"Dövlət üzərinə götürdüyü sosial öhdəlikləri uğurla həyata keçirir" - Deputat






"2016-2017-ci illər Azərbaycan üçün iqtisadi cəhətdən sınaq dövrü oldu”.

"Sherg.az” xəbər verir ki, bunu millət vəkili Rasim Musabəyov bildirib. 

Deputat vurğulayıb ki, Azərbaycan qeyd edilən çətin dönəmdən uğurla çıxa bildi, sosial siyasət xəttini axsatmadan davam etdirdi:

"2016-2017-ci illərdə neftin qiymətinin və hasilatının aşağı düşməsi, manatın devalvasiyası Azərbaycan iqtisadiyyatına təsir göstərdi. Həmin vaxt imza atdığımız iri layihələr isə heç bir gəlir gətirmirdi, əskinə onların inşasına vəsait xərclənirdi. Bütün bunlara rəğmən Azərbaycan iqtisadiyyatı bu sınaqlardan üzüağ çıxdı.

Müqayisə üçün qeyd edim ki, neft ölkəsi olan, hətta neft ehtiyatları Azərbaycandan qat-qat çox olan dövlətlərdə isə iqtisadi vəziyyət gündən-günə pisləşir. Azərbaycanda çətinliklər yaşanan dövrdə belə dövlət üzərinə götürdüyü sosial öhdəlikləri uğurla həyata keçirdi və bu gün də müvəffəqiyyətlə davam etdirir. Əsas iki istiqamət – ordu və əhalinin sosial vəziyyəti ilə bağlı qarşıya qoyulmuş məqsədlər, tam təminat axsamadan davam etdirildi. Prezident İlham Əliyev şəhid ailələrinə, veteranlara, Qarabağ, Böyük Vətən müharibələri və Çernobıl əlillərinə ev, avtomobil verilməsi tədbirində şəxsən iştirak etdi. Bundan sonra isə, sərəncam verərək, daha 500 ailənin mənzillərlə təmin edilməsi üçün təşəbbüs göstərdi. Şəhid ailələrinə, əlillərə ayrılan vəsait artırıldı. 

Eyni zamanda əhalinin sosial vəziyyəti zəif olan təbəqəsi üçün də sosial mənzillərin tikilməsi prosesi davam etdirilir. Bu, kifayət qədər ciddi sahədir və insanların problemlərinin həlli üçün yüksək dəyərləndiriləcək addımlar həyata keçirilir. Hesab edirəm ki, dövlətin sosial siyasət xətti hər zaman davam edəcək və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər genişləndiriləcək. Hazırda neftin qiyməti Azərbaycanın büdcəsinə uyğun səviyyədədir. Ona görə, iri layihələrin həyata keçirilməsi fonunda əhali üçün daha əlverişli sosial şərait formalaşdırılacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da tədbirdə iştirak ediblər.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilib.

Aysel Aslan