Amerikalı konqresmen Bakıda sərt danışdı

“Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, inildəyir, sağaldan yoxdur. Siyahıda daha hansı ölkə var?”




Ötən gün Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü yay sessiyasının ilk plenar iclası keçirilib. Toplantı ATƏT PA-nın prezidenti Ranko Krivokapiç aparıcılığı ilə baş tutub. Dünənki plenar iclasın gündəliyinə "Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən açıq-aşkar, kobud şəkildə pozulması” adlı qətnamə layihəsi salınıb.

Gündəliyə keçilməzdən əvvəl isə cari məsələlərə yer verilib.
Bundan sonra Ukraynadakı böhranın həlli ilə bağlı ATƏT-in Bakı Qrupu yaradılıb. Assambleyanın prezidenti Ranko Kirovkapiç Bakı Qrupunu elan edərək bildirib ki, Ukrayna ilə bağlı proseslər apreldən başlayıb və apreldə Vyanada Ukrayna və Rusiya parlamentarilərinin iştirakı ilə birgə müzakirələr aparılıb.
O deyib ki, ATƏT PA-nın Vyana Qrupu bu günə qədər müəyyən müsbət irəliləyişlərə nail olub: "Amma daha irəli getmək üçün biz Bakıda keçirilən bu toplantıda Ukrayna böhranının aradan qaldırılması üçün Bakı Qrupu yaratdıq. Bu qrupa Vyana Qrupundan fərqli olaraq, digər ölkələr də daxil ediləcək. Qrup böhranın aradan qaldırılması və sülh danışıqlarının bərpası üçün lazımi işləri görəcək. Hesab edirəm ki, Ukraynadakı hadisələrə operativ reaksiya vermək və fəlakətin qarşısını almaq lazımdır.

"Biz tədricən öz müşahidəçilərimizi Ukraynaya göndərəcəyik. Bu iş şəffaf şəkildə olacaq. Hesab edirəm ki, biz Ukraynada sülhə, sabitliyə nail olacağıq”.
Kanada nümayəndəsi Rusiya ilə Ukraynanın dost bir ölkə olduğunu deyib.
"Amma dostlar belə davranmamalıdır. Biz gücdən istifadəni pisləyirik. Biz Ukraynaya dəstək olmalıyıq ki, o öz ərazi bütövlüyünü bərpa etsin”.
Polşalı nümayəndə Rusiyanın Ukraynada apardığı qeyri-qanuni əməlləri ATƏT prinsiplərinə zidd adlandırıb.
"Biz buna dözə bilmərik. Böhran sona yetməyənədək dayanmamalıyıq. ATƏT-in bütün üzv dövlətləri bu prosesə cəlb olunmalıdır”.
Almaniya nümayəndə heyətinin rəhbəri Doris Barnett deyib ki, ölkəsi Ukraynanın nə şərqində, nə də qərbdə muzdlu döyüşçülərin olmasını, orda müharibə getməsini istəmir.
"Ukraynaya sülh lazımdır. Regionda müharibələr, qarşıdurmalar təkrarlanmamalıdır”.
Latviya nümayəndəsinin rəhbəri Vineta Porinizə deyib ki, Rusiyanın imperialist hərəkətləri pislənməlidir.
"Ən mühüm məsələ sərhədlərin bölünməməsi məsələsidir. 1940-cı ildə Latviya Rusiyanın işğalına məruz qalıb. Qoşunlar bizim ölkəmizdə yerləşdirilmişdir. İndi Ukraynaya edilən təhdidlər o vaxt bizə qarşı da olmuşdu. Ukraynada aparılan münaqişə dayandırılmalıdır”.


"Azərbaycanın 22 ildir üzləşdiyi işğal faktını ATƏT-in pisləməməsi Avropada yeni bölünmələrin
yaranmasına şərait yaradıb”

"Azərbaycanın 22 ildir üzləşdiyi işğal faktını ATƏT-in pisləməməsi Avropada yeni bölünmələrin yaranmasına şərait yaradıb”.
Bunu isə Ukrayna ilə bağlı qətnamənin müzakirəsi zamanı Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
Xanım deputat deyib ki, ABŞ konqresmenləri ilə bu gün plenar iclasda Dağlıq Qarabağ münaqişəsinin də müzakirəyə çıxarılması ilə bağlı razılıq əldə olunsa da, bu razılaşma yerinə yetirilməyib: "Amma buna baxmayaraq, biz ümid edirik ki, növbəti sessiyalarda bu məsələ də qətnamə halında müzakirəyə çıxarılacaq. Mən yeni yaradılan Bakı Qrupunun taleyinin Minsk Qrupunun taleyinə bənzəməsini arzulamıram. Biz arzu edirik ki, Bakı Qrupu işini tezliklə yekunlaşdırsın. Rusların və ukraynalıların bir-birinə qarşı çıxmasını, nifrət bəsləməsini istəmirik. Biz artıq neçə illərdir ki, belə konfliktli hadisələri müşahidə edirik və artıq bunun acı nəticələri bizdə arzulamadığımız immuniteti yaradıb”. B.Muradova Azərbaycanın yeni yaradılan missiya ilə bağlı təklifini də səsləndirib: "Ukrayna böhranının tezliklə həllini görmək üçün Bakı Qrupunda yaxından iştirak etmək niyyətindəyik. Ukraynanın ərazi bütövlüyünü tanıyırıq və böhranın sülh yolu ilə həllini istəyirik”.

