Millət vəkillərimizin istirahət məkanları...

Zahid Oruc: “Elə bizim elitamız olan deputatlarımız da xaricə üz tutur, xeyri özümüzə vermir”
Fazil Mustafa: “Ən çox İsmayıllıda istirahət etməyə üstünlük verirəm”



Məlahət İbrahimqızı: "İstirahət üçün bir neçə dəfə Türkiyəyə getmişəm”

Jalə Əliyeva: "Respublikamızda istirahət mərkəzlərində qiymətləri tənzimləməyə ehtiyac var”

Bəxtiyar Sadıqov: "Bağımda istirahət edirəm”

Aqil Abbas: "Bircə Şuşaya gedə bilmirəm”

İstirahət mövsümü artıq başlayıb. İnsanlarımız ölkəmizin və digər xarici dövlətlərin gəzməli, görməli və səfalı istirahət düşərgələrinə axışırlar. Söz yox ki, istirahətə yollanan turistlər sırasında hökumət və dövlət funksionerləri də yer alır. Bu məsələni nəzərə alıb, istirahətlərini harada keçirəcəkləri və ölkəmizin istirahət guşələrindəki qiymətlər barədə parlament üzvləri arasında sorğu keçirdik. Xatırladaq ki, Milli Məclisin ötənhəftəki növbədənkənar sonuncu sessiyasında parlamentin iyulun 15-dən sonra tətilə çıxacağı bildirilib.

İndiyə kimi 25-30 ölkədə işgüzar səfərdə olduğunu deyən Zahid Oruc qeyd edib ki, istirahətə 14 illik millət vəkilliyi dönəmində cəmi 2 dəfə gedib: "Bu da Yesuntuki şəhəri olub. Əksər xarici ölkələrdə qiymətlər bahadır. İstənilən şəxs, istənilən ölkədə özünə münasib bir yer tapa bilər. Sadəcə, axtarmaq lazımdır. İlk səfərlərdə çətin olsa da, sonralar buna alışırsan”.

Ölkə daxilindəki düşərgələrə gəlincə, millət vəkili Zaqatala və Balakəndə istirahətə üstünlük verdiyini söyləyib: "Bəzi ölkələr sıravi, aztəminatlı vətəndaşlar üçün əlçatmaz məkan olduğu kimi, respublikamızda da belə istirahət yerləri çoxdur”. Z.Oruc ölkəmizdəki istirahət mərkəzlərinin bahalığından gileylənib: "Qiymətlərə yenidən baxmaları vacibdir. Sual doğur, nə üçün Antalyaya qədər geniş bir məkana gedən ruslar Azərbaycana gəlmir. Həm də keçmiş sovet məkanında qonşu olan ölkələr kimi. Təyyarə ilə 50 dəqiqəyə çata biləcəkləri Azərbaycana gəlməkdən imtina edirlər. Elə bizim elitamız olan deputatlarımız da xaricə üz tutur, xeyri özümüzə vermir”.

Ən azı 30 ölkədə işgüzar səfərdə olduğunu söyləyən Fazil Mustafa vurğulayıb ki, cəmi bir dəfə Yesuntukidə müalicə, həm də istirahət üçün gedib: "Zövq, gözəllik baxımından ən çox xoşuma gələn yer Çexiyanın Praqa şəhəri olub. Orada qiymətlər o qədər də baha deyil. Azərbaycanda isə ən çox İsmayıllıda istirahət etməyə üstünlük verirəm. Qiymətlərə gəldikdə, respublikamızdakı istirahət mərkəzlərində ödənilən məbləğin müqabilində göstərilən xidmət məni qane etmir”.

