Ağ Ev Türkiyə-Ermənistan sərhədlərinin açılmasını yenə gündəmə gətirdi

Rəsmi Vaşinqton proqramın həyata keçirilməsi üçün münbit şərait axtarır



Amerikanın Ermənistandakı səfiri Con Xeffern Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasından və iki ölkə arasındakı sərhədlərin açılmasından danışıb. Diplomat bildirib ki, sözügedən məsələlər ABŞ hökumətinin prioritet məqsədlərindən biridir. "Surixdə imzalanan protokollar, məhz bu məqsədə xidmət edirdi və hansısa ayrı niyyət güdülmürdü”.

Səfirin bəyanatını şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Şərq”ə açıqlamasında qeyd edib ki, Surix protokolları imzalanarkən də sərhədlərin açılması layihəsinin müəllifi ABŞ olub: "Ağ Ev rəhbəri Barak Obama İstanbulda olarkən ciddi-cəhdlə çalışırdı ki, Azərbaycan prezidenti İlham Əliyev də onlarla birgə tədbirə qatılsın. İkili görüş çərçivəsində İ.Əliyevdən sərhədlərin açılmasına dair razılıq almaq istəyirdi. Amma dövlətimizin başçısı həmin səfərə getmədi. Bununla da sübut etdi ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür. Ölkənin milli maraqları hər şeydən üstündür”.

ABŞ-ın sərhədlərin açılması barədə layihədən indi də imtina etmədiyini deyən E.Nəsirlinin qənaətincə, rəsmi Vaşinqton proqramın həyata keçirilməsi üçün münbit şərait axtarır: "Ağ Ev layihədən Azərbaycan və Türkiyəyə müəyyən basqı vasitəsi kimi istifadə edir”.

Azərbaycan prezidentinin Avropa Şurası Parlament Assambleyasındakı çıxışına diqqət çəkən ekspert bildirib ki, bu çıxış müəyyən qüvvələrin xoşuna gəlməyib: "Bu baxımdan onlar təsir mexanizmlərini işə salmaq istəyirlər. İlk baxışdan unudulmuş məsələni yenidən gündəmə gətirirlər. Amma belə cəhdlərin heç bir nəticəsi olmayacaq. Ölkəmiz balanslı, çevik və çoxvektorlu siyasət yürüdür”.

Ayyət Əhməd