“Rusiyanı hamımız yaxşı tanıyırıq”

Sərdar Cəlaloğlu və Vəfa Quluzadə Arif Rəhimzadənin cavabını verdi
“Dözülməz faktları nəzərə almadan kimsə Moskvanı tərifləyirsə, həmin adam ruspərəstdir”



Rusiyanın tarixən ölkəmizə qarşı olan niyyəti heç kimə sirr deyil. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmaması, Qarabağ münaqişəsinin həllini tapmaması və torpaqlarımızın işğalı birbaşa Rusiya faktoru ilə əlaqədardır. Ölkəmizin müstəqilliyini qoruyan, dövlətimizin inkişafında maraqlı olan hər bir vətəndaş anlayır ki, Moskvaya sığınmaq bizə müsbət heç nə vəd etmir.

Əhalinin əksər hissəsi Azərbaycanın qərbə inteqrasiyasını dəstəkləyir. Bununla belə ölkəmizdə bəzi deputatlar hələ Rusiya sevdası ilə yaşayır. Şimal qonşumuzun Azərbaycandakı səfirindən də çox ölkəmizdə Moskvanın təbliğatını aparırlar. Üstəgəl, Rusiyanı haqlı olaraq tənqid edənlərə qarşı kəskin iddialarla çıxış edirlər. Belə adamlardan biri də Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun rəhbəri, millət vəkili Arif Rəhimzadədir. Belə ki, o, ötən günlərdə mətbuata açıqlamasında Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşündən sonra ölkəmizdə Rusiya əleyhinə çıxış edənləri sərt tənqid edib. "Rusiya nə etsə, ağzıgöyçək adamlar deyəcək ki, o pisdir. Bu cür adamlara nə deyim? Bu, onların vəzifəsidir, qazancıdır, düşüncəsidir. Onlar bu cür yolla insanların diqqətini cəlb etmək istəyir. Hesab edirəm ki, bütün bunlar boş şeylərdir. Onlar heç zaman öz istəklərinə nail ola bilməyəcək”.

Deputatın ittihamlarına cavab verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Şərq”ə bildirib ki, A.Rəhimzadə "5-ci kolon”un ölkəmizdəki nümayəndələrindən biridir: "Bundan sonra Moskva nə etsə də, xalqımızın qarşısında heç bir cinayətinə bəraət qazandıra bilməyəcək. Azərbaycanı 200 il işğal altında saxlayıb. Ərazilərimizi parçalayıb. Torpaqlarımızda Ermənistan dövləti yaradıb. Ziyalılarımızı represiya qurbanına çevirib. Genefondumuzu məhv edəcək siyasət aparıb. Bir belə dözülməz faktları nəzərə almadan kimsə Moskvanı tərifləyirsə, həmin adam ruspərəstdir”. Rusiyanı hər zaman tənqid edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə vurğulayıb ki, belə fikirlər əhəmiyyətsizdir və münasibət bildirməyə ehtiyac yoxdur: "Boş-boş fikirlərə vaxt itirmək istəməzdim. Rusiyanın Azərbaycana nələri bəxş etdiyi, hansı zərbələri vurduğu göz önündədir. Bazarda göy satandan tutmuş, yuxarıda oturan nazirə qədər hər kəs bilir ki, şimal qonşumuzun məqsədi nədir. Rusiyanın tərifi ilə məşğul olan adamların səsləndirdiyi fikirlərin heç bir əhəmiyyəti yoxdur”.

Ayyət Əhməd