“Facebook” nağıllar aləmidir

Tüstü, yaxud duman, sis çəkilən kimi gerçəyi görürsən



Sosial şəbəkələr insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Bu gün artıq adi insanlar kimi öz sahələrində fərqlənən, tanınmış şəxslər də "facebook” adlanan sosial şəbəkələrdən istifadə edirlər.

"Facebook”da bir qrup insanlar həyatlarının hər keçirdiyi dəqiqəsini belə status və ya şəkil formasında paylaşaraq onu ictimailəşdirir. Bu da bəzən digər istifadəçilər tərəfindən heç xoş qarşılanmır. Bir çox hallarda gənc yeniyetmələr öz "facebook” səhifələrində əcaib, qeyri-etik, normal düşüncəyə sığmayan paylaşımlar edirlər.

Biz də "Şərq” qəzeti olaraq müxtəlif sahələrdə çalışan bir qrup tanınmış şəxslərin "facebook” kimi sosial fəaliyyətinə münasibətlərini öyrənmək istədik.

"Facebook” mənim üçün bir iş həyatıdır”

Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərovaya görə, "facebook” onun üçün iş həyatıdır: "Təşkilatımızın fəaliyyətinin daha yayılması və əlaqələrimizin genişlənməsi baxımından bir vasitədir. Dostluğumda 5000 nəfər insan və 2000 izləyicim var. "Tvitter”də də əlavə bu qədər izləyənlərim var. Günün 2 saatını "facebook”da "statuslar” paylaşaraq xəbər oxuyaraq, mənə gələn sorğuları cavablandırmağa sərf edirəm. Bu o demək deyil ki, onlar yazan zaman mən hər birinə cavab yazmalıyam. Həmin gün olmasın, bir neçə gün sonra da cavab yazmaq olar. Sadəcə, sosial şəbəkədə insanlara məlumat vermək və əlaqə yaratmaq üçün sosial şəbəkə formasında yaxşı platformadır. Buradan bezməmişəm. Hesabımı bağlamağa qərar verməmişəm və fikirləşmirəm. Çünki bu gün "facebook” tək mənim yox, bütün gənclərin, orta nəslin həyatındadır. Bunu ancaq müsbət qiymətləndirməyi düşünürəm”.

"Facebook”un çox vaxt almasına gəlincə, G.Səfərova insanların vaxtlarını özləri müəyyənləşdirməli olduğu qənaətindədi: "Bu artıq daha çox vaxt idarə edilməsi ilə bağlı problemdir. Əgər bu gün "facebook”da insanlarımız olmasa belə, yenə vaxt sarıdan şikayətlənəcəklər. Ona görə ki, dünya qloballaşır, insanlar daha da çevik olurlar. Nəticə etibarı ilə vaxt azalır”.

Nəğməkar-şair Vüqar Əhməd hesab edir ki, burada vaxtını səmərəli keçirir: "Məzmunlu məqalələr paylaşırlar. Seçim aparıb oxuyuram. Çoxlu dəyərli dostlar qazanmışam. Artıq 5000 dostum var. Onlar əsərlərimi paylaşırlar, oxucularım durmadan artır. "Facebook”un sayəsində xarici ölkədə çoxlu mənim əsərlərimi mütaliə edənlər də var. Xarici kanallara dəvət alıram. Xarici saytlarda əsərlərim çap olunur. Hər gün yaradıcılığım barədə mənə yüzlərlə xoş sözlər yazırlar. Onları paylaşmıram, çünki qeyri-təvazökarlıq kimi görünər. Gənc yaradıcı şəxslərin işlərini paylaşıram, təbliğ edirəm, ruhlandırıram. Günün 1-2 saatını, boş vaxtım olanda 5-8 saata qədər "facebook”da oluram.

"Pornoqrafiya şəkilləri paylaşmaq əxlaqsızlıq və şərəfsizlikdir”

V.Əhməd əvvəllər 7 dəfə "feys” hesabının bağlandığını da qeyd edib: "İndi göz dəyməsin, 1 ildir bağlanmır. Söyüşü və pornoqrafik şəkilləri görəndə əsəbiləşirəm. Pornoqrafiya şəkilləri paylaşmaq əxlaqsızlıq və şərəfsizlikdir. Bir-birinə "dost” deyib, söyüşürlər. Qız-gəlin, gənc qızlar var. Mən həmin dostu "blok” edirəm”.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza "facebook” hesabının iş prosesində daim açıq qalır: "FB sosial şəbəkəsi təkcə Azərbaycan deyil, dünyanın bütün ölkələrində populyardır. Burada təkcə işsiz-gücsüz, başdan xarab insanlar yox, həm də ziyalı insanlar, iş adamları, millət vəkilləri, eyni zamanda tanınmış simalar özlərinə profil yaradaraq gündəlik paylaşımlar edirlər. "Facebook” olmasa, operativ informasiya baxımından qəzetləri üstələyən xəbər saytlarının reytinqi çox aşağı düşər. Çünki "facebook” sosial şəbəkəsi vasitəsilə saytdakı xəbər paylaşım ediləndə daha çox oxunma sayı olur. Xəbər saytının taleyi "facebook”dan asılıdır. Yüzlərlə xəbər saytı fəaliyyət göstərir və gündə də belə saytlar artır. İnformasiyanın yayılma sürəti də bilavasitə "facebook”dan asılıdır. Məsələn, maraqlı başlıqlı xəbər bölüşülür, aşağı oxucu sayına baxanda 10-15 min arası göstərilir. YB-nin mətbuat xidmətinin işini həm də "facebook” üzərindən qurmuşuq. Qurumun mətbuat xidmətinin burada səhifəsi və YB-nin qrupu var. Ayb.az saytında paylaşdığımız xəbəri orada paylaşanda informasiyadan bütün mətbuat xəbər tutur. Nəticədə digər saytlarda ayb.az istinad göstərilərək yayılır. Buna görə də "facebook”un lazımsız olduğunu hesab etmirəm”.

