İcra başçısı - deputat qarşıdurmasına münasibət

Fazil Mustafa: “Nə icra başçısı deputatın, nə də deputat icra hakiminin işlərinə qarışa bilər”



Son zamanlar ölkədə deputatlarla icra başçıları yola getmir. Bu funksionerlərin bir-birinin səlahiyyətinə müdaxiləsi aralarında müəyyən qarşıdurmalara yol açır.

Bu xoşagəlməz hallardan biri də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayondan seçilən deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə ilə arasında baş verib. Buna səbəb icra başçısının Bilgəh kəndinə kənar rayondan icra nümayəndəsi təyin etməsi göstərilir. Deputatla aralarında yaranmış ziddiyyət barədə mətbuata açıqlama verən A.Vəliyev millət vəkilinin onun işlərinə qarışması və təzyiq göstərməsini təsdiqləyib. "Bəli, elə hallar olub”.

Xatırladaq ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı A.Vəliyevlə bu rayondan seçilən deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə arasında narazılıq yaranması ilə bağlı mətbuatda məlumat yayılmışdı.

Məsələyə aydınlıq gətirən Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa "Şərq”ə açıqlamasında qeyd edib ki, hər kəs öz səlahiyyətlərini icra etməlidir. Onun sözlərinə görə, nə icra başçısı deputata, nə də deputat icra hakiminin işlərinə qarışa bilər: "İcra hakimləri ölkə başçısının yerlərdəki nümayəndəsidir. Təyinatla bağlı məsələlər bilavasitə onun səlahiyyəti çərçivəsindədir. Seçicilərlə müəyyən problemlərinin həlli istiqamətində icra başçıları millət vəkillərinə köməklik göstərməlidir. Deputatın fəaliyyət imkanları elə də geniş deyil. Ona görə, hər kəs öz vəzifəsini normal icra etsə, problem yaşanmaz”.

Ayyət Əhməd