Körpənin oğurlanması uşaq manyaklarının da işi ola bilər

" Bu işlə tək yaşayan, xüsusən də yaşlı qadınlar məşğul olurlar"
Analizlər göstərir ki, uşaqları olmayan sonsuz qadınlar bu yoxluq həsrətindən illərlə psixi pozuntu keçirir


Bir neçə gün öncə Sumqayıtda oğurlanan 2 aylıq körpə ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, həmin günü səhər 3 uşaq anası olan Aysel Əhmədovanın evinə özünü humanitar fondun əməkdaşı kimi təqdim edən orta yaşlı qadın gəlib. Yad qadın özü ilə ərzaq, uşaq bezi və digər məişət əşyaları da gətirib. Bununla da, o, A.Əhmədovanın etibarını qısa zamanda qazanıb.

"Xeyirxah” qadın həmin evdə 6 saat qalıb və A.Əhmədova ilə söhbət edib. Bu zaman A.Əhmədovanın böyük uşaqları gəzməyə getmək istədiklərini deyiblər və qonaq onlara birlikdə gəzməyi təklif edib. Onlar birlikdə Sumqayıtdakı bulvara gediblər. Orda uşaqlar analarından karuselə minməyi xahiş edib. Bu zaman həmin qadın A.Əhmədovaya onlar yellənənə qədər balaca Aylinə baxa biləcəyini deyib. Əhmədova razılaşıb və böyük uşaqlarını karuselə mindirib. Ana uşaqları ilə yellənən vaxt "humanitar fondun əməkdaşı” körpəni də götürüb aradan çıxıb. Şəhər polis idarəsindən verilən məlumata görə, uşağı oğurlayan qadın və ana mağazanın önündə quraşdırılmış müşahidə kamerasına düşüblər. Kameraya düşən qadının üzü görünsə də, şəxsiyyətini təyin etmək hələlik mümkün olmayıb. Kadrlarda A.Əhmədova hicabsızdır. Halbuki bir müddət əvvəl ANS-in efirinə çıxan həmin qadın hicablı olub. Bu hal polisdə ananın səmimiyyəti ilə bağlı şübhələr yaratdığı üçün yoxlamalar uşağı oğurlanmış ananın ətrafında aparılmağa başlanılıb. Buna baxmayaraq, hələlik uşağın taleyi ilə bağlı heç bir xəbər yoxdur. Məlumat üçün bildirək ki, Sumqayıtda uşaq oğurlanması ilk deyil. Əvvəllər də bu şəhərdə uşaqların sirli şəkildə yoxa çıxması halları baş verib. 2012-ci ildə analoji hadisə zamanı oğurlanan 13 yaşlı Ramil Ağayev bu günə kimi tapılmayıb. Şəhər sakinlərinin dediyinə görə, Sumqayıtda orqan mafiyası və uşaq alveri ilə məşğul olan şəbəkələr fəaliyyət göstərir. Bu səbəbdən də baş verən hadisəni insan, yaxud orqan alveri kimi dəyərləndirirlər. Məsələylə bağlı açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay uşaq oğurluğu və insan alveri ilə bağlı vəziyyəti şərh edib. Onun sözlərinə görə, hadisəni araşdırmadan ona ad vermək doğru deyil: "Bir kriminalist kimi hər itən adamın və ya uşağın oğurlanmasının kökündə orqan alveri mafiyasının dayandığını zənn edə bilmərəm. Praktika göstərir ki, körpə uşaqların itkisi əsasən uşaq manyaklarının işi olur. Yaxud oğurlanıb satılması məqsədi daşıyır. Bu işlə tək yaşayan, xüsusən də yaşlı qadınlar məşğul olurlar. Analizlər göstərir ki, uşaqları olmayan sonsuz qadınlar bu yoxluq həsrətindən illərlə psixi pozuntu keçirir. Həmişə beyinlərində uşağa malik olmaq dolaşır, gözləri çöldə, bayırda gəzir. Fürsət düşən kimi, yəni nəzarətsiz və köməksiz halda uşaq görən kimi özlərindən asılı olmayaraq, bu cinayətə əl atırlar”. Ekspertin sözlərinə görə, uşaq oğurluğu cinayətlərində insan orqanı alveri motivini də istisna etmək olmaz: "Bu, kriminal praktikada "qara transplantasiya” adlanır. Bu məsələ ilə bağlı bir neçə il əvvəl müstəqil təhqiqat apardım, Ukraynada, Rusiyada oldum. Təəssüf ki, həmin cinayətkar qrupun əməllərinin bir ucu gəlib Azərbaycana, ABU kimi bəzi özəl klinikalara da çıxdı. Bu sahə ilə dünyada mafiya kimi xüsusi təşkilatlanmış qruplaşmalar məşğul olur. Çünki bu iş üçün xüsusi bilgili bir cinayətkar dəstə yaradılmalıdır. Burada söhbət təkcə hansısa insanın oğurlanıb orqanının çıxarılmasından getmir. Götürülmüş orqanın saxlanması, transport olunması, müştərinin tapılması və s. ciddi məsələlər var. Çox gəlirli cinayət sahəsidir. Gəlirinə görə, dünyada narkotik alverindən sonra ikinci yer tutur”. Müsahibimizin fikrincə, Azərbaycanda insan alveri üçün "gözəl” şərait var: "İnanmıram ki, belə bir gəlirli cinayət sahəsi Azərbaycandan yan ötsün. Ölkədə hüquq-mühafizə orqanlarının sərtliyinə baxmayaraq narkotik alveri də, pritonların saxlanması da, başqa bu cür spesifik cinayətlər də mövcudluğunu saxlayır. Eləcə də insan orqanı alverinin mövcudluğunu da inkar etmək olmaz. Ona görə də Sumqayıt və digər zonalarda hər bir insan itkisinə ən pessimist gümanla, ölüm və ya orqan alveri məqsədli cinayətin

mümkünlüyü kimi baxılması vacibdir. Necə deyərlər, şər deməsən, xeyir gəlməz. Belə halda, cəmiyyətin də, hüquq-mühafizə orqanlarının da insan itkilərinə diqqəti artır”.

İsmayıl