ATƏT-Rusiya münasibətləri daha da kəskinləşəcək

Ancaq Moskva geri çəkilmək və ağ bayraq qaldırmaq kimi mövqelərdən çox-çox uzaqdır





ATƏT PA-nın Bakı sessiyası çərçivəsində ABŞ nümayəndə heyətinin senatoru Bencamin Kardinin Rusiya əleyhinə hazırladığı qətnamə layihəsi qəbul olunub. Qətnamə Rusiyanın Ukraynaya təcavüzü ilə bağlıdır və bir sıra sərt əlavələrlə qəbul edilib. Müzakirə zamanı ATƏT-i, dünya birliyini və qərbi Rusiyanın qarşısında aciz qalmaqda qınayan Bencamin bildirib ki, dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna...

Qeyd edək ki, Rusiya əleyhinə qəbul olunan sənəddə deyilir ki, ATƏT-in Helsinki Yekun Aktına əsasən üzv ölkələr bir-birinin suveren hüquqlarını və sərhədlərin toxunulmazlığı prinsiplərini tanımalı, başqasının daxili işlərinə qarışmamalı, güc tətbiq etməməli, beynəlxalq hüququn tələblərinə əməl etməlidir.

ATƏT PA-nın 23-cü sessiyasında Rusiya əleyhinə qəbul olunan qətnamələrə Kremlin hansı reaksiyanı verəcəyinə gəldikdə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər namizədi, politoloq Elman Nəsirli bildirib ki, Bakı Bəyannaməsindən sonra ATƏT-lə Rusiya arasındakı münasibətlər kifayət qədər gərginləşəcək:

"Rusiyanın Krımı ilhaq etməsi ilə bağlı Avropa Şurasının qərarı bəllidir. AŞ PA Rusiyanı səsvermə hüququndan məhrum edib. Bu da nəticədə AŞ ilə Rusiya arasındakı münasibətlərin son dərəcə soyuqlaşması ilə nəticələnib. Faktiki olaraq, bütün müzakirələr Rusiyanın iştirakı olmadan keçirilir. İndiki halda isə ATƏT-in Parlament Assambleyası analoji yolla gedir. Şübhəsiz ki, ATƏT PA-nın 23-cü sessiyasında qəbul olunan qətnamələr Rusiya ilə münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq. Xatırladım ki, dəfələrlə Rusiya Avropada təhlükəsizlik qaydalarının dəyişdirilməsi ilə bağlı təkliflərlə çıxış edib və həmin təkliflər içərisində ATƏT-in özünə də yenidən baxılması və islahatlar məsələsi gündəmdə olub. Bu baxımdan ATƏT PA-nın Rusiya əleyhinə qəbul etdiyi qətnamələr rəsmi Moskva ilə münasibətlərin gərginləşməsində özünü ifadə edəcək. Rusiyanın ATƏT məkanında münaqişələrin tənzimlənməsi və onların həlli ilə bağlı mövqeyində bir qədər sərtlik nümayiş etdirməsi də istisna deyil. Fikrimcə, beynəlxalq təşkilatların Rusiya ilə yalnız sanksiyalar dili və təzyiq mexanizmlərini işə salmaqla onun mövqeyinin yumşalacağı real vəziyyətə uyğun deyil. Rusiya hazırda geri çəkilmək və ağ bayraq qaldırmaq kimi mövqelərdən çox-çox uzaqdır. Ən əsası isə odur ki, Rusiya bütün bu yanaşmaları qeyri-obyektiv hesab edir. Rusiya məlum hadisələrə görə heç bir məsuliyyət daşımır və sadəcə olaraq öz milli maraqlarından çıxış edərək bu addımları atır. Rusiyanın mövqeyi odur ki, yaranmış problem danışıqlar yolu ilə öz həllini tapmalıdır”.

Qəbul olunmuş Bakı Bəyannaməsində məsələnin o qədər də kəskin şəkildə qoyulmadığını vurğulayan politoloqun sözlərinə görə, Bəyannamədə fikirlər ümumi şəkildə öz əksini tapıb. Hesab edirəm ki, ATƏT PA-nın 23-cü bəyannaməsində ən optimal və düzgün mövqeyi məhz Azərbaycan tərəfi sərgiləyib. Rəsmi Bakının mövqeyi belədir ki, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı başlıca prinsip kimi götürülməlidir.

Azərbaycanın haqlı olaraq balanslı siyasət yeritdiyini vurğulayan professorun sözlərinə görə, rəsmi Bakı milli maraqlarımızdan çıxış edərək beynəlxalq hüquq prinsiplərinə söykənməklə özünün xarici siyasətini yeridir: "Azərbaycanın Krımın ilhaqı və Ukrayna böhranı ilə bağlı mövqeyi heç də Rusiya əleyhinə deyil. Əgər analoji addımları Ukrayna atmış olsa idi, o zaman Azərbaycan Rusiyanı müdafiə edən qətnamənin lehinə səs verərdi. Yəni Azərbaycanın mövqeyi kiməsə qarşı deyil, ölkəmizin müdafiə etdiyi beynəlxalq prinsiplərə uyğun gəlməyən istənilən fakta qarşı Azərbaycan kəskin mövqeyini bildirir və bunu da hüquqi cəhətdən əsaslandırır”.

ATƏT PA-nın 23-cü sessiyasında Rusiya əleyhinə qəbul olunan qətnamələrin nə dərəcədə effektiv olacağına gəldikdə isə politoloq hesab edir ki, AŞ PA-nın sanksiyaları kimi ATƏT PA-

nın qətnamələri də Rusiyanı mövqeyindən geri döndərməyəcək: "Heç bir halda Rusiyanın geri çəkilməsi gözlənilən deyil. Kreml dəfələrlə öz mövqeyini ifadə edib. Avropa Şurasının təzyiqləri, sanksiyaları altında dözümlülük nümayiş etdirən Rusiyanın ATƏT PA-nın qətnamələrindən sonra öz mövqeyindən daşınması ilə bağlı ümidlər real vəziyyətə adekvat deyil. Rusiya ekspertlərinin yanaşması belədir ki, hazırkı mərhələdə Rusiya geri çəkilsə, bu, zəncirvari reaksiyalara səbəb olacaq və qarşı tərəfin mövqelərini gücləndirəcək. Nəticədə də, qərb Rusiyanı zəif və gücsüz tərəf olaraq qəbul edib, daha kəskin addımlar atacaq”. Bu cür siyasi sanksiyaların Rusiya üçün effektiv olmadığını vurğulayan E.Nəsirlinin sözlərinə görə, rəsmi Moskvaya ən optimal təzyiq iqtisadi sanksiyalardır. Xüsusən də, qış mövsümündə bu sanksiyalar kifayət qədər effektiv olacaq.

Şəymən