Əgər seçkilər ikinci raunda qalsa...

Ərdoğanın qütbləşdirmə reputasiyası və daha avtoritar hökumət qurma ehtimalları onun qələbəsini şübhə altına ata bilər


Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) təsdiq edib ki, baş nazir Rəcəb Tayyip Ərdoğan avqust ayında keçiriləcək ilk birbaşa seçkilərdə prezidentliyə namizəd olacaq.
Bu gün 4 mindən çox partiya üzvü qurultay mərkəzində Rəcəb Tayyip Ərdoğanı alqışlayaraq qarşılayıb. Baş nazirin müavini Mehmet Ali Şahin bəyan edib ki, onun 40 illik siyasi müttəfiqi cənab Ərdoğan Türkiyənin 12-ci prezidenti olmaq üçün namizədliyini irəli sürəcək.

Ərdoğanın 40 illik siyasi karyerasına həsr edilmiş qısa film onun necə limon satıcısından Türkiyənin ən güclü siyasətçisinədək yüksəldiyi yolu göstərib. Öz çıxışı zamanı isə baş nazir bir çox dini sitatlar gətirərək öz islamçı siyasi köklərindən danışıb. O, çıxışı zamanı ölkənin dünyəviçi dövlət başçılarını da sərt tənqid edib.

Bəzi tənqidçilər deyir ki, çıxış baş nazirlə bağlı qütbləşmə iddialarını daha da artırır.
Brüsseldəki Avropa Karnegi İnstitutunun siyasi təhlilçisi Sinan Ulgen deyir ki, namizədlər ölkəni öz baxışlarına uyğun idarə etmək haqda düşünürlər.
"Onlar ölkəni idarə etmək barədə müxtəlif baxışlara malikdirlər. Ərdoğan açıq-aşkar göstərir ki, o, icraedici orqanın mühüm hissəsi olmağa davam etmək istəyir. Müxalif namizəd İhsanoğlu isə hazırki Konstitusiyaya uyğun olaraq prezident kimi çox məsələlərə müdaxilə etmək istəmir. Ancaq fikrimcə seçicilərin avqustun 10-da səs verməyə getməsinin başlıca səbəbi Ərdoğanın qalmasını istəməsi və ya istəməməsi olacaq”.(Amerikanın səsi)
Onun sözlərinə görə, neytral mövqeli prezident olmasını istəyənlər əslində dövləti xalqla üzbəüz qoyan prezident istəyir. "Ancaq o dövr başa çatıb. Avqustun 10-u yalnız prezident seçilməyəcək, həm də dominantlığa son qoyulacaq” – deyə cənab Ərdoğan bildirib.
Bəzi rəy sorğuları göstərir ki, Ərdoğan səslərin 50 faizindən çoxunu əldə edəcək. Siyasi analitiklər də kampaniya bacarığı, güclü partiyası və maliyyə dəstəyi ilə Ərdoğanı favorit namizəd kimi göstərir.

Ancaq həmin təhlilçilər xəbərdarlıq edir ki, əgər seçkilər ikinci raunda qalsa, cənab Ərdoğanın qütbləşdirmə reputasiyası və daha avtoritar hökumət qurma ehtimalları onun qələbəsini şübhə altına ata bilər.