"Varlı ailələrə rüşvət müqabilində sosial yardım təyin olunur" - Narazılıq yaranır

Ünvanlı Sosial Yardım (ÜSY) alan ailələrin 40 faizinin tərkibində əmək qabiliyyətli insanlar var. Bu fakt ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılan İşçi Qrupun araşdırmaları zamanı aşkar olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev eyni zamanda ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edən hallar aşkar edilərək onların aradan qaldırılması, vətəndaşlarda narazılıq yaradan belə hallara yol vermiş əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi istiqamətlərdə müvafiq işlər aparıldığını deyib. Onun sözlərinə görə, sosial yardım almaq üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin şəffaf şəkildə təşkili, həmin müayinəni həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi və s.. kimi işlər hazırda da davam etdirilir.
Əmək və əhalinin sosial müdafiəsi naziriliyininin ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi istiqamətdə keçirdiyi islahatları dəyərləndirən iqtisadçı ekspert Elçin Bayramlı "Sherg.az"a açıqlamasında ÜSY sahəsində həqiqətən də ciddi problemlər və haqsızlıq hallarının olduğunu qeyd edib. Onun sözlərinə görə, əsas problem bəzi ailələrdə əməkqabiliyyətli şəxslərin olması deyil:
"Nə olsun əmək qabiliyyəti var, amma faktiki işsizdir. Əsas problem odur ki, ehtiyacı olmayan, hətta varlı ailələrə də rüşvət müqabilində yardım təyin olunma halları var. Bununla bağlı mətbuatda yüzlərlə fakt işıqlandırılıb. Bundan başqa, ehtiyacı olan ailələr var ki, müxtəlif bəhanələrlə yardımla təmin olunmayıb.
Yeni nazir sosia sahədə ciddi işlərə başlayıb. Yaxşı olar ki, komissiyalar təşkil olunsun, şikayəti olan vətəndaşlar bir-bir qəbul edilsin, vəziyyət araşdırılsın. Dövlətimiz bu sahəyə xeyli vəsait ayırır, lakin hansısa məmurların ucbatından bu vəsaitlər düzgün paylanmır və sosial narazılıq yaranır. Bu əməllərlə məşğul olanlar çox ciddi cəzalandırılmalıdır. Ümidvaram, tezliklə bu sahədə problemlər aradan qaldırılacaq, ÜSY-nin təyin olunmasında şəffaflıq və sadələşmiş prosedur tətbiq olunacaq”.
Şəymən