Jurnalist Mətanət İsgəndərli ilə barışmaq istəyir

Lakin müğənninin vəkili buna mane olur

Müğənni Mətanət İsgəndərli onun narkoman olması ilə bağlı xəbər yayan aznews.az saytının baş redaktoru Elçin Zahiroğlunu və portalın əməkdaşı İntiqam Əliyevi məhkəməyə verib. Müğənni Nərimanov Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək hər iki jurnalistin böhtana görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Artıq məhkəmənin hazırlıq iclası da keçirilib. Növbəti məhkəmə prosesi isə iyunun 25-ə təyin olunub.
Məhkəmə ilə bağlı «Şərq»ə danışan Elçin Zahiroğlu deyib ki, xəbərə baxa bilsəydi, yazını başqa cür verərdi. Yəni yazını elə işləyərdim ki, burada məhkəmə predmeti bu qədər açıq olmasın. Yazının belə getməsini istəməzdim. Peşəkarlıq baxımından xəbərin bu formada təqdim olunması düzgün deyildi.
Mətanət xanımın narkoman olması iddiasına gəlincə, yəqin onu yazan əməkdaşımızın əsasları var. O əsaslar nədən ibarətdir, vaxtı gələndə açıqlanar. Əlbəttə, heç nədən götürüb kiminsə haqqında o cür yazı yazmaq olmaz. Bu əsaslar nədən ibarətdir, gərək jurnalist özü açıqlasın.
Portalın əməkdaşı İntiqam Əliyev isə "Şərq”ə bildirib ki, vəkilləri vasitəsilə qanun çərçivəsində öz hüquqlarını müdafiə edəcək”.
İ.Əliyev müğənni ilə barışmaq istədiklərini də gizlətməyib: "Barışıq olmasını istərdik. Bu, yalnız bizdən asılı deyil. Mətanət xanımın vəkilinin hərəkətlərindən hiss olunur ki, barışığın olmasına mane olur. Məsələn, dünənki prosesdə hakim müşavirə otağına yollananda, onun vəkili ilə mübahisəmiz yarandı, etikadan kənar ifadələr səsləndirdi. Biz Mətanət xanımla razılığa gəlməyə başladıqda, onun vəkili məsələni yenidən qızışdırdı. Bugünkü (dünənki), məhkəmə prosesində Mətanət xanım məhkəməyə gələn zaman bizimlə salamlaşır. Bir-birimizə düşmən mövqe sərgiləmirik. Biz mətbuatla müğənni arasında olan məsələlərin məhkəmədə həll olunmasının tərəfdarı deyilik”.