İbtidai siniflər üçün yazılmış biabırçı nağıl: Səhvlərlə dolu mətn uşaq psixologiyasına uyğun deyil - FOTO

İbtidai siniflər üçün sinifdənxaric oxu vəsaiti kimi təqdim olunan "Azərbaycan Nağılları” kitabında "Göy mıncıx” adlı nağıl sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Sözügedən nağılın tənqid olunmasının əsas səbəbi uşaq psixologiyasına uyğun olmaması, həmçinin dil, üslub baxımından həddindən artıq qüsurlu olmasıdır.
Bu barədə "Sherg.az”a danışan tanınmış təhsil eksperti Nabatəli Qulamoğlu nağılın tamamilə xalq danışıq dilində təqdim edilməsinin əleyhinədir. O hesab edir ki, hətta sözügedən nağılın ifadə tərzi xalq danışıq dilindən çox, dialektizmə bənzəyir:
"Kitabda hansısa hissəni, dialoqu danışıq dilində ifadə edildiyi kimi vermək olar. Lakin 5-10 səhifəlik bütöv mətnin şivə şəklində ifadə olunması düzgün deyil. Bu antididaktikadır. Nağılın belə formada şagirdlərə təqdim olunması yanlışdır. Hətta ola bilər, bir qrup şagird sözügedən kitabın təsiri ilə öz aralarında nağılın dilində danışsınlar. Çünki istər-istəməz nağılla tanış olan şagirdlər onu oxuyub, müzakirə edəcəklər. Mətnin bütövlükdə o səviyyədə kitabda əks olunması düzgün deyil”.
Nağılın məzmununa gəlincə, N. Qulamoğlu bu cür nağılların azyaşlılara oxumaq üçün məsləhət görülməsinin tərəfdarı olmadığını dilə gətirib:
"Elə nağıllarımız var, qorunmalı, dildən dilə dolaşmalıdır. Sözügedən "Göy mıncıx” tipli nağıllarda qədim, mürtəce insanların tarixi haqqında nəyisə ifadə etməyə çalışırlar. Lakin bu uşaqlarda qıcıq, əks effekt yarada bilər. Üstəlik bu tip nağıllar məzmun baxımından etik deyil. Muncuqdan hamilə qalmaq, bu hadisəyə görə, qardaşların bacını öldürmək cəhdləri uşaqlar üçün uyğunsuzdur. Vaxtilə insanlar qız övladı dünyaya gələndə, onu diri-diri basdırırdılar. Bu o deməkdir ki, biz özümüzdən belə nağıllar düzəldib, hadisəni təbliğ etməli, uşaqlara məsləhət görməliyik? Düzgün deyil”.
Aysel Aslan