"Ermənistan ən böyük ziyanı özünə vurur" - Ekspert





"Ermənistan rəhbərliyi daxili siyasətə daha çox diqqət ayırmaqla, öz mövqeyini möhkəmləndirməklə məşğuldur. Hökumət Qarabağla bağlı pafoslu bəyanatlar səsləndirməklə xalqın başını aldatmaq, vaxt qazanmaq taktikası seçib”.

Bunu "sherg.az”a açıqlamasında tanınmış siyasi ekspert Nəzakət Məmmədova deyib.

Analitik bildirib ki, Paşinyanın görüntü üçün oğlunu işğal olunmuş torpaqlarda "xidmətə” göndərməsi əsla sülh niyyətindən xəbər vermir:

"Yəqin ki, yaxın gələcəkdə biz çevriliş yolu ilə hakimiyyətə gələn bu qüvvələrin həm öz ölkələri, həm də region üçün yaratdığı təhdidlərin genişlənməsinin şahidi olacağıq. Çünki proseslər ona doğru gedir. Adətən belə zəif, qeyri-sabit ölkələr özləri qədər qonşulara, olduqları regionlara da təhlükə yaradırlar. Ermənistan da bu ölkələrdən biridir. Bu ölkənin yarıtmaz siyasəti müstəqillik əldə edəndən bəri bölgəyə problemlər gətirməyə davam edir. Lakin ən böyük zərəri özlərinə vururlar. Gəlirli layihələrdən təcrid olunmaqla yanaşı, qeyri-sabitlik, daxili təlatümlər, dövlət çevrilişi, ondan əvvəl isə Serj Sarkisyanın qeyri-demokratik, yarımhərbi avtoritar rejimi böyük problemlər yaratmışdı”.

Politoloqun sözlərinə görə, Paşinyan da hakimiyyətdə olduğu 100 gündə heç bir nəticəyə nail olmayıb:

"Onun siyasətindəki təzadlar, müharibə ritorikası elan etdiyi demokratik dəyərlərə sədaqət sayıla bilməz. Lakin bu cür siyasət Ermənistanı günü-gündən zəiflədir. Bu da gec-tez Azərbaycanın onsuz da labüd olan qələbəsini şərtləndirir. Sadəcə, Ermənistan işğal etdiyi torpaqlardan vaxt itirmədən çəkilsəydi, bu, regionda sülhün daha tez bərpasına və elə ermənilərin özlərinin vəziyyətinin normallaşmasına səbəb olardı. Sülh bütün regiona lazımdır, o cümlədən Ermənistanın özünə də . Onlar bunu nə qədər tez dərk etsələr, o qədər yaxşı olar”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Qarabağ, Böyük Vətən müharəbələri, əlil və şəhid ailələrinə mənzillərin və evlərin verilməsi mərasimində çıxış edərkən mühüm məqamlara toxunub. Dağlıq Qrabağ münaqişəsinin həlli ilə bağlı önəmli açıqlamalar səsləndirən dövlət başçısı bir daha bəyan edib ki, "Qarabağ müharibəsinin həllinin bir yolu var. İşğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır”. Prezident bildirib ki, "Biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik: "Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu yaxşı başa düşməlidir”.

İsmayıl