Amerikalı səfir: “Türkiyənin Ermənistanla sərhədi açması əsas hədəflərimizdəndir”






Türkiyə-Ermənistan əlaqələrinin normallaşması ABŞ hökumətinin prioritet məqsədlərindən biridir. Musavat.com-un məlumatına görə, bu sözləri "Amerikanın səsi” radiosunun erməni redaksiyasına müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern deyib.

Diplomat vaxtilə Türkiyəni sərhədləri açmağa məhz Vaşinqtonun təşviq elədiyini xatırladıb. "Sürixdə imzalanan protokollar məhz bu məqsədə xidmət edirdi və hansısa ayrı niyyət güdülmürdü”, - deyə o vurğulayıb. Onun sözlərinə görə, protokolların imzalanması "cəsarətli addım” olub.

"Bəs Amerika Türkiyə rəhbərliyini təşviq edə bilərmi ki, Serj Sərkisyanın dəvətini qəbul edib "soyqırımın” 100 illiyində Ermənistana baş çəksin” sualına cavabında səfir "Bu barədə Ankara özü qərar verməlidir” deyib və baş nazir Rəcəb Tayyib Ərdoğanın bu ilin aprelində erməni xalqına başsağlığını irəliyə doğru addım adlandırıb: "Biz bacardığımız köməyi göstərməkdə davam edəcəyik”.