Can bazarı...

Hələ də xəstələrə “potensial pul mənbəyi” kimi baxırlar




Ölkədə fəaliyyət göstərən əksər dövlət xəstəxanalarında vəziyyət çox acınacaqlıdır. Dövlət xəstəxanasıdır deyib, pulsuz tibbi xidmət ümidi ilə xəstəxanaya pənah aparan pasiyentlərin ümidləri qısa zamanda puç olur. Xəstəxananın girişindən başlayaraq xərcə düşən vətəndaşlar qapıdan içəri girdiyinə peşman olur. Xəstələrdən dərman pulu yığan kim, palata pulu yığan kim. Hətta bəzi xəstəxanalarda liftdə çıxıb-düşmək də pulnandır.

Tibb işçiləri "həkimin gözü xəstənin cibindədir” ifadəsindən incik düşsələr də, dövlət xəstəxanalarına üz tutan xəstələrə müalicə pullu klinikalardan da baha başa gəlir. Adı pulsuz, özü isə puldan baha olan xəstəxanalardan biri də Mirqasımov adına Respublika Kliniki Xəstəxanasıdır. Sözügedən xəstəxanada pulu olmayanın ölümə məhkum olduğunu bir müddət öncə ağır qəzaya düçar olmuş, keçirdiyi avtomobil qəzası səbəbindən yolu oralara düşən həmkarımız, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) əməkdaşı Ağanisə Sultanova deyib. Ağır bədən xəsarətləri almış Ağanisə Sultanova bir müddət Respublika Kliniki Xəstəxanasında müalicə olunub, indi evindədir. Telejurnalist mətbuatda haqqında yazılan məlumatlardan narazılıq edib. Səhiyyə Nazirliyinin onun müalicəsini nəzarətə götürməsi ilə bağlı yayılan məlumatların tamamilə əsassız olduğunu vurğulayan telejurnalist deyib ki, qətiyyən ona heç bir köməklik olmayıb: "Səhiyyə Nazirliyi nəinki maddi yardım, heç mənəvi dəstəyini belə, göstərməyib. Ümumiyyətlə, nazirlik mənim ağır vəziyyətimlə maraqlanmayıb.

Qəza keçirəndən sonra Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyini vurğulayan həmkarımız xəstəxanada gördüklərindən dəhşətə gəlib: "Cənab prezidentin səhiyyə sahəsinə bu dərəcədə diqqət və qayğı göstərdiyi vaxtda Respublika Kliniki Xəstəxanasında reanimasiya şöbəsində çox acınacaqlı hallar baş verir. Xəstələrlə kobud rəftar sözlə ifadə ediləsi deyil. Hətta, xəstələrə "potensial pul mənbəyi” kimi baxırlar”.

Telejurnalistin də vurğuladığı kimi, ölkədə rüşvət və korrupsiyaya qarşı aparılan mübarizəyə baxmayaraq dövlət xəstəxanalarında "can bazarı” tüğyan edir. Belə olan halda isə sual ortaya çıxır, həkim-xəstə münasibətlərini necə tənzimləmək olar ki, bundan nə dövlət ziyana düşsün, nə də həkimlər və xəstələr narazı qalsın? Bəlkə "pulsuz tibbi xidmət”, elə qanuni olaraq müəyyən imtiyazlı xəstələr də nəzərə alınmaqla pullu xidmətlə əvəz olunsa, daha yaxşı olar?

Tibb elmləri doktoru, professor Adil Qeybulla da dövlət xəstəxanalarında baş verən belə xoşagəlməz halların qarşısını almaq üçün səhiyyədə islahatların sona çatdırılmalı olduğunu bildirib. Ekspert vəziyyətdən çıxış yolu kimi tibb işçilərinin aldıqları məvaciblərin artırılmasının tərəfdarıdır: "Cəmiyyətdə həkimlərə qarşı yersiz basqı var. Çox təəssüflər olsun ki, adını həkim qoyan, cibində tibb diplomu gəzdirən bəzi millət vəkilləri belə həkimlərə basqı prinsipi ilə hərəkət edirlər. Cəmiyyət, ictimaiyyət birdəfəlik anlamalıdır ki, Azərbaycanda həkim və

müəllimlər öz əməyinin qarşılığını ala bilməyən təbəqələrdir. Həkimlərə qarşı "səlib yürüşü” etməzdən əvvəl bu problem öz həllini tapmalıdır. Dünyanın açdığı izlə getməli və Azərbaycanda icbari tibb sığortasını tətbiq etməliyik. Yalnız icbari tibbi sığorta ilə bu problemi həll etmək olar. Sığortadan yığılan vəsait müvafiq tibbi sığorta fondlarına toplanır və vətəndaşları tibbi xidmətə ehtiyacı olduqca fondlardan tibbi profilaktika müəssisəsinin hesabına ödənilir. Yəni artıq burda sığorta vəsaiti hesabına həkimə, tibb işçilərinə artırmalar olur, xəstəxananın bazası təmin edilir. Təbii ki, maaşlar normal həddə gətirib çatdırılır”.

Ekspertin sözlərinə görə, dövlət xəstəxanalarında çalışan həkimlərin aldığı maaş bazar iqtisadiyyatı ilə müqayisədə gülməli bir mənzərə yaradır. Bəs onların əməyi hansı formada kompensasiya olunmalıdır? Gəlin, özümüzü aldatmayaq, ətrafımızda baş verən proseslərə obyektiv yanaşaq: "Hər bir həkim peşəkar, vicdanlı olmalıdır, bu təbiidir. Amma onlar da ağır əməyinin qarşılığını almalıdır axı! Dövlət lazımi tədbirlər görmədiyi üçün də bu əməyin qarşılığı hansısa formada vətəndaşın cibindən çıxır. Hazırda dövlət xəstəxanaları təxminən 160 adda dərman preparatları ilə təmin olunur. Bəs, xəstəyə lazım olan 161-ci dərman necə əldə olunmalıdır? Hesab edirəm ki, xəstəxanaları bu cür limitləndirmək, siyahılaşdırmaq problemin həlli deyil. Məsələni hansısa administrativ yollarla, həkimləri cəzalandırmaq, məsuliyyətə cəlb etməklə də yoluna qoymaq olmayacaq. Nə qədər ki, Azərbaycanda həkim öz əməyinin qarşılığını almayacaq, nə qədər ki, cəmiyyətdə onun əməyinə adekvat dəyər verilməyəcək, bu cür neqativ proseslər davam edəcək. Hətta ən ağır şərtlər altında belə...

Odur ki, Azərbaycan tezliklə icbari tibbi sığortanın tətbiqinə başlamalıdır. Dünya hansı yolla gedirsə, biz də həmin yolla getməliyik. Təzədən Amerika kəşf edə bilmərik axı! İcbari tibb sığortasının tibb xidmətinin mühüm bir komponenti kimi tətbiqinə böyük ehtiyac var. Biz bu məsələdə gecikirik. Ölkə başçısının 1999-cu ildə imzaladığı tibb sığortası haqqında sərəncama baxmayaraq vətəndaşların sosial müdafiəsinin mühüm bir elementi olan icbari tibbi sığortanın tətbiqinə dair real nəticə yoxdur. Hesab edirəm ki, həkimlərin xəstələrdən pul almasından daha çox bu problemi doğuran səbəbləri araşdırmaq lazımdır. Yaxşı olar ki, ictimaiyyət üzvləri, KİV nümayəndələri diqqətini bir az da bu tərəfə yönəltsin”.

Şəymən