sosial infrastruktur var. Qalır, bircə büdcə - cibin nə dərəcədə dolu olması ki, insanların şirin istirahətini bəri başdan "zəhərə döndərən” də elə budur.

Cib boşdursa - istirahət mərkəzində dincəlməyə yetərli miqdarda pul yoxdursa, ümid qalır, mənzildə kondisioner altda yatıb, axşamüstülər, uzaqbaşı, yaxınlıqdakı parkda təmiz hava almağa, təbii, əgər park varsa. Ölkədə istirahət mərkəzlərinin bahalı olmasından dəfələrlə danışılıb. Xarici ölkələr, qonşu Gürcüstan və Türkiyə ilə qiymət müqayisələri də aparılıb və həmişə də, biz qonşularımıza bahalı qiymətlərimizlə "uduzmuşuq”.

Gürcüstanda 1 həftəlik 7 nəfərlik 500 manatlıq istirahət

Məsələn, jurnalist həmkarımız Ayyət deyir ki, dostları ötən yay elə bu zamanlar Gürcüstana 1 həftəlik səfərə gediblər. Şəxsi maşınları ilə. 7 nəfər həmkəndlisi ümumilikdə 500 manat cəmləyib. 500 manatı gürcü puluna çevirəndə 1000 lari edib. 7 nəfər 1000 larini əllərinə alıb Gürcüstanın görməli yerlərini gəziblər. Tiflisdə, Batumda olublar, Qonaq olduqları məkanlarda otellərdə gecələyiblər. Hətta Tiflisdə məşhur, qədim türk hamamında da dincəliblər. Qısası, 1 həftə ərzində yeyib-içib, könülləri istədiyi kimi gəzib-dolaşıblar. Bu kefli səfər adambaşına, ortalama 72-73 manat tutub. Gəlin, düşünək, həmin pula Azərbaycanda harada, həm də bir həftə ərzində dincəlmək olar?

Bizcə, beynimizi yormağa ehtiyac yoxdur. Çünki belə bir hal bizdə mümkün olan deyil.

İstirahət mövzusu bizim yerli istirahət mərkəzlərinin qiymətlərinə nəzər salmaq məcburiyyəti yaratdı. Bir-ikisinin internet səhifəsinə daxil olub məlumat aldıq.

Əhalinin ən çox üz tutduğu Nabran istirahət zonasında qiymətlər "əl yandırır”. Məsələn, "Atlant” istirahət mərkəzində mövsümün qızğın vaxtı 15 iyun - 1 sentyabr arasında 1 sutka qalmaq 55-85 manatdır. Həm də yeməksiz. Koteclər 110-165 manat. İsveç masasında səhər yeməyi 4, nahar 8, şam 7 manat.

"Lotos” istirahət mərkəzində qalmaq xərci 30 manat, nahar 8, şam yeməyi 6 manatdır. "Oskar”da 3 nəfərlik 1 otağın qiyməti 15-55 manat arasındadır (yeməksiz). Bizcə, Gürcüstanla fərq göz önündədir.

İstirahət mövsümü ilə bağlı Modern.az saytında da maraqlı materiallar dərc edilib. Millət vəkilləri gəzdikləri və istirahət etdikləri ölkələrdən danışırlar və rəyi soruşulanların demək olar ki, hamısı ölkəmizdə istirahət qiymətlərinin çox baha, xidmət səviyyəsininsə aşağı olduğunu deyirlər.

"Palıdlı sahil” və... Pyatiqorsk

Millət vəkili Elmira Axundova hazırkı qiymətlərin əhalinin aztəminatlı təbəqəsinin imkanları xaricində olduğunu deyib və reallığı konkret rəqəmlərlə göstərib: "Əgər Türkiyədə bir həftəlik istirahətə 1 nəfər üçün 700 dollar ödənilirsə, Azərbaycanda bir həftəyə 2-3 min manat tələb olunur. Mən çıxış yolunu Sovet vaxtındakı kimi Həmkarlar İttifaqı vasitəsilə, sanatoriyalar, pansionatlar sistemində insanları güzəştli yollayışla istirahətə göndərməkdə görürəm”. Millət vəkili Hadı Rəcəbli isə "ən gözəl yer Azərbaycandır” deyərək insanlarımızı yerli istirahət mərkəzlərinə dəvət edib və "Palıdlı sahil” istirahət mərkəzinin adını xüsusilə vurğulayıb.

