Ermənistan nümayəndəsi Bakıda parlamentarilərə yalvardı

Amma onun qərəzli təklifi rədd edildi




Ötən gün ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasında ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyevin müəllifi olduğu "ATƏT regionunda mədəni mülkiyyətin qorunması” adlı qətnamə layihəsi Demokratiya, insan haqları və humanitar problemlər Komitəsində müzakirəyə çıxarılıb.

Öncə Azay Quliyev qətnamə layihəsi haqqında parlamentarilərə məlumat verib.

Sonra iclasın aparıcısı Qətnaməyə edilən təkliflərlə bağlı müzakirəni açıq elan edib. İrəli sürülən dəyişikliklər bənd-bənd müzakirəyə çıxarılıb. Erməni nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyanın ciddi-cəhdlərinə, xahişinə və deputatlara yalvarışlı müraciətinə baxmayaraq irəli sürdüyü təkliflər qətnamə müəllifinin tutarlı, əsaslı çıxışlarından sonra avropalı parlamentarilər tərəfindən rədd edilib.

"İşğal olunmuş torpaqlarda mədəni mülkiyyəti qorumaq mümkün deyil”

A.Quliyev bildirib ki, erməni deputatın narahatlığını yaxşı başa düşür. Amma işğal altında olan torpaqlarda yerləşən tarixi-mədəni abidələrin dağıdılması, formasının dəyişdirilməsi, özgəninkiləşdirilməsi, oğurlanması, qəsb edilməsinin pislənməsi ilə yanaşı, iştirakçı dövlətlərin bu cür hərəkətlərə yol verənlərə qarşı tədbirlər görməsi və tarixi abidələrin qorunması mexanizmlərinin təsis edilməsi kimi məsələlərin əksini tapdığı Qətnamənin qəbulu ATƏT-in missiyasına tamamı ilə uyğundur.

Qətnamə layihəsinə təklif edilən 10 düzəlişdən yalnız 5-i müəllif tərəfindən əsaslı hesab edilərək, qəbul olunub. Müzakirələrdən sonra iclasın aparıcısı, İsabel Santos qətnamə layihəsini səsverməyə çıxarıb və sənəd böyük səs çoxluğu ilə qəbul edilib.

UNESCO-nun və digər beynəlxalq təşkilatların siyahısında olub-olmamasından asılı olmayaraq, böyük əhəmiyyətə malik mədəni irsin qəsdən dağıdılmasının qadağan edilməsi, qarşısının alınması və bu hərəkətə görə cəza verilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi layihədə açıq qeyd edilib. Bu qətnamə işğal edilmiş ərazilərdə, o cümlədən Azərbaycanın zəbt olunmuş torpaqlarında mədəni irs nümunələrinin dağıdılması, məhv edilməsi və tarixi saxtalaşdırılmasının qarşısının alınması istiqamətində yeni bir beynəlxalq sənəddir.

Sessiyada iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü Artaşes Qeqamyan isə qətnamayə bir neçə düzəliş olunmasını istəyib. O, "Mədəni mülkiyyətin qorunması ilə bağlı qətnaməyə "öz ərazilərində” sözünün əlavə edilməsini təklif edib. Qətnamə layihəsinin müəllifi A.Quliyevin Ermənistan nümayəndəsinə cavabı gecikməyib. O bildirib ki, işğal olunmuş torpaqlarda mədəni mülkiyyəti qorumaq mümkün deyil: "İşğalçı dövlət həmin ərazilərdə mədəni mülkiyyəti qorumalıdır”.

"Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 1 milyon 200 min qaçqın və məcburi köçkünü yaranıb”

Elə həmin komitənin iclasında qurumun sədri İsabel Santosun müəllifi olduğu "ATƏT regionunda qaçqınların vəziyyəti” adlı qətnaməyə düzəlişlər də müzakirə olunub.
İ.Santos qətnamə barədə məlumat verərək bildirib ki, hazırda ATƏT regionunda 50 milyondan çox qaçqın var və bu, fəlakətli həddir.
Qətnaməyə münasibət bildirən Azərbaycanın PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 1 milyon 200 min qaçqın və məcburi köçkünü yaranıb: "Hökumət bu illər ərzində onların problemlərinin həlli üçün ciddi işlər görüb və böyük təcrübəyə malikdir. Mən istərdim ki, bu təcrübəyə ehtiyac qalmasın. Lakin konfliktlərin artması bu təcrübəyə ehtiyacı daha da artırır. Problemin həlli üçün birgə məsuliyyət müəyyən olunmalı və ağırlıqları ATƏT-in birgə çəkməsinə çalışmaq lazımdır. 1 milyon 200 min qaçqının problemləri ağır yükdür. Lakin ölkəmiz bunun öhdəsindən gəlməyə çalışıb. Biz bunun 30 faizini edə bilmişik. Əslində isə konfliktlərə qarşı səylər ortaya qoyulmalıdır. Səyləri birləşdirməyin yeni mexanizmi yaradılmalıdır”.

Qətnaməyə düzəlişlər arasında Ermənistan nümayəndə heyətinin təklif etdiyi düzəliş də qəbul olunub. Erməni deputat Agvan Vardanyanın səsləndirdiyi düzəlişə əsasən, qaçqınlarla bağlı humanitar sənədlərə maneəsiz daxil olma təmin edilməlidir.
Layihə səsə qoyularaq qəbul olunub.

"Bəzi ölkələr terrordan öz məqsədləri, qanuni hakimiyyətin devrilməsi və iqtisadi maraqları üçün istifadə edirlər

Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında isə Rusiyanın müəllifi olduğu "Terrorçuluğa qarşı mübarizə” adlı qətnamə layihəsi müzakirə edilib. Latviya, Litva və İsveç parlamentarları tərəfindən layihəyə Ukrayna hadisələri ilə əlaqədar düzəliş təklif olunub.
Latviya nümayəndə heyətinin rəhbəri Vineta Porina çıxışında bildirib ki, Rusiya bu gün faktiki olaraq ATƏT məkanında - Ukraynanın şərqində terrorçuluğu dəstəkləyir: "Biz bunun qarşısını almalıyıq”.

Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan Rusiyanın müəllifi olduğu qətnaməni dəstəkləsə də, düzəlişin əleyhinə çıxıb: "Rusiyada 1,5 milyon erməni yaşayır və onlar heç vaxt millətçilik zəmində təzyiqə məruz qalmayıb”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə bildirib ki, terrorçu qruplara ayrı-ayrı dairələr tərəfindən dəstək verilir: "Onlar istədikləri sərhədi maneəsiz keçə bilirlər. Azərbaycan hər zaman terrora qarşı aparılan mübarizədə iştirak edib, Azərbaycan qanunvericiliyi də buna tam dəstək verir. Amma bəzi ölkələr terrordan öz məqsədləri, qanuni hakimiyyətin devrilməsi və iqtisadi maraqları üçün istifadə edirlər. Ona görə də biz təklif edirik ki, bu məsələ təkcə müzakirə mövzusu olmamalıdır, əməli işlər görülməlidir”.
Rusiyadan olan deputat Aleksey Puşkov isə düzəlişdə Rusiya ilə bağlı hissəni əsassız adlandırıb: "Bu gün Ukraynanın şərqində vuruşanlar, siz dediyiniz kimi, Rusiyadan gedənlər deyillər, yerli xalqın nümayəndələridir. Amma Əfqanıstanda, İraqda, Suriyada, Liviyada və sair yerlərdə minlərlə terrorçu qruplaşmalar cəmləşib. Niyə onlarla bağlı heç nə qəbul edilmir?”.
Müzakirələrdən sonra səsvermə nəticəsində 29 lehinə, 30 əleyhinə və 10 bitərəf olmaqla, düzəliş qəbul edilməyib. Azərbaycan düzəlişlərlə bağlı səsvermədə iştirak etməyib, Ermənistan isə əleyhinə səs verib.
Daha sonra qətnamənin özü səsə qoyulub. 44 lehinə, 21 əleyhinə və 2 bitərəf olmaqla qətnamə qəbul edilib. Azərbaycan və Ermənistan sənədin lehinə səs verib.

Anar Bayramoğlu