"20 il əvvəl senzuranın ləğvi ümummilli liderin mətbuata verdiyi dəyərin təzahürü idi"






Avqustun 6-sı Azərbaycan tarixində  söz və mətbuat üzərindən senzuranın götürülməsi günü kimi qeyd olunur. Bu mənada ki, söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas dəyərlərindəndir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində mətbuatın xüsusi rolu var. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman xüsusilə qiymətlidir. Həmin Fərmanla Azərbaycanda milli mətbuatın demokratik inkişafına dövlət qayğısı modeli təqdim edilib. Ümummilli Lider Azərbaycana rəhbərlik dövrdə nəinki senzuranı ləğv etmiş, həm də azad mətbuatın qarantı olmuş, milli mətbuatımızın peşəkarlığının artırılmasına təkan verib. Senzuranın ləğvindən sonra kütləvi informasiya vasitələri üzərindən əlavə dəyər vergisi götürülüb, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumu tamamilə azaldılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda söz və mətbuat üzərindən senzuranın götürülməsindən
20 il ötür. Məhz ona görə, biz də "Sherg.az" olaraq sözügedən fərmanın Azərbaycan mediasına gətirdiyi tövfələri barədə tanınmış jurnalist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadənin fikirlərini öyrəndik. O, bildirdi ki, Azərbaycan mediası üzərindən senzuranın götürülməsi açıq sözə, azad fikrə əhəmiyyətli dərəcədə təsir göstərib:

"Ümummilli Lider Heydər Əliyev hər zaman jurnalistlərin qayğısına qalırdı, onlar üçün hər cür şəraitin yaradılmasına təminat verirdi. Xüsusilə, söz azadlığının yaradılması ilə bağlı onun ciddi yanaşması var idi. Bütün hadisələrə işıq salınmasını, məlumatların oxuculara olduğu kimi çatdırılmasını istəyirdi. Senzuranın ləğvi də ümummilli liderin mətbuata verdiyi yüksək dəyərin təzahürü idi. Artıq 20 ildir, bu addımın bəhrəsini görürük”.

Senzuranın bərpasının tərəfdarı olmadığını diqqətə çatdıran M.Süleymanzadə qeyd edib ki, geriyə yol yoxdur. Senzuranın bərpa olunması heç bir halda məqsədə uyğun deyil:

"Amma senzuranın ləğv olunması o demək deyil ki, mətbuatda özbaşınalıq olmalıdır, kim nə istəyir yazmalıdır. Hər bir jurnalistin, media mənsubunun məsuliyyət hissi olmalı, qayda-qanunu, ölkənin əleyhinə olan məqamları tərk etməli, daxili senzurası olmalıdır. Jurnalist müvafiq qurumlar qarşısında məsuliyyət daşıyır. Məsələn, mən sovet dövründə uzun illər "Kommunist” qəzetində fəaliyyət göstərmişəm. Bizim senzura ilə bağlı ciddi problemimiz yox idi. Çünki hər birimizin yanaşmamızda, məsələyə münasibətimizdə müvafiq senzura var idi. Yazdığımız, səsləndirdiyimiz fikrin məsuliyyətini daşıya bilirdik.

Azərbaycan xalqı müharibə şəraitində yaşayır. Belə məqamda mətbuatın atdığı addımlar, informasiya təminatını həyata keçirməsi mexanizmləri çox vacibdir. Hər bir peşəkar jurnalist, media orqanı başa düşür ki, ordu ilə bağlı, hərbi sirr olan məqamlara diqqət etmək lazımdır. Ona görə, qeyd etdiyim kimi, hər bir jurnalistin vətəndaşlıq mövqeyi olmalı, bunun əsasında fəaliyyəti əks olunmalıdır. Bəzən mətbuat özü də bilmədən düşmənə informasiyalar verib, mənfur qonşularımızın dəyirmanına su tökür. Belə məqamlara diqqət etmək mütləqdir”.

Aysel Aslan