23 ildir dünyanı gəzdiyini vurğulayan Hadı Rəcəbli bildirib ki, ümumilikdə təxminən 50-yə yaxın ölkəyə səfər edib: "Bir neçə ölkə var ki, orada dəfələrlə olmuşam. Daha çox isə Avropa ölkələrinə üstünlük verirəm, nəinki Şərq ölkələri. Cenevrə, Karlove Varı, Yesuntuki şəhərlərində, Türkiyədə istirahət etmişəm. Lakin gəldiyim qənaət budur ki, istirahətə görə, ən gözəl məkanlar Azərbaycandadır. Ən çox da Lənkəranda "Palıdlı sahil” istirahət mərkəzində. Bəziləri 10 min manat verib Çexiyada arıqlamağa gedir. Amma öz məkanlarımız hamısından yaxşıdır. Ruslar bütün insanları Krıma yönəldir. Biz isə bunu etmirik. Hazırda Qəbələdə, Lənkəranda olan xidmətlər heç Çexiyada yoxdur. Dubayda gecəsi 3 min dollar olan koteclərdə qalmışam, çox bahadır, amma məni orda qonaq etmişdilər. Vətəndaşlarımıza tövsiyəm odur ki, pulunuzu ora-bura dağıtmayın. Bir dəfə xaricə gedəndə, bir dəfə də öz məkanlarımıza gedin”.

"Ayda ən azı 1-2 dəfə xarici səfərlərdə olduğuna diqqət çəkən Məlahət İbrahimqızının sözlərinə görə, 2000-ci ildən bu yana demək olar ki, dünyanın bütün ölkələrini gəzib: "Amma bunlar işlə bağlı olub. Parlamentin, YAP-ın xəttilə olan səfərlər olub. Amerika, Sinqapur, Portuqaliya, Cənubi Afrika, Yaponiya, Madera və s. yerlərdə olmuşam. İstirahət üçün bir neçə dəfə Türkiyəyə getmişəm, bu da övladlarımın istəyi üzərinə olub. Qüsurlarımdan biri də istirahət mədəniyyətimin kamil olmamasıdır. İstirahətə görə heç yerə getməmişəm. Özümə söz verirəm, növbəti illərdən, əgər ömür vəfa etsə, vaxt ayırıb istirahətə gedəcəm”.

Jalə Əliyeva isə istirahəti barədə bunları deyib: "Millət vəkili olaraq Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvüyüəm. Quruma 12 ölkə daxil olduğu üçün həmin ölkələrdə demək olar ki, tez-tez oluram. Türkiyə, Yunanıstan, Gürcüstan, Belçika, Almaniya, Moldova, Rusiya, Ukrayna və s. Hətta inişil Ermənistana da səfər etdik”.

J.Əliyeva onu da əlavə edib ki, ölkəmizdə istirahət etməyə daha çox üstünlük verir: "Yeni ildə səfərlərimiz çərçivəsində Baden-Badendə olduq. Otel qiymətlərini deyə bilmərəm. Dövlət xəttilə getmişdik. Məişət malları baxımından çox bahalıq idi. Vitrinlərin bağlı vaxtı otelə qayıdırdıq. Demək olar, vitrinlərdəki qiymətlərə baxa-baxa qalırdıq. Məsələn, kişi üçün bir qalstukun qiyməti 1400 avro, bir cüt corab 600 avro idi. O zaman bütün millət vəkilləri olaraq çox təəccüblənmişdik”. Xanım deputat bildirib ki, Azərbaycanda tez-tez getdiyi məkanlar Lənkəran

və Nabrandır: "Bizdə ucqar bir yerə havasına görə istirahətə gedirsən. Göstərilən xidmət müqabilində Avropa standartlarına uyğun ödəniş tələb edirlər”.

J.Əliyeva düşünür ki, respublikamızda istirahət mərkəzlərində qiymətləri tənzimləməyə ehtiyac var: "Mədəniyyət və Turizm Nazirliyi bu işlə məşğul olmalıdır. İstirahət yerlərinin, otellərin ulduzlara görə müəyyənləşdirilməsi həyata keçirilməlidir. Əks halda, orta statistik azərbaycanlının Nabranda, ya da başqa bir istirahət mərkəzində bir gecəsi 100-120 manata dincəlməsi real olmayacaq. Ötən ilə qədər vəziyyət belə idi. Bu il nə yeniliklər olacaq, onu da görəcəyik”.

