Qarabağ problemi çözüm ərəfəsindədir

Son günlər gedən proseslər bunu deməyə əsas verir

Dağlıq Qarabağ məsələsi ətrafında maraqlı və ümidverici proseslər cərəyan edir. Ələlxüsus da münaqişənin "düyün nöqtəsi” hesab edilən Rusiyanın vasitəçilikdə fəallıq nümayiş etdirməsi, danışıqlarda problemlə bağlı müəyyən razılığın əldə olunması versiyasını gücləndirir. Hər zaman "bitərəfliyini” qoruyan Fransa da artıq məsələyə aktiv müdaxilə edir. Ən böyük canfəşanlığı isə hər zamankı kimi ABŞ nümayiş etdirir.

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasının təhlükələrə yol açdığını bəyan edib. Bu barədə özünün "twitter” hesabında yazan diplomat status-kvonun getdikcə riskli olduğunu deyərək digər həmsədrlərlə münaqişənin həll variantlarını müzakirə etmək üçün Vaşinqtonu tərk etdiyini bildirib. Bununla yanaşı, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da mətbuata açıqlama verərək "hazırda işğal altında olan Dağlıq Qarabağ ətrafı 7 rayon təcili Azərbaycana qaytarılmalıdır” deyib. Səfir bəyan edib ki, ölkəsi münaqişənin həlli ilə bağlı çox açıq şəkildə mövqeyini bildirib: "Mövqeyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağ istisna olmaqla, işğal altındakı digər rayonlar Azərbaycana geri qaytarılsın. Artıq problemin yekun həlli yolu tapılmalıdır”.

Ancaq məsələ burasındadır ki, Azərbaycan tərəfi Dağlıq Qarabağsız 5-6 rayonun geri qaytarılması təklifinə soyuq yanaşır. Səfirin təklifini dəyərləndirən xarici işlər nazirinin müavini Araz Əzimov vurğulayıb ki, 7 rayonla birlikdə işğal altında olan Dağlıq Qarabağ da boşaldılmalıdır: "Konkret mövqeyimiz belədir. Cənab Prezident də hər zaman bəyan edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır. Yəni cəmi 5-7 rayonun qaytarılmasından söhbət gedə bilməz”.

Hadisələri şərh edən siyasi ekspertlər isə hesab edirlər ki, Azərbaycan Prezidentinin AŞ PA-dakı sərt bəyanatı, səfirlərlə görüşündə verdiyi açıq müharibə mesajı və son günlər cəbhə bölgəsində aparılan genişmiqyaslı təlimlər Qərb dairələrini əməlli-başlı narahat etməyə başlayıb. Qərb ölkələrini ən çox narahat edən məsələ isə Rusiyanın problemi təkbaşına çözmək cəhdidir.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Qərbin narahatlığının bir neçə məsələylə bağlı olduğunu deyib: "Rusiya Azərbaycanı bir neçə rayonu qaytarmaq adıyla aldadıb Avrasiya və ya Gömrük İttifaqına qoşa bilər. Çox güman ki, elə əsas niyyətləri də budur. Bununla yanaşı, Qarabağdakı erməniləri silahlandıraraq bölgədə yenidən müharibəni alovlandıra da bilər. Təbii olaraq Qərb ölkələri bunu istəmirlər. Çünki regionda savaş onların maraqları üçün təhlükə deməkdir. Ona görə, Qərb ölkələri proseslərdən narahatlıq duyur və tələb edirlər ki, münaqişə tezliklə həll olunsun. Amma bunu sadəcə istəmək kifayət etmir. Qərb, xüsusən də, ABŞ məsələyə öz siyasi iradəsini qoymalı, əsgəri və iqtisadi imkanlarını problemin həllinə sərf etməlidir. Yalnız bu halda məsələ uğurla həll oluna bilər”.

V.Quluzadə Azərbaycan rəsmilərinin sadəcə 7 rayonun qaytarılması təklifinə etiraz etmələrini belə şərh edib: "Əslində, Azərbaycan tərəfi təkcə 1 rayonun qaytarılmasına da razılıq verər. Sadəcə olaraq dövlət rəsmiləri bilirlər ki, irəli sürülən təkliflər "nisyə söhbətdir”. Ona görə də elə əvvəlcədən etirazlarını bildirirlər”.