"Palıdlı sahil”in qiymətləri ilə də tanış olduq. Burada may-sentyabr aylarında V.İ.P. oteldə otağın qiyməti 80-150 manat, apartament 100-150, 3 otaqlı kotec 170, 2 otaqlı kempinq 120 manatdır.

Amma, məsələn, məşhur Qafqaz Mineral Suları istirahət-sanator zonasına daxil olan Pyatiqorskda bir nəfərin bir günlük xərci cəmi 1810 rubldur - yəni 41 manat 26 qəpik. Digər şəhərlər - Kislovodsk, Yesentukidə də aşağı-yuxarı belə qiymətlərdir.

Bəs, ümumilikdə turizm, istirahət mərkəzləri ilə bağlı qiymət siyasəti niyə dəyişmir?

"Qaz vurub, qazan dolduran”lar...

İqtisadçı Samir Əliyev "Şərq”ə açıqlamasında bildirdi ki, turizmin inkişafında iki əsas şərt var: ya ucuz qiymət, ya keyfiyyətli xidmət. Məsələn, Asiya ölkələrində qiymət ucuzdur, Avropada keyfiyyət yüksəkdir. Dərd burasındadır ki, bizdə bunların heç biri yoxdur. Qiymət bahadır, keyfiyyətsə aşağıdır. Bizim otellərdə xidmətin keyfiyyəti "ulduz”ların sayı ilə tərs mütənasibdir. Ayrı-ayrı bölgələrdə bahalı otellər tikilib. Kim gedir o otellərə? Orta səviyyəli azərbaycanlı gedib o otellərdə qala bilərmi? Xeyr. Həmin otellərdə ancaq müəyyən məmurlar, oliqarxlar qalır, bir də ki, müəyyən regional, beynəlxalq tədbirlər olanda xarici qonaqlar. Biz turizmin inkişaf etməsini istəyiriksə, bölgələrdə kiçik həcmli, ancaq normal şəraiti olan, orta azərbaycanlının büdcəsinə uyğun mehmanxanalar tikməliyik. Bilirsiz, bütün dünyada qəbul olunmuş qayda budur ki, turistə 5 "ulduz”lu, 7 "ulduz”lu otel lazım deyil. Turist oteldə qalmağa getmir. Turistə gecəni hardasa keçirmək lazımdı. Onun üçün maraqlı da deyil, heç sərfəli də deyil ki, 5 və ya 7 "ulduzlu” oteldə gecələsin. Turist gəzmək, maraqlı, tarixi abidələr görmək, getdiyi ölkə ilə mümkün qədər çox tanış olmaq istəyir. Bunun üçün də gərək tur-gəzintilər təşkil edilsin, görməli yerlər göstərilsin. Azərbaycanda gəzməli yer haradır? Bir dənə həqiqətən də füsunkar görünüşə malik Göy-Gölümüz var, o da qapalı zonaya çevrilib. Sıravi adamlar ora buraxılmır, turistlər də getmir. Son illər Qəbələ inkişaf edib. Orada da, yenə bahalı otellərdir. Ayrı-ayrılıqda gözəl təbiət mənzərələri olan yerlərimiz var, İsmayıllı, Şəki kimi. Ancaq orada infrastruktur problemi var. Tutalım şəlalə gözəldir, amma yolu pisdir, gedib çıxmaq olmur. Şəkiyə gedən avtomobillər ilişib qalır yolda və s. Mənzərə gözəldi, ətrafı zibillikdir. Təhlükəsizlik, xidmət, servis məsələləri də həllini tapmayıb. Belə problemlər var ki, bunlar hamısı ümumilikdə turizmin inkişafını əngəlləyir.

İkinci ən böyük səbəb rəqabətin olmamasıdır. Rəqabət olmadığına görə qiymətlər də bahadır, keyfiyyət də aşağıdır. Bir istirahət mərkəzi 10-15 nəfəri qəbul etməklə özünü dolandırır. Onun üçün qiyməti aşağı salmaq sərfəli deyil. Çünki qiymət aşağı salınsa, gələnlərin sayı artacaq, müştəri çoxalacaq, bu zaman həmin istirahət mərkəzi adamları qəbul edib xidmət göstərə bilməyəcək. Bizim istirahət mərkəzlərinin əksəriyyəti azsaylı müştərilər üçün uyğundur. Çoxsaylı müştərilərə xidmət göstərmək bacarığına malik deyillər. İstirahət mərkəzləri azsaylı müştəri ilə qazanc əldə edir. İstirahət mərkəzlərinin mövsümlə əlaqədar vergilərinin azaldılması təklifini də effektiv saymıram. Bu, bizə heç nə verməyəcək. Daxili turizm həmişə ucuz olmalıdır. Qayda belədir. Bizdə isə əksinədir. İnsanlar müqayisədə qonşu ölkələrdə dincəlməyin ölkədə dincəlməkdən daha üstün olduğunu görürlər. Və təbii olaraq düşünürlər ki, 500 manat burada xərcləyib, istədiyim xidməti görməyəcəyəmsə, yaxşısı budur, 500 manata Antalyaya səfər edim. Xarici ölkələr həmişə insanları cəlb edir. İnsanlar bu amillə hərəkət edir ki, pul xərcləyirəmsə, yaxşı yerə xərcləyim. Yerli istirahət imkanları daha ucuz olmalıdır ki, sadəcə, istirahət etmək niyyətində olanlar özümüzün istirahət məkanlarını seçsinlər.

