"Əkin sahələrini yandırmaq torpağa, eləcə də ətrafa ziyan vurur" - Yandırmayın !

"Tarladakı qalıqları yandıranlar guya torpağa "ikinci nəfəs” verirlər. Amma mütəxəssislər iddia edirlər ki, müasir dövrdə əkin sahələrini yandırmaq xeyirdən çox ziyan vurur”.
Bunu "sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimli son günlər bir sıra sahibkarların əkin sahələrini səhlənkarcasına yandıraraq ətrafa ciddi ziyan vurmaları ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
İqtisadçının sözlərinə görə, belə motoddan istifadə edilməsi daha çox iqtisadi ziyana və digər problemlərə səbəb olur:
"Torpağın üzərindəki qalıqları yandırmaqla ilk növbədə ərazinin üzərindən keçən elektrik naqillərinə zərər vurulur. Digər kommunikasiya xəttlərinə də problem yaradılır. Ərazilərin yandırılması meşə yanğınlarına da çevrilə bilər. Əslində əkin sahələrini yandırmağı əvəz edən yeni üsullar mövcuddur. Müasir dövrdə fermerlər müəyyən minerallardan, qatqılardan istifadə edirlər. Həmin mineralları torpağa verməklə ərazini yenidən münbitləşdirmək mümkündür. Lakin bəzi fermerlər əlavə xərc çəkməmək, daha çox gəlir əldə etmək üçün dədə-baba üsulu ilə tarladakı qalıqları yandırmağa üstünlük verirlər. Məhsuldarlığı artırmaq üçün köhnə metoddan yararlanır, nəticədə daha çox iqtisadi ziyana səbəb olurlar”.
Ekspert xatırladıb ki, qanunvericilikdə bununla bağlı cərimələr də müəyyən olunub:
"Şübhəsiz ki, bu metoddan brdəfəlik kənarlaşmaq lazımdır. Ekologiya və Təbii Sərvətlər, o cümlədən Kənd Təsərrüfatı nazirlikləri məsələyə ciddi nəzarət etməli, prosesin genişlənməsinin qarşısını almalıdırlar”.
Qeyd edək ki, ötən gün Kənd Təsərrüfatı Nazirliyi əkin sahələrindəki qalıqları yandıran fermerlərə xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, sahələr yandırılarkən torpağın üst münbit qatı məhv olur. Torpağın əvvəlki münbitliyini bərpa etməsi üçün illərlə vaxt lazım gəlir. Yanğınlar eyni zamanda qonşuluqdakı sahələrə də ziyan vurur, qısa vaxtda digər fermerlərin ərazisinə, hətta biçilməmiş sahələrə keçir, elektrik naqillərini sıradan çıxarır.
İsmayıl