Qafqaz Universitetinin professoru, siyasi ekspert Fərhad Mehdiyev isə Azərbaycanın indiki situasiyadan qazana biləcəyini istisna etmir: "Ukrayna məsələsindən sonra Qərb Rusiyanın xarici politikasının "sirlərini” başa düşdü. Artıq onlar yaxşı bilirlər ki, postsovet ölkələrinin hansında Moskvanın nə qədər gücü və mövqeyi var. Məsələn, Orta Asiya ölkələrində təsir gücü yüksək olan Kreml Qafqaz regionunda zəif mövqedədir. Çünki bu bölgədə Azərbaycan və Gürcüstan Rusiyanın nəzarəti xaricindədir. Bu reallığı görən Qərb ölkələri həm Abxaziya və Osetiya, həm də Dağlıq Qarabağ baxımından indiyə qədər qoruyub saxladıqları mövqelərini dəyişmək qərarına gəliblər. Mən özüm münaqişənin həlli ilə bağlı məsləhətləşmələrdə iştirak etmişəm və ABŞ-ın problemin həllində nə qədər maraqlı və istəkli olduğunu görmüşəm”.

F.Mehdiyevin fikrincə, Qərbin hazırkı mövqeyi Azərbaycanın xeyrinədir. Çünki onlar bizi müdafiə etməyin labüdlüyünü dərk edirlər: "Qərb dairələri görür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində öz həll paketlərini ortaya qoymağa cəhd edir. Ancaq hər kəsə aydındır ki, Moskva bu məsələni öz metodları ilə həll etsə, dərhal qoşunlarını Qarabağda yerləşdirəcək. Bu da Ermənistandakı hərbi baza kimi bir şeydir və tam mənada Rusiyadan asılılıq deməkdir. Bunun geriyə dönüşü yoxdur”.

Politoloq etiraf edir ki, problemin birdəfəlik həlli sadəcə Rusiyanın əlindədir. ABŞ və Fransa rəsmilərinin bəyanatları və fəallığı nəyisə dəyişmək iqtidarında deyil. Amma istənilən halda Azərbaycan yaranmış situasiyadan yararlana bilər: "Məsələn, ABŞ-ın 7 rayonun qaytarılması təklifi ilə Rusiya da razıdır. Əlbəttə, öz rus sülhməramlılarını Qarabağda yerləşdirmək şərti ilə. Amma biz sülhməramlı kontingentin genişlənməsini təklif edərək bölgədə ruslardan başqa digər beynəlxalq silahlı güclərin yerləşdirilməsinə nail ola bilərik. Təbii, bunun yerinə yetirilməsi şərt deyil. Azərbaycan daha sonra bir bəhanə tapıb razılıqdan imtina edə bilər. Əsas odur ki, bu vəziyyət danışıqlarda irəliləyişə səbəb olacaq və ermənilərin mövqeyini zəiflədəcək”.

Müstəqil siyasi təhlilçi Leyla Əliyeva bildirir ki, indiyə qədər Rusiya münaqişənin həllində birtərəfli və qapalı fəaliyyət göstərirdi. Yəni Kremlin məsələyə münasibəti ATƏT-in Minsk Qrupu çərçivəsindən kənara çıxmırdı: "Amma indi Moskva Azərbaycan və Ermənistanın rəqabəti üzərində öz siyasətini qurur və hər iki tərəfə, xüsusilə də Azərbaycana nələrsə vəd edir. Çünki Rusiyanın məqsədi bölgədə stabilliyə nail olmaq yox, bütün Qafqaz ölkələrini öz tərəfinə çəkməkdir. Qərbi narahat edən də məhz budur. İndi aydın şəkildə Kremllə Ağ Ev arasında rəqabət gedir. Bu rəqabətdən Azərbaycanın xeyir əldə edib-etməyəcəyini isə zaman göstərəcək”.