Rusiya ilə Ukrayna bir-birini döyən ər-arvada bənzədildi

Litvanın PA-dakı nümayəndə heyətinin üzvü Vilija Aleknaite Abramikiene müzakirələr zamanı Rusiya ilə Ukraynanı bir-birini döyən ərlə arvada bənzədib: "Bu iki ölkədən bir-birini döyən ər-arvad kimi danışıram, Rusiya nə qədər bu hadisələrə müdaxilə etsə, Ukrayna - həyat yoldaşı ondan qaçacaq. Krımın işğalından sonra Litva, Latviya və Estoniya deyə bilər nə qədər düzgün yol seçiblər. Biz NATO-ya qoşulmasaydıq, kim bilir nə olacaqdı. Sual yaranır - Rusiya hakimiyyətinin əsas məqsədi budur? Müdafiəyə xərclənən pullarla güclənəcək Rusiya buna nail olmaq istəyir? Rusiya Ukrayna xalqı üçün enerji böhranını hazırlayır? Mən Moskvanı bu cür siyasətdən uzaqlaşmağa çağırıram. Biz Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Ukrayna ilə yanaşı, başqa ATƏT üzvü olan Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü də pozulub. Biz birgə toplaşıb bu məsələ ilə bağlı birgə layihə hazırlamalıyıq və bununla göstərməliyik ki, ATƏT-in prinsiplərinə doğrudan da sadiqik. Həm də hesab edirəm ki, bu proseslərə amerikalı konqresmen, ABŞ nümayəndə heyətinin rəhbəri Kristofer Smit və ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi Joao Soaresi də dəvət etməliyik”.

"Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, inildəyir, sağaldan yoxdur. Siyahıda daha hansı ölkə var?”

ABŞ-ın Assambleyadakı nümayəndə heyətinin sədr müavini, konqresmen, layihənin müəllifi Bencamin Kardin isə dünya birliyini, o cümlədən ATƏT-i sərt tənqid edib. APA-nın məlumatına görə, B.Kardin dünya birliyini və Qərbi Rusiyanın qarşısında aciz qalmaqda qınayıb.

Amerikalı nüfuzlu konqresmen bildirib ki, bu gün region dondurulmuş münaqişələrdən inildəyir: "Dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna. Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, inildəyir, sağaldan yoxdur. Siyahıda daha hansı ölkə var? Biz Minsk Qrupuna böyük ümidlər bəsləyirdik. Amma bu qrup özünü doğrultmadı. Bəs ədaləti kim bərpa edəcək? Axıdılan insan qanlarına, itirilən torpaqlara göz yumacağıq?! Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir. Siz nəyi gözləyirsiniz? Bu münaqişələr həll olunmalıdır. Biz bunları həll etməliyik. Rusiya Ukraynada bu münaqişəni yaratdı. Rusiya bu qətnaməni qəbul etməlidir”.

Rusiya nümayəndəsi Oleq Lebuduv isə bildirib ki, bu münaqişəni Rusiya yaratmayıb. "Kardinin hazırladığı layihə həqiqəti əks etdirmir. Cənab Kardin, Rusiya Ukraynanın ərazisini işğal etməyib. Bu, ölkədə qanuni prezident Yanukoviçin hakimiyyətdən devrilməsindən sonra baş verən hadisələrdir. Siz, 16 min yəhudi Ukraynanı tərk edib. Bu, Rusiyada deyil, Ukraynada baş verən hadisələrdir. Ukraynada Rusiya səfirliyinə hücumlar olur, onların üzərində svastika işarələri olub”.

Bundan sonra sənəd bəndlərlə səsverməyə çıxarılıb. Qətnamənin lehinə 92 nəfər səs verib. Qətnamədə qeyd olunur ki, ATƏT PA "Rusiya Federasiyasının Ukraynaya münasibətdə Helsinki prinsiplərini aşkar və kobud şəkildə tapdamasını, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmasını pisləyir”.

Assambleya hesab edir ki, "2014-cü il martın 16-da Krımda keçirilən referendum qanunsuz aktdır. Bunun nəticəsinin heç bir hüquqi qüvvəsi yoxdur”. Latviya nümayəndəsi Valdis Liepi qətnamə layihəsinə Sergey Maqnitski Aktı ilə bağlı əlavə təklif etsə də, deputatlar bunun əleyhinə səs veriblər.

Anar Bayramoğlu