"Ermənistan Azərbaycanın hərbi əməliyyatlara başlaya biləcəyindən narahat olur"






"Bəzi erməni siyasətçiləri özlərini "sülhpərvər” kimi qələmə verirlər. Ermənilərin hamısı öz maraqlarına xidmət edir. İqtidarda olanlar da, müxalifətdə təmsil olunanlar da xeyrimizə deyil, ziyanımıza çalışırlar”.

Bunu "sherg.az”a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyib. 

"Helsinki təşəbbüsü-92” təşkilatının Dağlıq Qarabağ komitəsinin koordinatoru Karen Ohancanyan "müharibə ehtimalı” iddiasını dəyərləndirən QAT rəhbəri vurğulayıb ki, Ermənistan hökuməti Azərbaycanın hər an hərbi əməliyyatlara başlaya biləcəyindən ciddi narahat olur:

"İndiki məqamda İrəvanın yeritdiyi siyasət odur ki, nəyin bahasına olursa-olsun hazırki status-kvo qurunub saxlansın. Status-kvonun dəyişdirilməsi üçün iki yol var. Birinci yol danışıqların davam etdirilməsidir. Bu məsələdə ermənilər özlərini rahat hiss edirlər. Çünki arxayındırlar ki, beynəlxalq vasitəçilər düşmənin mövqeyini dəstəkləyir. Nəticədə masa ətrafında heç bir irəliləyiş olmur. İkinci variant isə müharibədir. Əgər bu gün erməni cəmiyyəti, siyasətçilər, QHT rəhbərləri ciddi şəkildə hərbi əməliyyatların anonsunu verirlərsə, deməli düşmən tərəf müəyyən informasiya əldə edib. Ermənistanın narahatlığı da bu tezisi təsdiqləyir”.

A.Nağı bildirib ki, beynəlxalq təşkilatlar da müharibə ehtimalına ciddi yanaşırlar: 

"Xarici qurumların açıqlamaları düşməni təşvişə salır. Xatırlayırsızsa, baş nazir Nikol Paşinyan Avropa səfəri sırasında bir çox liderlərə müraciət edərək yalvardı ki, onlar Azərbaycanın müharibəyə əl atmasına imkan verməsinlər. Bir neçə gün əvvəl isə vurğuladı ki, "yəqin ki, Rusiya savaşın başlanmasına imkan verməz”. Əlbəttə, Azərbaycan istənilən an müharibəyə başlaya bilər, buna haqqı çatır. Ermənistan isə torpaqlarımızdan çıxmır, əksinə hər vasitə ilə müharibəyə başlamağımızın qarşısını almağa çalışır. Şübhəsiz, onlar bu yolla bizi döndərə bilməzlər”.

Təşkilat sədri xatırladıb ki, 2001-ci ildə Dağlıq Qarabağdan və Ermənistandan böyük bir erməni heyəti, QHT rəhbərləri Azərbaycana gəlmək istəyirdi. O heyətin başında Karen Ohancanyan dayanmışdı. QAT-ın etirazından sonra ermənilərin Bakıda görüşü baş tutmayıb və geri qayıtmağa məcbur olublar.

Qeyd edək ki, "Helsinki təşəbbüsü-92”-nin Dağlıq Qarabağ komitəsinin koordinatoru Karen Ohancanyan deyib ki, Azərbaycan tərəfindən Qarabağla və Ermənistanla sərhəd boyunca baş verən hər şey iri miqyaslı hərbi hərəkətlərin başlanğıcına hazırlıqdır: "Hansı ki, artıq avqustda və ya sentyabrda hökmən başlaya bilər. Bu gün hərbi həll öz aktuallığına itirməyib”.

İsmayıl