Azərbaycanda qorxunc tendensiya: 1204 yeniyetmə qadın abort edilib

Ölkədə abortla bağlı vəziyyətin statistikası açıqlanıb





Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutu yeni rəqəmlər açıqlayıb. Lent.az-ın məlumatına görə, institutun elmi katibi Leyla Məmmədova tibb.az-a bildirib ki, 20 yaşa qədər qadınların hamiləliklərinin 13 faizi, 20-24 yaşlı qadınların hamiləliklərinin 28 faizi, 25-34 yaşlı qadınların hamiləliklərinin 58 faizi, 35-44 yaşlı qadınların hamiləliklərinin 75 faizi süni abortla başa çatır.

2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069 nəfərdir.

Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş 2,9 faiz, 15-17 yaş 0,6 faiz, 18-19 yaş 6,1 faizdir. Ümumiyyətlə, hamiləlik zamanı itkilərin əksəriyyəti süni abortlar - 40.9 faiz, daha sonra uşaqsalma 6 faiz və ölü doğuş 0.4 faiz nəticəsində baş verir.

Leyla Məmmədova əlavə edib ki, 2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17 min 500 idisə, 2012-ci ildə artıq bu göstərici 31 min olub.
Statistikada əsas diqqəti çəkən məqam yetkinlik yaşına çatmayan 15-17 yaş arası 135 nəfərin abort olunmasıdır.