London taksiləri ideal nəqliyyat vasitəsi deyil

Ekspert təklif edir ki, Bakı üçün “elektromob” avtomobillər daha münasibdir



2015-ci ilə kimi Azərbaycana növbəti dəfə 500 ədəd London taksisi (Taksi TX4 markalı) gətiriləcək. Taksilər gələn il Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına kimi artıq gətirilmiş olacaq.

Bununla bağlı Nəqliyyat Nazirliyi rəsmisi Namiq Həsənov məlumat verib. Məlumat üçün bildirək ki, son 5 il ərzində Azərbaycana ümumilikdə 1 850 ədəd yeni taksi gətirilib. Onlardan 1000-i London taksisidir. Avtomobillərin sifarişçisi qismində "Baki Taxi” MMC şirkəti çıxış edir. Yeni taksi maşınları Böyük Britaniyanın "Manganese Bronze” şirkətindən alınır. Həmin taksilər Çinin "Geely Automobile Holding”i tərəfindən istehsal olunur.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə taksi xidmətinin insanlar üçün əlverişli şəkildə qurulmasının tərəfdarıdır: "Bu qədər London taksisinin ölkəyə gətirilməsinə nə ehtiyac var? Taksi əsasən iki prinsip üzərində xidmət göstərməlidir. Birincisi, qiymət münasib olmalıdır. İkincisi isə komfortluluq öz yerində olmalıdır. Bu iki parametrləri götürəndə, bəlkə də London taksiləri ideal ictimai nəqliyyat vasitəsi deyil. Çünki böyük avtomobillərdir. İdeal taksilər elektromob kimi şəhərdə az yer tutaraq tıxac yaratmır. Nümunə üçün qeyd edək ki, 50 metrlik avtodayanacaqda biri var, 8 maşın, biri də var, 10 maşın yer tutsun”.

Ə.Hüseynov təklif etdi ki, Azərbaycan dünyanın bir çox ölkələrindəki kimi elekrtiklə çalışan "elektromob” adlandırılan avtomobillərdən istifadə etsin: "Düzdür, London taksiləri daha sərfəlidir, dizel yanacağı ilə işləyir. Az yanacaq istifadə edir. Amma dünyanın bir çox böyük şəhərlərində "elekrtomob” taksilərə keçirlər. Məsələn, 2013-cü ildə Tokio şəhərində taksi parkların 30 faizini "elektromob”lar təşkil edir.

Vüqar Şahinoğlu