Xocalı aeroportu müharibəyə səbəb ola bilər

“Azərbaycan səmasında uçan erməni təyyarələrini vurub-vurmamaq, sadəcə rəsmi Bakının verəcəyi qərardan asılıdır”




Dağlıq Qarabağdakı separatçı rejim rəhbərlərinin köhnə dərdi təzələnib. Aeroport eşqi yenidən alovlanan Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı Dağlıq Qarabağ rejimi Xocalı aeroportu ilə bağlı təxribatlarını davam etdirir. Bir neçə gün öncə Xocalı aeroportundan təkmotorlu təyyarə ilə turist uçuşunun həyata keçirildiyini əks etdirən kadrların yayımlanmasının ardından yeni videosüjet də çəkilib.

Hərbi-ekspert Azad İsazadənin sözlərinə görə isə ermənilər bununla Xocalı aeroportunun yararlı olması təsəvvürünü yaratmaq istəyirlər: "Onlar guya, bu hava limanını hələlik turistlərdən gələn təkliflər üzərində quraraq, istifadəyə verdikləri fikrini formalaşdırırlar. Ancaq bu üsul da əvvəlkilər kimi uğursuzdur. İstənilən halda həmin hava limanından uçuşların həyata keçirilməsi qanunsuz olduğu üçün aeroportdan havaya qalxacağı təqdirdə, erməni təyyarələrinin vurulması həm texniki, həm də hüquqi baxımdan qanunidir. Sözsüz ki, nə etməliyiksə, bu, beynəlxalq hüquq çərçivəsində olmalıdır. Ona görə də yəqin ki, bəzi məsələləri beynəlxalq hüquqşünaslarla dəqiqləşdirmək lazımdır. Bu, faktdır ki, Xocalı aeroportuna uçan təyyarə Azərbaycan ərazisindən keçməlidir. Ona görə Azərbaycan onun səmasından istifadəyə rəy verməlidir. Bütün dünya ölkələri belə bir protokola qol çəkib ki, hava məkanı ərazi bütövlüyü çərçivəsində qorunmalıdır. Uçuş üçün icazə olmadığı təqdirdə bu həmin ölkənin sərhədlərinə müdaxilədir. Bu zaman isə həmin təyyarənin vurulması qanunauyğundur. Yəni təyyarə havaya qalxır, dövlət sərhədini pozan təyyarəyə xəbərdarlıq edir və ona enmə ilə bağlı təklif olunur. Necə ki, bir neçə il əvvəl bu qayda ilə Türkiyə Hava Qüvvələri Suriyaya uçan, hərbi avadanlıq daşıyan Rusiya təyyarəsini endirmişdi. Azərbaycan təyyarəsi də əvvəl enmə ilə bağlı xəbərdarlıq etməli, xəbərdarlığa əməl olunmayanda, enməyəndə hərbi təyyarə öz hərəkəti ilə qarşı tərəfə mane olmalıdır və təzyiqlə onu endirməyə çalışmalıdır. Bu da nəticə verməyəndə xəbərdarlıq atəşi açılmalıdır. Bunun ardınca da düşmən təyyarəsini ya özü vurmalı, ya da həmin obyekt yerdən raketlə vurula bilər. Texniki və hüquqi tərəfdən burada heç bir qanunsuzluq yoxdur”.

Ancaq ekspertin sözlərinə görə, beynəlxalq hüquqa uyğun olsa belə, erməni təyyarəsini vuracağı təqdirdə Azərbaycan müəyyən qədər problemlərlə üzləşməli olacaq: "Xocalı aeroportunda uçuşlar həyata keçirəcəyi təqdirdə havaya ilk qalxan mülki təyyarələr olacaq. Məhz təxribat məqsədi ilə ermənilər həmin təyyarələrin içərisini də mülki şəxslərlə tam doldura bilər. İlk olaraq, hərbi təyyarələrin qalxması inandırıcı deyil. Bu, kifayət qədər ciddi və təhlükəli məsələdir. Hesab edirəm ki, dövlət rəhbərliyi bu problemlə bağlı çox ciddi qərar qəbul etməlidir. Azərbaycan səmasında uçan erməni təyyarələrini vurub-vurmamaq, sadəcə rəsmi Bakının verəcəyi qərardan asılıdır”.

A.İsazadə vurğulayıb ki, erməni təyyarəsinin vurulması ilə müharibə riski həddindən artıq çoxalacaq: "Təyyarəni endirən zaman konkret hərbi qüvvələr hərəkətə gətirilir və bu zaman müharibə riski artacaq. Hətta hərbi təlim də hərbi münaqişəyə çevrilmə baxımından riskli sayılır.

Bizim təyyarələr havaya qalxsa, bu zaman erməni tərəf onu vuracaqsa, şübhəsiz ki, biz də cavab atəşi açacağıq. Biz erməni təyyarəsini vursaq, təsəvvür edin ki, erməni təbliğatı nə qədər hay-küy qaldıracaq. 5 nəfərlik heyət ölsə, 550 yazacaqlar, özü də təyyarədə ölənlərin qoca, qadın, uşaq olduğu deyiləcək, hay-küy böyük olacaq. Bu baxımdan biz indidən hansısa addımları planlaşdırmalıyıq”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bildirib ki, ermənilər dəfələrlə bu cür təxribatları mətbuat vasitəsilə yayır. Ancaq erməni tərəf anlamalıdır ki, bu cür təxribatlar yalnız və yalnız münaqişənin həllini olduqca təhlükəli bir məcraya yönəldir. Bir daha bəyan edirik ki, bu, təhlükəli prosesdir, təxribatdır və münaqişənin həllinə xələl gətirməyə yönəlib.

Şəymən