X.Rza saxta profillər tərəfindən göndərilən qeyri-etik xarakterli mesajlarla rastlaşdığı vaxtlar da olduğunu vurğulayıb: "Belə tipli saxta profillərdən bezmişəm. Spamlar, viruslar gəlməsinə baxmayaraq heç bir zaman hesabımı bağlamağa qərar verməmişəm. Əksinə, "feys” hesabımdakı dostların sayını daha da çoxaltmağı fikirləşirəm. Lakin hər göndərilən dostluq təklifini də qəbul etmirəm. Yalnız tanınmış şəxslərin və ya həmin şəxsin paylaşdıqlarına nəzər yetirirəm. Əgər ağlı başında olan insandırsa, dostluğunu qəbul etmək olar”.

"Facebook” həm də insanların iç üzünü aşkara çıxarır”

X.Rzanın fikrincə, "facebook” həm də insanların iç üzünü aşkara çıxarır: "Kiminsə səhifəsinə daxil olub 10 paylaşımına baxıb, insanın kim olduğunu bilmək mümkündür. Eyni zamanda nə işlə məşğul olduğunu da müəyyənləşdirmək olar”.

X.Rza "facebook”un mobil xərclərin qarşısını aldığını da bildirib: "Yeri gələndə zəng edib danışaraq kontura pul sərf etməyə ehtiyac qalmır. Çünki elə "facebook”da dostluğumda olanlar orada mənə yazırlar. Həmçinin, nömrəmi bilməyən hər hansı bizə aid olan mövzu ilə bağlı jurnalistlər mənə "feys”də yazaraq münasibət öyrənirlər”.

"Facebook” mənim üçün indi bir çox sahələri əvəz edir və həyat zərurətinə çevrilib”

Telejurnalist İlhamiyyə Rzayeva "facebook”u bağlamaq və sosial şəbəkələrdən bezərək uzaqlaşmaq istədiyiniz anlar olubmu” sualını "yox elə anlar olmur” - deyə cavablandırıb: "Çünki FB mənim üçün indi bir çox sahələri əvəz edir və həyat zərurətinə çevrilib. Ümumiyyətlə, ictimai fəaliyyəti olan insanlar "facebook”suz və sosial mediasız keçinə bilməzlər”.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elşad Miraləm hesab edir ki, sosial şəbəkələr müasir dövrdə cəmiyyət həyatının vacib bir hissəsinə çevrilib: "İctimai rəylə maraqlanan, yaxud öz gündəlik işində ictimai rəyi nəzərə almalı olan şəxslərin sosial şəbəkələrdən uzaq qalması

praktiki baxımdan çətindir. Eyni zamanda, müasir texnologiyaların yaratdığı bu imkandan səmərəli şəkildə istifadə etmək daha doğru olar”.

"Bir neçə dəfə "facebook”dan bezdiyim və bağlamaq barədə düşündüyüm vaxtlar olub, ancaq qərar verdiyim situasiyalar yaranmayıb”.

"Facebook” hesabını bağlamaq həddinə gəldiyi an E.Miraləm sosial şəbəkənin verdiyi texniki imkanlardan faydalanmağa üstünlük verir: "Müəyyən texniki əməliyyatlar vasitəsilə bu cür vəziyyətlərdən çıxmağa çalışıram”.

Modern.az saytının redaktoru Əziz Rzazadə "facebook”u nağıllar aləminə bənzədir: "Tüstü, yaxud duman, sis çəkilən kimi gerçəyi görürsən. Qədimdə yaponlar - kişili, qadınlı qaşlarını aldırardılar. Çünki qaş insanın əsl hisslərini büruzə verir. Saxta qaşlarda isə içi gizlətmək çox asandır. "Facebook” da eyni vəzifəni yerinə yetirir. O qədər vurub-yıxan pəhləvanlar var ki, bu xəyali diyarda. Gerçəkdə heç qarışqanı öldürməyə qadir deyillər. "Facebook” nağıllar aləmidi. Ona qoşulanlar da bu nağılın iştirakçısı olur”.

"İkinci dəfə "nağıllar aləmi”nə bircə nəfərə görə baş vurmuşam”

Ə.Rzazadə "feys” səhifəsini bir dəfə bağladığını, dostluqdan da hamını sildiyini gizlətməyib: "İndi ikinci dəfə "nağıllar aləmi”nə baş vurmuşam. Bircə nəfərə görə. O da məni elə karıxdırıb və elə sehirləyib ki, daşa dönmüş vəziyyətdən məni ancaq bir mələk xilas edə bilər”. Həmsöhbətimiz o mələyin kimliyini isə açıqlamayıb.

Vüqar Şahinoğlu