Rusiya işğaldakı 3 rayonu Azərbaycana qaytarır

Vəfa Quluzadə: “Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır”
Ərəstun Oruclu: “Durum çox mürəkkəbdir. Bir tərəfdən Rusiya, bir tərəfdən də qərb Azərbaycanı sıxışdırır”


İşğal altında qalan üç rayonun qaytarılması məsələsi gündəmə gəlib. Belə ki, Rusiyanın səyi ilə Ermənistan Azərbaycanın 3 rayonunu geri qaytaracaq, Azərbaycan da Avrasiya İttifaqına qoşulacaq. Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın Avrasiya İttifaqına üzv olacağı təqdirdə işğal olunmuş rayonların bir neçəsinin geri qaytarılacağı ilə bağlı məlumatlar yayılıb.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Ermənistanın da razılığı alınıb və danışıqlarda Rusiya mühüm rol oynayır. Ü.Cəfərov Azərbaycan üçün kritik vəziyyət yarandığını qeyd edib. Onun fikrincə, üç rayonun qaytarılması qarşılığında Rusiya Avrasiya İttifaqına üzvlük şərtini irəli sürüb: "Xarici işlər nazirinin müavini Araz Əzimovun da çıxışlarından hiss olunur ki, üç rayonun qaytarılması razılaşdırılıb. Artıq buna hazırlaşırlar. Ermənistan da buna hazırdır. Rusiya əvəzində ermənilərə Avrasiya İttifaqına üzvlüyü, maddi dəstək və s. təkliflər vəd verib. Onlar da ikiəlli razılıq veriblər. Azərbaycana da şirnikləndirici vədlər verilir - üç rayonun qaytarılması şəklində. Odur ki, ortada bir erməni-rus fitnəkarlığı var. Rusiya Azərbaycana sərt şəkildə dirənib. Məhz Naxçıvanda, Əlibəylidə atışmalar da bir siyasi gedişdir. Halbuki, Rusiya tərəfindən planlaşdırılmış oyunlar aparılır. Son bir ay ərzində Roqozinin, Lavrovun Bakıya səfərləri, Lavrovun sonra İrəvana getməsi, ardınca Putinlə Əliyevin telefon danışıqları həlledici proseslərin getməsindən xəbər verir. Qərb isə Rusiyanın Qafqazdakı bu fəaliyyətini tamaşaçı kimi seyr edir. Hərbçi-ekspert hesab edir ki, riskli dövrdür. Rusiya Azərbaycanı sıxır. Rəsmi Bakı da təhlükələrlə üz-üzə qalmasın deyə, bu addımları atır. Unutmaq lazım deyil ki, zaman bizim ziyanımıza işləyir. Rusiya heç vaxt Qarabağ problemini bütövlükdə həll etməyəcək. Müdafiə Nazirliyi isə Statistika Komitəsinin işini yerinə yetirir. Hər gün rəsmi məlumat yayırlar ki, 40 dəfə atəşkəs pozulub, 45 dəfə güllə atılıb, 87 dəfə düşmən cavab atəşi ilə susdurulub. Müharibə başlayacağı nonsensdir. Burada sırf informasiya müharibəsi gedir. Düşmənin başladığı informasiya müharibəsini Azərbaycan da cavablayır”. Ü.Cəfərov qaytarılacaq rayonların adlarını da çəkib: Ağdam, Füzuli və Cəbrayıl.

"Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə bunun qeyri-real olduğunu bildirib: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə olarkən bəyanat vermişdi ki, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir dəxli yoxdur. Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Belarus yaradıb. Dağlıq Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da 3 rayonun Azərbaycana qaytarılması ilə bağlı yayılan fikirlərin əsassız olduğu qənaətindədir: "Adətən hansısa bir həlledici məqamda bu cür söz-söhbətlər yayılır. Azərbaycan siyasi bir məsələ ilə bağlı ciddi mövqe ortaya qoymalı olanda, beynəlxalq səviyyədə Azərbaycan qarşısında konkret tələblər qoyulanda, həmən Dağlıq Qarabağ problemi ilə bağlı müxtəlif spekulyasiyalar formalaşır. Anındaca bu məlumat mətbuat vasitəsi ilə ictimaiyyətə ötürülür ki, Rusiya Dağlıq Qarabağ problemini həll edəcək, yaxud da Qarabağətrafı rayonlar Azərbaycana qaytarılır. 3 rayonun Azərbaycana qaytarılması ilə bağlı yayılan məlumatlar da həmin serialdan olan növbəti bir seriyadır. Çox təəssüflər ki, bu cür məlumatlar mətbuatda geniş şəkildə müzakirə obyektinə çevrilir. Halbuki ictimai rəyi yayındırmağa hesablanıb. Böyük ehtimalla Azərbaycanın xarici siyasətinin müəyyənləşdirilməsi ilə bağlı düşdüyü durumdan diqqət yayındırılır. Durum isə çox mürəkkəbdir. Bir tərəfdən Rusiya, bir tərəfdən də qərb Azərbaycanı sıxışdırır. AŞ PA Azərbaycanda tədbir keçirir. Güman edirəm ki, Strasburqdakı tədbirin arxasınca belə bir tədbirin Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Deməli, Azərbaycana fürsət və Azərbaycandan gözləntilər kifayət qədər ciddidir. Ola bilsin ki, bu mərhələdə Azərbaycan xeyli çətinliklər və problemlərlə üzləşəcək. Məhz bu proseslərdən diqqət yayındırmaq üçün sınanmış bir mövzunu, Dağlıq Qarabağ problemini ortaya atırlar. Hesab edirəm ki, ortada çox ciddi məsələlər var və həmin müzakirələr ortaya çıxmasın deyə 3 rayonun qaytarılacağı gündəmə atılıb”. Dağlıq Qarabağ münaqişəsi istiqamətində Rusiyanın hər zaman fəal olduğunu vurğulayan politoloqun sözlərinə görə, Lavrovun səfərini, telefon danışıqlarını problemin həllində irəliləyiş kimi dəyərləndirmək doğru yanaşma deyil: "Son aylarda Rusiyanın fəallığı yetəri qədərdir. Əslində, Rusiya Azərbaycandan istədiyini alacağına dair ümidli deyil. Dağlıq Qarabağ probleminin həlli və ya işğal altında qalan 3 rayonun Azərbaycana qaytarılması istiqamətində hökumətin Rusiya ilə razılıq məsələsinə gəldikdə isə Azərbaycanın işğalda qalan torpaqlarının qaytarılması Rusiyadan asılıdırsa, Azərbaycan niyə 20 ildən artıqdır Ermənistanla danışıqlar aparıb, vaxt itirir?”

Şəymən