Bəxtiyar Sadıqov vurğulayıb ki, son 15 ildə Milli Məclisin xəttilə yalnız bir dəfə Brüsselə səfərə gedib: "Səfər sevən adam deyiləm. Səfərə gedəndə işdən ayrılıram, sonra qayıdıb özümü formaya sala bilmirəm. Həm də müdir gedəndə işçilər bir az boş qalır. Bu proseslərin baş verməməsi üçün çalışıram ki, qəzetin üstündə olam. Səfərlər var nümayəndə heyətini qarşılayırlar, aparırlar otelə, iclasa, mən bunları sevmirəm. Lakin ildə bir dəfə həm müayinə, həm də istirahət üçün harasa gedirəm. Bunu öz hesabıma edirəm. Çatan kimi düşürəm küçələrin canına. Orada məni heç kim tanımır, mən də heç kimi. Küçənin bu başından o başına gedirəm, sonra yavaş-yavaş sola-sağa dönməyi öyrənirəm. İstədiyimi geyinib, istədiyim yerə də baxıram. Tam sərbəst. Mənim üçün əsl istirahət budur”.

B.Sadıqov onu da diqətə çatdırıb ki, təxminən 10-dan çox ölkədə olub: "Son dövrdə ən çox Sloveniyada, Çexiyada Karlove Varı şəhərində, Ukraynada olmuşam, əvvəllər isə Yesuntukiyə gedirdim. Sloveniyada son vaxtlar bahalıq olduğundan ora getməkdən imtina etdim. Həmin qiymətə Karlove Varıda istirahət etmək olarsa, ora niyə gedirəm? Sovet dövründən Brejnev də orada istirahət edib. İstirahətə həmişə külfətlə getdiyimə görə, bizə 8-10 min manata başa gəlib”. Deputat ölkəmizdə istirahət etməyi xoşlamır: "Burda istirahət qarın yekəltməkdir. Getdin yeməkdən yeyəcəksən, bir-iki dost-tanışa da rast gəldin, vəssalam. Turist gəzintisi, turist cığırları və darıxanda ekskursiya yoxdur. Ancaq ye, sonra da yıxıl yat. Mən də ye-yatı istəmirəm. Çünki ilin 12 ayı yeyib, oturub yazı redaktə edib, yatıram. Bağımda 80-ə yaxın qızılgül kolu var. Hər bazar tər tökə-tökə gedib onlara qulluq edirəm. Tikanları qolumu cırır, bu da mənim üçün ən yaxşısıdır. Həm stressi götürür, həm də başım dincəlir. Ümumiyyətlə, 60 yaşdan sonra torpağa yaxınlaşmaq lazımdır. Ona görə də elə bağımda istirahət edirəm”.

Aqil Abbas isə istirahət etmək istəyəndə Türkiyəyə gedir: "Ora yollananda elə bilirəm ki, Ağdama gedirəm, Bakıdayam. Hər şənbə-bazar ən ucqar yerlərə - Lerikdən tutmuş Gəncə, Şəmkirədək hər yerə gedirəm. Fəslin fərqi yoxdur, istər yay olsun, istər qış. Bircə Şuşaya gedə bilmirəm. Getdiyim yerlərdə pul xərcləmirəm. Aqil Abbas olduğum üçün məni qonaq edirlər”.

A.Abbas da ölkəmizdə turizm qiymətlərinin bahalığından şikayətlənib: "Bizdə Türkiyədən də bahadır. Xaricdə çox da bahalı yerlərə getməmişəm. Çernoqoriyaya getmişəm, qiymətlər münasibdir. Azərbaycanda otellər yaxşıdır. Məsələn, Lənkəranda, Lerikdə 20 manata da otellər var. Amma bizdə yeməklər bahadır. Azərbaycanlılar forsludur, "qonşudan qalma dala” prinsipilə çıxış edib, bahalı yerə gedirik”.

Vahid Əhmədov isə istirahətlə bağlı bunları söyləyib: "Elə ölkə yoxdur ki, orada olmayım. Deputat olmazdan əvvəl də belə idi. Ən çox istirahət etdiyim ölkə Azərbaycan və Türkiyədir. Turizm baxımından ən baha qiymətlər İspaniyadadır. Azərbaycanda Şimal zonasındadır. Hesab edirəm ki, bizdəki qiymətlər hətta, Türkiyədəkindən də bahadır”.

Ayyət Əhməd