Vaqif Hacıbəyli müxalifəti ittiham etdi

“Son günlər yaşananların hamısı siyasi fitnəkarlıqdır”



Bir müddət davam edən səssizlikdən sonra Müsavat və AXCP arasında yenidən qarşıdurma yaranıb. Bu dəfəki qalmaqalın səbəbi Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılan Birləşmiş Hüquq Müdafiə Mərkəzinin təsis edilməsidir.

Yeni mərkəzin yaradılmasından qıcıqlanan Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənli "intriqalardan uzaq olmaq” bəhanəsi ilə İ.Qəmbərin təşəbbüsünə mənfi reaksiya verərək qurumun toplantılarında iştirak etməkdən imtina ediblər. AXCP sədrinin müavini Razi Nurullayev açıqlamasında bildirib ki, cəbhəçilərin bəhs edilən toplantıdan kənarda qalmasının səbəbi yeni birlikdə baş verəcək çəkişmələrdən uzaq durmaqdır: "Siyasi partiyalar hansısa mövzu ətrafında bir araya gəlir, lakin sonradan dağılırlar. Başlayırlar bir-birini günahlandırmağa və həmişə də AXCP hədəfə alınır. Buna görə də, partiyamız bu tip birliklərdən uzaq olmağa çalışır. Çünki həmin birliklərin arxasında nəyin gizləndiyi bilinmir”. Qarşı tərəfin nümayəndələri də AXCP və MŞ-nin bu cür yanaşmasını sərt şəkildə tənqid ediblər. Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy bildirib ki, Ə.Kərimlinin İsa Qəmbərin təşəbbüsü ilə təsis edilən mərkəzin toplantılarına qatılmaması AXCP ilə Müsavat arasındakı soyuq müharibənin təzahürlərindən biridir: "Soyuq müharibə bələdiyyə və ya parlament seçkilərində hər hansı ümumi blok yaradılana qədər davam edəcək. Vəziyyət belədir. Tərəflərdən hansısa biri birlik təsis edəcək, yaxud başqa bir təklif irəli sürəcək, digəri isə bunu bəyənməyəcək. Proses 20 ildir belə davam edir, inanmıram ki, bundan sonra da müsbət dəyişiklik olsun”. Müxalifət düşərgəsindəki son proseslərə münasibət bildirən Əhrar Partiyasının sədri, hüquqşünas Vaqif Hacıbəyli də bildirib ki, xəstə ambisiyaları bir kənara qoyaraq, səyləri birləşdirmək lazımdır: "Son günlər yaşananların hamısı siyasi fitnəkarlıqdır. Hesab edirəm ki, tamamilə yolverilməz bir haldır. Müxalifət birlik nümayiş etdirərək onları müdafiə edən şəxslərin hüquqlarının qorunması üçün əlindən gələni etməlidir. Elə bir mühit yaratmalıyıq ki, onların həbsxanada olmaları, bayırda olmalarından daha çox "təhlükə” yaratsın. Hər bir vicdanlı adam onları müdafiə etməlidir”. Səhhətində ciddi problemlər olduğunu deyən V.Hacıbəyli bu vəziyyətdə kimlərəsə dəstək vermək imkanının olmadığını da vurğulayıb.

İsmayıl