5 il qıtlıq olacaq

Quraqlıq bütün respublika ərazisində müşahidə olunur



Dünyanı təqib edən qlobal istiləşmə Azərbaycanda da hökm sürən quraqlığın daha da artmasına səbəb olub. Bitməyən quraqlıq və susuzluq ölkədə meyvə-tərəvəz məhsuldarlığına, taxılçılığa, üzümçülüyə və digər təsərrüfat sahələrinə ciddi ziyan vurub. Nəticə etibarı ilə yaranan məhsul qıtlığı bazarda qiymətlərin artmasına gətirib çıxarıb.

Quraqlığı dəyərləndirən iqtisadçı-ekspertlər hesab edirlər ki, su probleminin aqrar sahəyə vurduğu fəsadlar aradan qaldırılmazsa, ölkə iqtisadiyyatına ciddi ziyan dəyəcək. Onların sözlərinə görə, ölkə ərazisinə düşən illik yağıntının miqdarı azaldığından anbarlara toplanılan su ehtiyatları artıq tükənmək üzrədir.

AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri, kənd təsərrüfatı elmləri doktoru Ənvər Əliyev bildirib ki, Azərbaycanda builki quraqlığın nəticələri öz təsirini növbəti illərdə də göstərəcək: "Quraqlıq nəticəsində tələf olmuş bitkilər ən azı 5 ildən sonra normal məhsul verə biləcək. Bu il Azərbaycanın ən çox mənimsənilən ərazilərindən olan Böyük Qafqazın şimal-şərq yamacında, Altıağacdan Qusara qədər olan ərazilərdə tədqiqatlar apararkən əvvəlki illərdən tamamilə fərqli mənzərənin şahidi olduq. Həmin ərazilərdə ciddi quraqlıq müşahidə etdik. Bitkilərin kütlə ehtiyatı xeyli azalıb. Əslində quraqlıq bütün respublika ərazisində müşahidə olunur. Şamaxıda, Qobustanda, İsmayıllının aran hissəsində, Şirvan düzənliyində quraqlıq ciddi fəsadlar yaradıb. Əgər vəziyyət belə davam edərsə, Ağsu, Göyçay, Şamaxı, Ağdaşın və İsmayıllının aran hissələrindəki fərdi təsərrüfatlar, minlərlə hektar sahəni əhatə edən meyvə bağları quraqlıqdan ciddi şəkildə ziyan çəkəcək”. Mütəxəssis deyib ki, bəzi rayonlarda çoxillik bitkilər artıq quruyub: "Ağsu rayonunda elə ərazilər var ki, orada həyətyanı sahələrdəki ağaclar məhv olub. Quruyan ağaclardan ən azı 5-6 il məhsul götürmək ciddi problem olacaq. Üzüm, nar və digər meyvə ağacları da qurumaq təhlükəsi altındadır”. Ə.Əliyevin sözlərinə görə, Pirsaatçay və Ağsuçayın suyu tamamilə quruyub, Girdimançayda isə su ehtiyatı 3 dəfəyədək azalıb.

Məsələyə münasibət bildirən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da deyib ki, belə bir hava şəraiti Azərbaycan üçün gözlənilən idi. Onun sözlərinə görə, hər 50-60 ildən bir ölkəmizdə quraqlıq baş verir: "Quraqlıq iqlim dəyişmələri ilə bağlı məsələdir. Yer kürəsində baş verən iqlim dəyişmələrinə heç kim müdaxilə edə bilməz. Təbii ki, Azərbaycanda müşahidə olunan quraqlıq aqrar sahədə müəyyən problemlər yaradacaq. Bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi də bilir, yerlərdə ayrı-ayrı təsərrüfatçılar da. Ona görə də hər bir hala qarşı hazırlıqlı olmaq lazımdır. Məsələn, hazırda bizdə suvarma sistemlərimizin 60 faizi transsərhəd suları hesabına formalaşıb. Amma İran tərəfi Araz çayının təxminən 50 faizini Urmiya gölünün xilas edilməsinə yönəltdiyindən Azərbaycan tərəfində su ilə bağlı problemlər ortaya çıxıb. Əslində Azərbaycan kifayət qədər geniş yeraltı sulara malikdir. Lakin biz bu nemətdən faydalana bilmirik. Buna görə də, quraqlıq müşahidə olunan kimi ekosistem tələf olmağa başlayır. İndiki halda quraqlıq xüsusilə heyvandarlıq sahəsində ciddi problemlər yaradacaq. Çünki otlaq sahələri məhv olub. Bu isə o deməkdir ki, ölkədə yem qıtlığı yaşanacaq.

Heyvandarlıq sahəsində yem çatışmazlığının yaranması ət və süd məhsullarının qiymətinə də təsir göstərəcək”. Mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov da son bir neçə ildə sürətlə qlobal iqlim dəyişikliyinin baş verdiyini deyib: "İndi mövsümi olaraq şiddətli isti və soyuq keçməsi halları çox müşahidə olunur. Payız və yaz aylarında daha çox su bolluğu yaranır. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin başlıca vəzifəsi su bolluğu yaranan vaxtlarda həmin suların bir hissəsini suvarma anbarlarına yığıb, ehtiyat kimi saxlamaqdan ibarətdir. Azərbaycanda kifayət qədər su anbarları var. Ancaq anbarlar vaxtında təmir olunmur. Bütün bu işlər vaxtında aparılmadığı üçün, yay aylarında su ilə təminatda problem yaranır. Son vaxtlar çaylarımızda su xeyli azalıb. Bu da fermerlərin işini çətinləşdirib. Çaylar üzərindəki çınqıl zavodları fermerlərin suvarma suyuna şərik çıxırlar. Onların tələbatı ödənildiyindən sahibkarlara su çatmır”. V.Məhərrəmov əlavə edib ki, ciddi su çatışmazlığı əkinçilik və heyvandarlıq sahələrinə mənfi təsir göstərəcək: "Azərbaycanda 1 milyon 300 min hektara yaxın suvarılan sahələr var. Əgər bu qədər sahədə suvarma suyuna olan ehtiyac ödənilmirsə, mütləq məhsuldarlığa təsir edəcək. Artıq elə sahələrimiz var ki, tam quruyub. Əksər rayonlarda tərəvəz məhsullarının istehsalında ciddi problemlər yaranıb. Ona görə də, ümumi istehsal azalıb. Dəmyə şəraitində məhsul yetişdirilən sahələrdə də ciddi problem var. Bilirsiz, dəmyə şəraitində sadəcə yağışa ümid etmək olmaz. Orda da qış aylarında nəmliyi qoruyub saxlamaq lazımdır ki, istehsal zamanı bitki nəmlikdən normal istifadə edə bilsin. Bir sıra aqrotexniki qaydalara riayət etməklə su problemini mümkün qədər aradan qaldırmaq olar. Amma hazırda suyun idarə olunmasında ciddi problemlər mövcud olduğundan aqrar sahədə müəyyən çətinliklər var”.

İsmayıl