Poroşenko ümidləri doğrultmur

Ukrayna ikinci müharibənin astanasındadır




Ukraynanın yeni dövlət başçısı Petro Poroşenkodan gözləntilər böyük idi. Yeni prezidentin ölkədəki xaotik durumu aradan qaldıracağına ümid bəslənirdi. Amma son yaşananlar göstərir ki, Poroşenko ümidləri doğrulda bilmir. Ölkədəki siyasi, iqtisadi böhran və silahlı qarşıdurma amansız məcraya yönəlib. Seçkilərdən sonra yeni rəhbər Rusiya-Ukrayna münasibətlərinin yaxşılaşacağı, məsələnin dialoq yolu ilə həll olunacağı və ölkənin terror qruplaşmalarından təmizlənəcəyini vəd etsə də, hazırda bunların əksi yaşanır.

Ötən günlərdə Moskva gizli kəşfiyyat orqanının barmaq işarəsi ilə hərəkətə gətirilən separatçılarla Ukrayna ordusu arasında qeydə alınan silahlı toqquşmada yüzlərlə ölən və yaralanan olub. Üstəgəl, Ukraynanın Avropa Birliyi ilə Assosiativ sazişə imza atmasından sonra şimal qonşumuzla Ukrayna arasındakı münasibətlər kritik həddə çatıb. Rəsmi Moskva Kiyevə qarşı iqtisadi sanksiyalarını işə salıb. Kreml rəhbəri Vladimir Putin Kiyevdən qaza olan 3, 3 milyard dollar borcunu tələb edir. Ukraynaya qazı öncədən aylıq ödəmələr əsasında verə biləcəyini söyləyib. Putin Ukraynanın cənub-şərqində baş qaldıran hərbi əməliyyatlara görə, Poroşenkonu qınayıb. Hadisələrin alt qatında rəsmi Kiyevin dayandığını iddia edib: "Oradakı soydaşlarımız dil, mədəniyyət və hüquqlarının təhlükə altında olmasını yaxşı görürlər. Belə olan halda necə reaksiya verməlidirlər? Əlbəttə, ciddi etiraz etməlidirlər. Krımda, Sevastopolda Ukrayna milliyyətçilərinin və radikallarının soydaşlarımıza divan tutmalarına göz yuma bilmərik”.

Putin Rusiya-Ukrayna münasibətlərindəki kəskin soyuqlaşmada Poroşenkonu ittiham edib: "İstəyirik ki, onlarla birgə çalışaq. Yeni hüquqi bazalar və strateji əməkdaşlıqlar quraq. Ona görə də konstruktiv dialoqa hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Qarşılıqlı hörmət əsasında münasibətlər tələb edirik. Amma rəsmi Kiyev münasibətlərin yaxşılaşmasında maraqlı deyil”.

Ukraynanın gələcək aqibətini şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, professor Elman Nəsirli deyib ki, Qərbi daha çox düşündürən Ukraynanın cənub-şərq ərazilərindəki hərbi əməliyyatlardı və Qərb bu prosesdə heç bir halda güzəştə getməyəcək.

Politoloq qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Cimi Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Zbiqnev Bzejinski son günlər köhnə tezisini daha tez-tez səsləndirməyə başlayıb: "O hesab edir ki, hazırda Obama administrasiyasının Ukraynadakı hadisələr fonunda Rusiya ilə yumşaq davranışı uzaqgörən məqsədlər güdür. Məqsədlər də ondan ibarətdir ki, bu vəziyyətdə Rusiya daha da şirniklənmiş olsun. Belə olan halda aşağılardan tələblər başlatsın. Yəni Avropa ölkələrinin ictimaiyyəti ayağa qalxsın ki, nə vaxta qədər böyük dövlətlər, Amerika başda olmaqla, Rusiyanın bu şıltaqlığına dözəcəklər? Bzejinskinin son vaxtlar verdiyi müsahibələrdə bu teziz çox aktual şəkildə vurğulanır”.

Yeni prezident Pyotr Poroşenkodan gözləntilərə gəlincə, E.Nəsirli vurğulayıb ki, bundan sonra Ukraynanın yeni siyasətində Qərb istiqaməti prioritet olacaq: "Bunu Rusiya ilə bütün körpülərin yandırılması siyasəti kimi də qəbul etmək olmaz. Yeri gəlmişkən, Fransada Rusiya prezidenti V.Putinlə Pyotr Poroşenkonun danışıqları olub. Onlar siyasi dialoqun davam etdirilməsi ilə bağlı mövqe ortalığa qoyublar.

Bundan sonrakı dövrdə, Poroşenkonun öz məntiqi ilə desək, 3 ay ərzində Ukraynanın cənub-şərq əraziləri ilə bağlı məsələ, oradakı separatizmin aradan qaldırılması istiqamətində addımlar atılacaq. Bu, yeni prezidentin prioritetləridir. Qərblə, ABŞ və Avropa Birliyi ilə hərbi

təhlükəsizlik sahəsində, iqtisadi, siyasi sferalarda əlaqələrin daha da dərinləşməsi xətti seçiləcək. Eyni zamanda, Ukraynanın Avropa İttifaqına inteqrasiyası prosesinə yeni elementlər əlavə olunacaq. Ukraynanın NATO ilə bağlı siyasətində həlledici addımlar atılması proqnozlaşdırılandır. NATO-nun qarşıdakı London sammitində Ukrayna ilə bağlı Qərbin daha çevik mexanizmləri işə salacağı istisna deyil”.

Politoloq onu də diqqətə çatdırıb ki, Ukraynanın itkisinin əvəzi olaraq, Rusiya Azərbaycanla münasibətləri dərinləşdirmə xəttini seçə bilər: "Rus mətbuatı belə izah edir ki, Azərbaycanın əhəmiyyəti daha da güclənmiş oldu. Azərbaycan Rusiyaya strateji tərəfdaş kimi yanaşır. Əlaqələrin inkişafında maraqlıdır. İstənilən halda Azərbaycanın milli və dövlətçilik maraqlarının qorunması prioritet məsələdir. Ölkə prezidenti İlham Əliyev də dəfələrlə qeyd edib ki, Azərbaycanın atdığı bütün addımlar ölkənin milli maraqlarının müdafiəsindən qaynaqlanır. Bu baxımdan Azərbaycanın Rusiya ilə yeni geosiyasi reallıqlar fonunda əməkdaşlığı dərinləşdirmək niyyəti hər zaman olub. Əsas odur ki, bütün bunlar Azərbaycanın milli maraqlarını təmin etsin. Eyni zamanda Rusiya da adekvat addımlar atsın. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həlledici mövqe ortaya qoysun”.

Ayyət Əhməd