Sessiya başa çatdı, Bakı bəyannaməsi qəbul edildi

Azərbaycan nümayəndə heyəti sənədin bəzi maddələrinə etirazını bildirdi




Ötən gün ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyasının sonuncu plenar iclası baş tutub. Toplantıda sessiyanın Bakı Bəyannaməsi qəbul olunub.

Bəyannamədə qeyd olunub ki, ATƏT məkanındakı münaqişələrin həlli istiqamətində tədbirlərin görülməsi, bu münaqişələrin həllində irəliləyişin sülh yolu və danışıqlar vasitəsilə, o cümlədən BMT Nizamnaməsinə, ATƏT-in Helsinki Yekin Aktına və beynəlxalq hüquqa uyğun şəkildə əldə olunması ATƏT-in əsas vəzifələrindən biridir.

Sənəddə ATƏT-ə üzv dövlətlərin sərhədlərinin toxunulmazlığı və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır, münaqişə regionlarında geniş yayılan və hər il çoxlu sayda insanın, o cümlədən mülki vətəndaşların ölümünə səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış edilib.

"Azərbaycan nümayəndə heyətinin rəhbəri bəyannamənin əleyhinə oldu”

Kibermüharibə və terrorçuluq kimi təhdidlərə qarşı mübarizənin və bu cür təhlükələrin qarşısının alınmasının, bu istiqamətdə fəaliyyətin kibertəhlükəsizlik sahəsində Avropa Birliyinin strategiyasına uyğunlaşdırılmasının vacibliyi də sənəddə qeyd olunub. ATƏT regionunda insan alverinə qarşı, o cümlədən cinsi istismar məqsədilə uşaq alverinə qarşı tədbirlərin gücləndirilməsinin və bu cinayətlərin qurbanlarına hərtərəfli köməklik göstərilməsi üçün lazımi addımların atılmasının önəminə diqqət çəkilib. İnformasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün, habelə terrorçuluğa çağırış, onun maliyyələşdirilməsi və terrorçuların ələ alınması üçün istifadə olunması tendensiyalarından sənəddə narahatlıq ifadə olunub. ATƏT-ə üzv ölkələr informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görməyə və bu tədbirlərin milli qanunvericiliyə, beynəlxalq hüquqa, ATƏT çərçivəsində götürülən siyasi öhdəliklərə uyğunluğunu təmin etməyə çağırıb.

ATƏT PA-nın Bakı Bəyannaməsində Ukrayna böhranına da geniş yer ayrılıb. Sənəddə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunub. Həmçinin ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilib.

Bakı Bəyannaməsində Əfqanıstanla əməkdaşlığının davam etdirilməsi, ATƏT regionunda sosial-iqtisadi hüquqların qorunması və təşviq edilməsi, ərzaq təhlükəsizliyi, immiqrasiya məsələləri, qaçqın və məcburi köçkünlərin vəziyyəti, mədəni mülkiyyətin qorunması, işgəncələrə qarşı mübarizə və s. məsələlərə də toxunulub.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bəyannamənin 137, 138 və 139-cu bəndlərinə etiraz edib: "ATƏT-in Azərbaycanda əlaqələndirici ofisi fəaliyyət göstərir və bu bizi qane edir. Biz 139-cu bəndin də əleyhinəyik”.
Xatırladaq ki, layihənin 138-ci bəndində ATƏT-in daimi nümayəndəliyinin açılması istənilib.
Amma buna baxmayaraq, 140 bəndlik "Bakı Bəyannaməsi” səs çoxluğu ilə qəbul olunub.


"Həmin şəxs vaxtında qeydə alınmış olsaydı, bu gün bu sessiyada iştirak edə bilərdi”

B.Muradova həmçinin danimarkalı parlamentar Karsten Lauritzenin AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmaması ilə bağlı ittihamlarına da cavab verib.

B.Muradova deyib ki, təşkilatçı tərəf Azərbaycan olsa da, bu qurumun öz qaydaları və proseduru var. O bildirib ki, Azərbaycan sadəcə, ATƏT-in tədbirində iclas zalına şəxslərin buraxılması, onların qeydə alınması və iştirakının təsdiq edilməsi ilə bağlı prosedur qaydalarına əməl edib: "Onun bura daxil olmamasının səbəbi Azərbaycan hökuməti deyil, ATƏT PA və onun daxili qaydalarıdır. Həmin şəxs vaxtında qeydə alınmış olsaydı, bu gün bu sessiyada iştirak edə bilərdi. Gördüyünüz kimi, burada çoxlu sayda mətbuat təmsilçiləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və müxalif mövqeyi ilə seçilən şəxslər iştirak edir. Onlar sadəcə, vaxtında prosedur qaydalarına əməl edib, qeydiyyatdan keçiblər və indi də zaldadırlar”.
Daha sonra ATƏT PA-nın yeni prezidenti seçilib.
Səsvermə nəticəsində bu vəzifəyə Finlandiya nümayəndə heyətinin rəhbəri İlkka Kanerva layiq görülüb.
İ.Kanerva ona göstərilən etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.

Sessiya başa çatdı

Bununla da Assambleyanın iyunun 28-də başlayan 23-cü yay sessiyası öz işini başa çatdırıb. Sessiya çərçivəsində qurumun Siyasi Məsələlər və Təhlükəsizlik, Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər, İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit komitələrinin iclasları keçirilib.

İclaslarda müzakirəyə çıxarılan "Terrorçuluğa qarşı mübarizə” "Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin açıq, kobud və ədalətsiz şəkildə pozulması”, "Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” və ATƏT regionunda qaçqınların vəziyyəti”, "ATƏT regionunda sosial iqtisadi hüquqların müdafiəsi və inkişafı”, "ATƏT-in 40 illiyi - bölgədə iqtisadi etibar və ümumi maraqlara cavab verən yaşayış”, "Qida təhlükəsizliyi, su ehtiyatlarının məhdudluğu və ATƏT bölgəsində stabillik” adlı qətnamələr və onlara müxtəlif düzəlişlər qəbul olunub. Daha sonra eyni adlı qətnamələr iyulun 1-2-də keçirilən plenar iclasda müzakirəyə çıxarılaraq bəzi düzəlişlərlə təsdiqlənib. Sessiyada Ukrayna, o cümlədən Krımla bağlı müzakirələr keçirilib və bu problemlə bağlı Bakı Qrupu yaradılıb.

Anar Bayramoğlu