Baş kəsənlərdən “xilafət” olmaz

Mirhəmid Məmmədov: “İndiki halda müsəlmanların “İslam xilafət” adı altında birləşməsi heç bir formada mümkün deyil”
Atif İsmayılov: “İslamda qan tökən, uşaq başı kəsən terrorçu heç vaxt dindarların rəhbəri, xəlifəsi ola bilməz”

Elşad Miri: "Bu xilafətin də ömrü digərləri kimi uzun olmayacaq”

Fazil Mustafa: "Axı hansı türk və yaxud malayziyalı müsəlman bu xilafətdə birləşə bilər?”

İŞİD terrorçu qruplaşması Suriya və İraqda işğal etdiyi ərazilərdə xilafətin yaradıldığını elan edib. Qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadi isə bütün müsəlmanların lideri və xəlifəsi elan olunur. Xilafətin "İslam Dövləti” adlandırıldığı və İraqın Diyalə vilayətindən Suriyanın Hələb şəhərinədək olan ərazini əhatə etdiyi bildirilir.

Ancaq İŞİD-in xilafət elan etməsi demək olar ki, bütün müsəlmanların etirazına səbəb olub. İlahiyyatçılar və ictimaiyyət nümayəndələri hesab edirlər ki, dünyanın nəzərində terrorçu kimi tanınan islamdan uzaq bir dəstənin müsəlmanlar üçün xüsusi önəm kəsb edən xilafət adına və xəlifə statusuna sahiblənməsi qəbuledilməzdir.

Məsələyə münasibət bildirən ilahiyyatçı, axund Mirhəmid Məmmədov vurğulayıb ki, şiə məzhəbi ümumiyyətlə xilafəti qəbul etmir. Onun sözlərinə görə, tarixi mənbələrdə

Peyğəmbərdən sonra xilafətə Raşidilər rəhbərlik edib. Ondan sonra Əməvilər, Abbasilər və Osmanlılar xilafətin başında dayanıblar. Osmanlılardan sonra isə xilafət dağılıb: "Şiə məzhəbində olan dindarlar heç zaman xilafəti rəsmi şəkildə qəbul etməyiblər və tanımayıblar. Çünki dünya artıq dəyişib və hər bir xalq öz müqəddəratını seçmək yolu ilə dövlət qurub. Ona görə də bu qondarma sözləri nə eşitmək istəyirik, nə də qəbul edirik”. M.Məmmədov qeyd edib ki, indiki halda müsəlmanların "İslam xilafət” adı altında birləşməsi heç bir formada mümkün deyil: "Müsəlman dünyası çox genişlənib və mədəniyyətlər, dünyagörüşlər müxtəlifdir. Bir qrup vəhşinin elan etdiyi "dövləti” isə heç kim qəbul etməz”.

İslamşünas-alim Hacı Atif İsmayılov da deyir ki, qanlı terror qruplaşmasının islam dinindən istifadə edərək "xilafət” yaratması müsəlman aləmi üçün böyük bir fitnədir: "Bizim qəbul etdiyimiz xəlifəlik Peyğəmbər əfəndimizin dövründə qurulub. Ondan sonra bu termin formal xarakter daşıyıb. Yenidən xilafətin yaradılması isə yalnız və yalnız son imamın zühur etməsi ilə baş tutacaq. İŞİD müəyyən qüvvələr tərəfindən idarə olunan qruplaşmadır. Təəssüflər olsun ki, bu gün müsəlmanların bir çoxları onlara aldanırlar. Müsəlman xalqı oyanmalı və bilməlidir ki, islamda qan tökən, uşaq başı kəsən terrorçu heç vaxt dindarların rəhbəri, xəlifəsi ola bilməz”.

İlahiyyatçı-alim Elşad Miri də İŞİD-in "xəlifəlik” elan etməsinin islam dünyasının birləşməsi naminə atılan addım olduğuna inanmır: "Onlar məzhəb məsələsini gündəmə gətirərək islamın mahiyyətinə zidd olaraq, aman istəyən insanı öldürürlər. Bunu islamla əlaqələndirmək doğru deyil, çünki islam sözünün özü sülh və barış dini deməkdir. Hesab edirəm ki, bu xilafətin də ömrü digərləri kimi uzun olmayacaq”.

Millət vəkili Fazil Mustafa da qeyd edib ki, xilafət vəhşi yolla elan edilmir. Deputatın sözlərinə görə, xilafətin müəyyən dərəcədə islam prinsiplərinə əməl olunan bir modeli var: "Əsl xilafət Peyğəmbər dövründə olub. Ondan sonra bunun süni surətdə xilafət adlandırılmasının heç bir əsası yoxdur. İŞİD-in hərəkətləri terrorçu fəaliyyətdir və ümumiyyətlə islam adına qorxu gətirən bir amildir. Çünki Peyğəmbərimiz Mədinəyə daxil olarkən bir yəhudiyə və ya xristiana toxunmayıb. Onun bu addımı örnəkdir ki, islamda vəhşilik, zorakılıq deyilən anlayış yoxdur. Amma İŞİD-in məzhəb və təriqət yanaşması tamamilə yanlışdır. Ona görə də bu xilafət sadəcə marginal bir dövlət hüdudları çərçivəsində elan oluna bilər. Lakin müsəlman dünyasına, xüsusən modern, texnologiyanın inkişaf etdiyi dünyada bu cür xilafət modelində birlik, demək olar ki, mümkünsüzdür. Axı hansı türk və yaxud malayziyalı müsəlman bu xilafətdə birləşə bilər? Bu "xilafət” dar bir çərçivədə qalacaq və uğur qazanmayacaq bir modeldir”.

İsmayıl