1 milyonluq maşının sahibi polisə 20 qəpik verdi - Bakıda






"Rols Royce" markalı avtomobilin sürücüsü DYP əməkdaşına 20 qəpik verərək sənəd təqdim etməyib.
Bakıda yol polisinə qarşı təhqiramiz hərəkət edilib.
Bu barədə hadisə şahidləri məlumat verib. Bildirilir ki, iyunun 25-də saat 12-1 radələrində 28 may küçəsində dövlət nömrə nişanının seriyası 100 olan göy rəngli "Rols Royce" markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozaraq nəqliyyat vasitəsini aerokassalar olan tərəfdə, Səməd Vurğun bağının kənarında saxlayıb. Sürücüsü isə maşından düşərək uzaqlaşıb. Bu zaman 10 YP 318 dövlət nömrə nişanlı yol-patrul xidməti maşını həmin əraziyə yaxınlaşıb. Yol polisi əməkdaşları həmin avtomobilə yaxınlaşaraq bir müddət sürücünü gözləyiblər. Sürücü geri qayıdıb maşına yaxınlaşarkən yol polislərindən biri ona yaxınlaşaraq salamlaşıb. Polis əməkdaşı burada avtomobil saxlamağın qadağan olunduğunu bildirdikdə sürücü ona kobud cavab verib. "Saxlamışam, yaxşı eləməmişəm. Nə deyirsən?"-deyə, sürücü yol polisinə cavab verib.

Hadisə yerinə onlarla vətəndaşın toplandığını görən yol polisi əməkdaşı dərhal hərbi salam verərək özünü təqdim edib və sürücüdən sənədlərini tələb edib. Lakin sürücü yenə də ona ağır tonda cavab verərək sənədləri təqdim etməyib. Sonra isə gənc sürücü yol polisinə «deyəsən, şirinlik istəyirsən» dedikdə, yol polisi əməkdaşı gülümsəməyə başlayıb. Bunu görən sürücü maşına oturub və avtomobildəki kiçik yük yerindən 20 qəpik götürərək yol polisinə uzatmaqla "bu da sənin şirinliyin, al, götür, bayaqdan elə buna görə dayanmısan" deyib. Vəziyyətin qəlizləşdiyini, insanların onlara güldüyünü görən yol polislərindən biri kənara çəkilərək YPX maşınına minib. Sürücüdən sənəd tələb edən yol polisi isə israrla öz tələbini təkrar edib. Bu zaman həmin maşından idmançı cüssəli bir gənc düşərək yol polisini qucaqlayıb kənara çəkib. O, yol polisinə «get otur maşınına, çıx get, görürsən əsəbidir, get burdan» deyərək polisi oradan uzaqlaşdırıb. İnsanların yanında pərt olan yol polisləri dərşal maşına minərək oradan uzaqlaşıblar.

Qeyd edək ki, "Rols Royce" markalı avtomobillərin qiyməti 1 milyon avrodan çoxdur./anspress/