Bir məsələ də, reklam işləri ilə bağlıdır. Bizdə reklam siyasəti də düzgün qurulmayıb. Baxın, Rumıniyaya səfər edənlərin hamısı Qraf Drakulanın qəsrini görmək istəyir. Əslində, orda görməli heç nə yoxdu, amma bu qraf haqqında o qədər əfsanələr yayılıb ki, hamı oranı görmək istəyir. Qəsrin önündə və ya içərisində şəkil çəkdirirlər. Bizdə görməli yer bir Qız qalasıdır, bir də Şirvanşahlar sarayı. Qız qalası haqqında əfsanəni özümüzdən başqa heç kim bilmir. Ölkə haqqında maraqlı məlumatlar, əfsanələr, rəvayətlər "uydurub” yaymaq lazımdır. İndi internet əsridir. Hansısa xarici Azərbaycan haqqında bura gəlməmiş maraqlı informasiyalara malik olmalıdır ki, onda bu ölkəni görməyə istək oyansın.

"Yalovada 1 manat, Nabranda 100 manat”

İqtisadçı-alim Zahid Məmmədov da Azərbaycan vətəndaşlarının zor şərtlər altında istirahət etdiyi fikrindədir:

- Türkiyədə bu işlər çox gözəl təşkil olunub. Orada bələdiyyələr gəzinti, istirahət parkları salır, ucuz qiymətə insanlara "lüks” xidmət təklif edirlər. Təsəvvür edin ki, Türkiyənin ekoloji cəhətdən ikinci şəhəri statusunu qazanmış Yalovada bizim pulla cəmi 1 manata 24 saat kef edirsən. Amma Nabranda ən azından gərək 100 manatın ola. Həmin 1 manata bütün gərəkli məsələlər daxildi. Təhlükəsizlik məsələlərindən tutmuş, təcili tibbi yardıma qədər. Bəs Nabranda sənə nə verirlər? Bir kotec. Yeməyi gərək özün alasan. Türkiyədə bu işlərlə bələdiyyələr məşğuldu. Əraziləri alır, istirahət məkanı halına gətirirlər. Yüksək səviyyədə servis təşkil olunur. Orada ətraf çevrəyə münasibət fərqlidir. Əvvəlcə, insanlarda düşüncə dəyişməlidir, ekologiyaya, ətraf aləmə münasibət dəyişməlidir. Türkiyədə ən super parkda əyləşirsən, ətrafda bir səs-səda olmur. Heç kəsin səsi çıxmır. Türkiyəlilər ətraf aləmə bacardıqca az zərər vurmağa çalışırlar. Amma bizimkilər meşəlikləri bərbad günə qoyur, harda əyləşirlər, oranı zibilləyirlər. Meşəyə istirahətə gedən mütləq mənada kabab yemək istəyir. Paytaxtda da eyni vəziyyətdir. Şəhər kabab tüstüsünə bürünüb. Bura kənd deyil, şəhərdir. Kabab tüstüsünü yığışdırmaq lazımdı. Tüstüdə ağac böyüməz, yaşıllıq olmaz. Maariflənməyə birinci özümüzdən başlamalıyıq. Bələdiyyələr nəhayət ki, öz funksiyasını yerinə yetirib parklar, yaşıllıqlar salmalıdır və onları da əhalinin istifadəsinə verməlidir. Cüzi qazancla böyük gəlirlər əldə etmək mümkündür, həm də dövlət büdcəsinə ödəmələrlə. Amma bir qrup insan, yaşıllıqları, istirahət yerlərini, təbiəti özəlləşdirib, pul qazanır. Nə insanlar normal istirahət edir, nə də ki, turizmdən qazanc əldə olunur.

Məlahət Rzayeva