"Əkin sahəsi yanarkən torpağın ən mühüm hissəsi olan üst qatına ciddi ziyan dəyir" - Məhsuldarlıq zəifləyir

Fikrət Yusifov:"Digər tərəfdən əkin sahələrində baş verən yanğın ekoloji vəziyyətə ciddi ziyan vurur, bu yanğının meşə massivlərinə keçməsi təhlükəsi yaranır, elektrik xətləri sıradan çıxır"
Əkin sahələrində məhsul toplandıqdan sonra tarlalarda qalıqların yandırılması praktikası kənd təsərrüfatı istehsalçıları arasında geniş yayılıb. Yay aylarında isti hava şəraiti ilə əlaqədar bu hal ciddi fəsadlar törədir, yüksək gərginlikli enerji xətləri, meşə təsərrüfatlarında və s. yanğınlara səbəb olur.
"Sherg.az”a belə təhlükələrin qarşısının alınması tədbirlərindən danışan sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov kənd təsərrüfatı mütəxəssislərinin bu addımın əleyhinə olduğunu qeyd edib. F. Yusifovun sözlərinə görə, yığım başa çatdıqdan sonra əkin sahələrinin yandırılması ziyanlıdır:
"Sovetlər dönəmində - kənd təsərrüfatındakı bütün proseslərin ciddi nəzarətdə olduğu bir vaxtda da biçindən sonra əkin sahələrinin yandırılması məsləhət bilinməyib. Mütəxəssislər deyirlər ki, əkin sahəsi yanarkən torpağın ən mühüm hissəsi olan üst qatına ciddi ziyan dəyir, torpaqda olan lazımı maddələr, fauna və flora tamamilə məhv olur. Təbiətin özünü tənzim edən bir çox prinsipləri mövcuddur, onlara süni müdaxilə heç də həmişə xeyir gətirmir.
Digər tərəfdən əkin sahələrində baş verən yanğın ekoloji vəziyyətə ciddi ziyan vurur, bu yanğının meşə massivlərinə keçməsi təhlükəsi yaranır, elektrik xətləri sıradan çıxır. Bütün bunlar onu deməyə əsas verir ki, biçindən sonra əkin yerlərinin yandırılmasına yol vermək olmaz. Burada tövsiyə xarakterli izahat işləri ilə yanaşı, inzibati tədbirlərin də görülməsi də pis olmazdı”.
Aysel Aslan