İhsanoğlu Ərdoğana qarşı...

Türkiyə yeni prezidentini seçir




Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi rəsmi olaraq açıqlandı. Əslində baş nazirin namizəd olacağı əvvəlcədən bəlli idi. Buna görə də, ölkə müxalifəti birləşərək Ərdoğana qarşı daha ciddi kartdan istifadə etmək qərarına gəldi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş rəhbəri Əkmələddin İhsanoğlunun prezidentliyə namizədliyini irəli sürdü.

Türkiyədə çoxları İhsanoğlunun prezident seçkilərində kifayət qədər şanslı olmadığını hesab etsələr də, müxalifətin güclü namizədlə seçkiyə qatıldığını iddia edənlər az deyil. Ən azından ona görə ki, bələdiyyə seçkilərində məğlubiyyətə uğrayan və hakim partiyanın bir nömrəli düşməninə çevrilən Fətullah Gülən camaatı heç şübhəsiz səslərini İhsanoğluna verəcək. Bu isə birmənalı olaraq seçkilərdəki səs nisbətinə təsir edəcək. Amma namizədlərin şanslarını dəyərləndirən bir çox ekspertlər vurğulayırlar ki, Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkiləri əvvəlkilərdən ciddi şəkildə fərqlənir. Çünki 2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən Türkiyə prezidenti 7 illiyə deyil, 5 illiyə və parlament tərəfindən deyil, məhz xalq tərəfindən seçiləcək. Əksər politoloqların fikrincə, müxalifətin vahid namizəd elan etdiyi İhsanoğlunun Türkiyədə siyasi baxımdan bir o qədər tanınmaması, Suriya məsələsində Ankaranın ümidlərini puça çıxarması onun prezident seçkilərində şansını minimuma endirib. Hətta bir çox analitiklər hesab edirlər ki, İhsanoğlunun namizədliyinin irəli sürülməsi ilə ölkədə prezident seçkilərinin ikinci turuna ehtiyac qalmayacaq və Ərdoğan birinci turda prezident seçiləcək. İhsanoğlunun qarşısındakı ən ciddi əngəl isə ölkədəki ələvi vətəndaşların onu dəstəkləməməsidir. Ərdoğan isə prezident seçiləcəyi təqdirdə çoxlu yeniliklər vəd edir. Bir çox sahələrdə dəyişikliyin baş verəcəyi və ölkə iqtisadiyyatının yüksəldiləcəyinə söz verən Ərdoğan Türkiyəyə yeni rəhbərlik və idarəetmə sistemi gətirəcəyini deyir. Düzdür, son dövrlər AKP hökumətinin adı bir çox neqativ məsələlərdə hallanır. Ancaq inkişaf səviyyəsinə görə digər müsəlman-türk dövlətlərindən qabaqda dayanan qardaş ölkə region, xüsusən də Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Bu səbəbdən orada baş verən istənilən dəyişiklik Azərbaycanı

da maraqlandırır. Türkiyədə hansı namizədin daha şanslı olduğunu və ümumilikdə gözlənilən dəyişikliyin nələr vəd etdiyini öyrənmək üçün bir neçə partiya rəhbəri ilə əlaqə saxladıq.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu AKP hökumətinin açıq şəkildə bolşevizmə doğru yuvarlandığını deyir. Onun fikrincə, indiki münasibətlər sistemində Ərdoğan prezident olacaqsa, Türkiyə demokratiyaya doğru inkişaf edə bilməyəcək: "Çünki bütün strukturlar hakim partiyanın əlində olacaq və ölkədə təkpartiyalı siyasi sistem yaranacaq. Düşünürəm ki, demokratiya naminə Ərdoğan öz namizədliyini verməməli idi”. Partiya sədrinin sözlərinə görə, müxalifətin Əkmələddini namizəd göstərməsi Gülən camaatı ilə Ərdoğan arasında baş verən konfliktə hesablanıb: "Vaxtı ilə AKP-yə səs verən böyük bir dini kəsimin, hardasa 10 milyonluq nurçu seçicinin İhsanoğlunu dəstəkləməsi müxalifət üçün qaçılmaz fürsətdir. Amma yenə də hər şey türk xalqının seçimindən asılıdır”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə şanslı namizədin kimliyini söyləməkdə çətinlik çəkir: "İhsanoğlunu şəxsən tanıyıram. O, İslam Konfransı Təşkilatının baş katibi olanda mən həmin qurumun Parlament İttifaqının üzvü idim. Əkmələddin bəy yüksək mədəniyyətli, əqidəli və Atatürk ideallarına sadiq olan bir insandır. Şəxsən ona ciddi hörmətim var. Hesab edirəm ki, təbliğatı ciddi şəkildə qurulsa, Türkiyədə İhsanoğlunun şansı daha yüksəkdir. Amma seçkilər nə dərəcədə ədalətli keçiriləcək, bu barədə bir söz deyə bilmirəm”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə seçkilərdə Ərdoğanın qalib gələcəyini söyləyib: "Baş nazirin apardığı son kampaniyalar onun təbliğatı kimi özünü göstərdi. Eləcə də ictimai rəy sorğuları və ona alternativ namizədlər barədə deyilənlər Ərdoğanın qələbə qazanacağını şərtləndirir. İndi Türkiyədə daha çox ikinci turun olub-olmaması müzakirə edilir. Amma böyük ehtimalla Ərdoğan elə ilk turda da qalib olacaq”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu müxalif cinahın namizədini dəstəkləyir: "Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və digər siyasi qurumların vahid namizəd kimi İhsanoğlunu müdafiə etmələri Türkiyə dövləti, xalqı və bütövlükdə dünya demokratiyası üçün vacib elementdir. Bizim düşüncəmiz odur ki, seçkilərdə saxtakarlıq, müdaxilə olmasa, Əkmələddin Ərdoğanı məğlubiyyətə uğradacaq”.

İsmayıl