Ümid “xalq evləri”nə qalıb

Sosial vəziyyəti ağır olanların ipoteka kreditləri alması çətindir



İpoteka ilə mənzil almaqdan ümidini kəsənlər gözlərini "xalq evləri”nə dikib. Milli Məclisdə təklifin səslənməsi və millət vəkillərinin də məsələyə müsbət yanaşması evsizlərin yaxın zamanda mənzil sahibi olacaqlarına inamını artırır.

Mənzil Məcəlləsində sosial yönümlü evlərin tikintisi nəzərdə tutulub. Bu barədə MM-in Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli danışıb. Millət vəkili qeyd edib ki, "xalq evləri” layihəsi reallaşarsa, aztəminatlı ailələr ayda 60 manat ödəməklə 60 kvadratmetrlik mənzilə sahib olacaqlar: "Əslində belə başa düşülməlidir ki, dövlət bu evi həmin adamlara bağışlayır. Mənzil sahibi simvolik olaraq faizsiz kredit ödəyəcək. Faktiki olaraq bu, bağışlamanın bir növüdür. Belə bir addımın atılması gündəmdə var. Bu, dövlət başçımızın istəyidir. Bu da zaman-zaman həyata keçirilir və keçiriləcək də”.

Xatırladaq ki, "xalq evləri” təklifi ilə bundan öncə millət vəkili, MM-in İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli də çıxış etmişdi.

Hadı Rəcəblinin məsələni yenidən gündəmə gətirməsi mövzunun xeyli aktuallıq qazandığını deməyə əsas verir.

"Şərq”ə açıqlamasında Ə.Məsimli hökumətin "xalq evləri” təklifinə müsbət yanaşdığını bildirdi:

- Biz bu məsələni qaldıranda, aydın görünürdü ki, heç bir mənfi fikir yoxdur, hökumət də təklifə müsbət yanaşır. Amma bu, kifayət qədər ciddi məsələdir, ona görə də hökumət bunun üzərində araşdırma aparmalıdır.

Qanunvericilikdəki dəyişikliklər "xalq evləri”nin tikintisinə yol açır. Çünki Mənzil Məcəlləsində sosial yönümlü evlərin tikintisi nəzərdə tutulur. Biz də bunun ən uyğun modelini təklif edirik. Bu məqsədlə ilkin mərhələdə dövlət büdcəsindən vəsait ayırmaq olar. Sonrakı mərhələlərdə isə, görünsə ki, proses kifayət qədər maraq qazanıb və özünü doğruldur, artıq beynəlxalq təşkilatları, eləcə də varlı, imkanlı şəxsləri bu tikintiyə cəlb etmək olar. "Xalq evləri” aztəminatlı ailələr üçün nəzərdə tutulduğundan bahalı olmur. Təqribən 25-30 min manata başa gələn evlər olacaq. Bu məbləği də vətəndaş hər ay az-az, hissə-hissə ödəyəcək. Məsələn, sosial imkanı aşağı olan vətəndaşlar ayda 50-100 manat arasında vəsait ödəməklə ev sahibi ola biləcəklər. Kim istəsə hissə-hissə ödəyəcək, imkanı olmayanlar da kiçik məbləğlər ödəməklə 25-30 ildən sonra yaşadıqları evlərin rəsmi sahibi olacaqlar. "Xalq evləri” orta aylıq əməkhaqqı və ondan daha az olan əhali üçün xeyli maraqlı görünür.

Azərbaycanda orta aylıq əməkhaqqı 430-440 manatdır. Bu məbləği minimum tələbatla müqayisə etdikdə, bunu ödəmək imkanı olanlar var. Lakin büdcə strukturlarında çalışanların maaşı 200-250 manat civarındadır. Belə vəziyyətdə həmin insanların ipoteka krediti ödəməsi qeyri-mümkündür. Amma ayda 50, 100 manat ödəyə bilərlər, nəticədə ev sahibi olarlar. Əsasən büdcə təşkilatlarında çalışanlara - müəllim, elm adamları, incəsənət işçilərinə bu imkan yaradılmalıdır.

Ə.Məsimli ipoteka kreditləri şərtlərinin ağır olduğunu da dedi:

- Ayda 440 manat əməkhaqqı alan adam ipoteka krediti ödəyə bilməz. Azərbaycan ipoteka kreditlərinin verilməsinə postsovet məkanında ən gec başlayan ölkədir, buna baxmayaraq şərtlər yaxşıdır. Amma imkanlı ailələr üçün. Aztəminatlı ailələr üçün ipoteka krediti ödəmək mümkün deyil. Hazırda bizdə mənzillər çox bahadır. Dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq dərəcədə bahadır. Həm də baha qiymətə nə verirlər? Sadəcə, 4 divar. Belə vəziyyətdə aztəminatlı ailələrin, gənclərin mənzil alması qeyri-mümkündür. Gənclərin əsas problemi də bilirsiz ki, evsizlikdir. Evləri olmadığı üçün ailə qura bilmirlər. "Xalq evləri” orta statistik azərbaycanlı üçün nəzərdə tutulur. "Xalq evləri” ideyası gənclərə də mənzil sahibi olmaq imkanı verəcək. Ayda 50-100 manat civarında mənzil pulu ödəməyə məncə, gənc ailənin iqtisadi potensialı çatar. Bu gün nə qədər ailə kirayə mənzillərdə qalır, ayda 150-200 manat pul ödəyirlər. Elə bu pulu dövlətə ödəsinlər də.

Dövlət də onlar üçün ev tiksin. Bununla ölkədəki evsizlik problemini həll etmək mümkündür.

Ə.Məsimli "xalq evləri” təcrübəsinin bir sıra ölkələrdə geniş yayıldığını və iqtisadi inkişafa səbəb olduğunu da açıqladı:

- İkinci Dünya müharibəsi zamanı Almaniya darmadağın olmuşdu, bu ölkənin dünyanın bir nömrəli dövlətinə çevrilməsində "xalq evləri”nin də böyük rolu oldu. Bu üsulla Almaniyada evsiz insanları mənzillə təmin edirdilər. Mənzilin pulunu ödəyə bilməsi üçün onlara iş də təklif olunurdu. İnsanların evi olmayanda onun faydalı iş əmsalı da aşağı düşür. Bu gün Türkiyədə də "xalq evləri” layihəsi həyata keçirilir. Ucuz mənzillər inşa edilir və ucuz məbləğə vətəndaşlara kirayəyə verilir.

Mənzilin inşa haqqı ödəndikdən sonra isə vətəndaş həmin evin sahibi olur. Məsələn, Türkiyədəki həmin mənzillər Azərbaycan manatı ilə hesablananda təqribən 32-35 min manata başa gəlir.

Ayrı-ayrı ölkələrdə bu proses müxtəlif cür icra olunur. Bəzən dövlət birbaşa ayrı-ayrı şirkətlərə sifarişlər verir, evlər tikilir və daha ucuz qiymətə vətəndaşlara satılır. İkinci variantda vətəndaş mənzildə yerləşdikdən sonra hər ay minimum məbləğdə pul ödəyir və həmin məbləğin ödənilməsi bitəndən sonra ev o ailəyə qalır. Azərbaycanda hər iki modeldən istifadə etmək olar. İmkanı olanlar birbaşa mənzilin pulunu ödəyərlər, olmayanlar da uzun müddətə aylıq olaraq 50, 60 və ya 100 manat ödəyərlər. Bu proses həm də tikinti sektorunun yenidən canlanmasına səbəb olardı.

Məlahət Rzayeva