Azərbaycanda bələdiyyə modeli iflas edib

Məhərrəm Zülfüqarlı: “Bələdiyyələrin inkişafı üçün onlara xüsusi səlahiyyətlər verilməlidir”

Bir müddət sonra Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Lakin bu seçkilərə maraq azdır. Bir çox siyasi partiyalar tərəfindən belə bələdiyyə seçkilərinə hazırlıq işləri aparılmır. Çünki bələdiyyələrin fəaliyyəti özünü doğrultmadı. Bələdiyyə seçkilərini "Şərq”ə təhlil edən AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, ölkəmizdə bələdiyyə seçkilərinin keçirilməsinin məqsədi Azərbaycanın Avropa Şurasına üzv olmaq istəyindən doğurdu. Çünki Avropa Şurası üzvlük üçün Azərbaycanın qarşısına ölkədə bələdiyyə seçkiləri keçirilməsi şərtini qoymuşdu. Bu bələdiyyə seçkiləri də zərurətdən deyil, qoyulan tələbə görə keçirildi. 1999-cu ildən sonra bələdiyyələrin inkişafı və öz funksiyalarını layiqincə yerinə yetirməsinə ümid edilirdi, lakin belə olmadı. Ona görə ki, bələdiyyələrə aid səlahiyyətlər eyni zamanda icra orqanlarına verildi.

Məsələn, rayon icra hakimiyyətinə aid bəzi səlahiyyətlər həm də paralel şəkildə bələdiyyələrə verildi. İcra hakimiyyətləri isə bələdiyyələrin həmin səlahiyyətlərdən istifadə etməsinə imkan yaratmır”.

M.Zülfüqarlının sözlərinə görə, bələdiyyələrin fəaliyyətinin ilk illərində cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, bələdiyyələr ərazi üzrə yerlərdə inkişaf edərək iki hakimiyyətlilik yaranacaq: "Yəni həm xalqın seçdiyi bələdiyyələr, həm də prezidentin təyin etdiyi yerlərdəki nümayəndələr, yəni icra başçıları fəaliyyət göstərəcək. Bunların da öz aralarında yaxşı xidmət göstərmək naminə rəqabətə girəcəkləri gözlənilirdi. Təəssüflər olsun ki, bu gözləntilər özünü doğrultmadı. Çünki icra başçıları müddətsiz təyin edilir, bələdiyyələr isə 5 il müddətinə seçilir. Məsələn, köhnə icra başçısının dövründə seçilən bələdiyyələr yeni icra hakimiyyəti başçısının xoşuna gəlmirdi. Nəticədə bir neçə bələdiyyə sədrinə qarşı cinayət işləri açıldı və bir çoxu həbs olundu. Bu da ona gətirib çıxardı ki, nəinki müxalifət partiyaları, hətta hakimiyyətə yaxın şəxslər və ya hökumət nümayəndələrinin seçkilərə marağı itdi”.

Xarici təcrübəyə də toxunan Z.Məhərrəmli bələdiyyələrin bir neçə formasından danışıb: "Məsələn, İngiltərədə də bələdiyyə modeli var. Bu cür siyasi sistemlərdə prezidentin yerli nümayəndələri olmur. Yerlərdəki nümayəndələr hamısı seçkili qurumlardan-bələdiyyələrdən ibarətdir. ABŞ-da da belə bələdiyyələr fəaliyyət göstərir. Digəri fransız formasıdır. Bu model həm Türkiyədə, həm də bizdə tətbiq olunur. Fransız bələdiyyə modelinə görə, yerlərdə həm bələdiyyələrin, həm də prezidentin nümayəndələri fəaliyyət göstərir.

Seçkilər üzrə ekspert təklif edib ki, Azərbaycanda bələdiyyələrin inkişafı üçün onlara xüsusi səlahiyyətlər verilsin: "Başqa qurumlara məxsus səlahiyyətlər yox, ancaq onlara məxsus səlahiyyətlər olmalıdır. Onların işinə isə hər hansı qurumun qarışmasına qanunla icazə verilməsin”.