Riçard gedir, Robert Sekuta gəlir

“Amerikanın proseslərdən kənarda qalması arzuedilməz olduğu üçün səfirin təyinatı qısa müddətdə həyata keçiriləcək”

ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın səlahiyyət müddəti avqustun 2-də bitəcək. Obama Administrasiyası isə Azərbaycana növbəti ABŞ səfiri olaraq Robert Sekutanın namizədliyini irəli sürmək niyyətindədir.

İyulun 8-də Ağ Ev elan edib ki, Sekuta hazırda Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir. O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Robert Morninqstarın səlahiyyət müddəti bu yay başa çatır. Sekutanın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır. Namizəd səfir barəsində geniş məlumata sahib olmadığını deyən politoloq Qabil Hüseynli bildirib ki, Sekuta haqqında verilən məlumat yalnız onun daha öncə diplomatik fəaliyyət sahibi olması ilə bağlıdır: "Səfirin təyinatını ancaq Senat təsdiq edir. Hazırkı səfir Morninqstarın diplomatik fəaliyyəti başa çatmamış Obama Administrasiyası artıq R.Sekutanın namizədliyini irəli sürüb. Həmin namizədi Senatın təsdiq etdib-etməyəcəyi isə hələlik bəlli deyil”. Politoloqun qənaətincə, ABŞ-ın Azərbaycandakı səfirinin bir başqası ilə əvəz edilməsinin Dağlıq Qarabağa dair Amerika siyasətinin fəallaşdığı bir dövrdə təsadüf etməsi deməyə əsas verir ki, yeni gələn səfir münaqişənin həlli ilə ciddi surətdə məşğul olacaq: "Hər halda haqqında geniş məlumatımız olmasa da, ümid edək ki, problemin həllinə impuls vermək qüdrətinə sahib biridir”. Q.Hüseynlinin sözlərinə görə, Vaşinqton indiki məqamda Bakı ilə münasibətləri gərginləşdirmək istəməz: "ABŞ-ın əsas diqqəti Rusiya və Çinə qarşıdır və bu ölkənin strateji maraqları Azərbaycanla problem çıxarmağı tələb etmir. Onsuz da Azərbaycanla bir çox sahələrdə ABŞ-ın strateji maraqlarına uyğun əlaqələr qurulub. Amerika praqmatik ölkədir”. ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza ilə hazırkı səfir arasında xeyli boşluq oldu. Amma politoloq Qabil Hüseynli hesab edir ki, indiki situasiyada ABŞ-ın Azərbaycana təyin edəcəyi səfir özünü çox gözlətməyəcək: "Əvvəldə də dediyim kimi, yeni səfirin təyinatı da prezidentin siyasi iradəsindən deyil, Senatdan asılıdır. Lakin Amerikanın siyasi maraqları tələb edir ki, mütləq Azərbaycanla diplomatik maraqlar normada olsun. Bu mənada hansısa boşluq yaranacağını güman etmirəm. Əks təqdirdə, Cənubi Qafqazda Rusiya təşəbbüsü ələ ala bilər. Amerikanın proseslərdən kənarda qalması arzuedilməz olduğu üçün səfirin təyinatı qısa müddətdə həyata keçiriləcək”. Yeni səfirin hökumətlə əlaqələrini hansı səviyyədə quracağına gəldikdə isə Q.Hüseynli hesab edir ki, yeni səfir Morninqstardan fərqli olacaq: "Vaşinqton Bakıya Morninqstardan fərqli diplomat göndərəcək və bu diplomat əvvəlki səfir kimi daxili işlərə qarışmayacaq, iradlarını hakimiyyət rəsmilərinə bildirəcək. Daha mətbuat səhifələrinə çıxarmayacaq”.