“Rusiya məcbur qalıb, hiyləyə əl atır”

Vəfa Quluzadə: “Onların miqrantları şirnikləşdirərək orduya cəlb etmələri baş tutmayacaq”




"Rusiya mühacirlərdən ibarət ordu yaradır. Miqrantlara hərbi xidmət qarşılığında vətəndaşlıq verilməsi ilə bağlı qanun layihəsi artıq İctimai Palataya göndərilib. Məqsəd isə qanun layihəsinin ictimai legitimliyini təmin etməkdir.

Moskvadakı Azərbaycan diasporundan verilən məlumata görə, Rusiyadakı miqrantlar arasında bu barədə təbliğat da başlayıb. İddialara əsasən, Moskvanı belə bir addım atmağa NATO təhlükəsi və müharibə ehtimalı təhrik edib. Çünki Kreml xarici təhlükələr olacağı təqdirdə daxildən zərbələrin olması ehtimalının qarşısı almağı düşünür. Ən böyük təhlükənin isə miqrantlardan gələ biləcəyi hesab edilir. Digər tərəfdən bu, vətəndaşlıq almaq üçün növbəyə dayanan miqrantların ələ alınması anlamına gəlir. Beləliklə, vətəndaşlıq üçün hərbi xidmət keçməyə razı olan miqrantlar dövlət qarşısında öhdəlik də götürəcəklər. Məlumat üçün bildirək ki, belə bir təcrübə Tacikistanda var. 201-ci diviziyada tacik və özbəklər müqavilə əsasında xidmət edir. Diviziya fransızların xarici legionlarına bənzər formada yaradılıb.

Moskvanın bu addımını şərh edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə "Şərq”ə açıqlamasında deyib ki, layihə uğursuz olacaq: "Rusiyanın əhalisi getdikcə azalır. Digər tərəfdən, ruslar orduda xidmət etməkdən yayınır. Ona görə Moskva məcbur qalıb, bu cür hiyləyə əl atır. Amma onların miqrantları şirnikləşdirərək orduya cəlb etmələri baş tutmayacaq. Həmin miqrantların əksəriyyəti ölkələrində xidmətdən bu və ya digər yollarla yayınan adamlardı. İnanmıram ki, onlar Rusiya ordusuna xidmətə getsinlər”.

NATO-nun Rusiya ilə müharibə ehtimalına gəlincə, ekspert bu iddiaların yanlış olduğunu bildirib: "Mənasız və uydurulmuş məsələlərdi. Belə silahlı toqquşma gözlənilmir. NATO Rusiyaya hücum etməyə hazırlaşmır. Moskva da NATO-ya cəsarət edib hücum etməz. Rusiya daha çox lokal müharibələr aparır”.

V.Quluzadə onu da diqqətə çatdırıb ki, Ukrayna hadisələrinə görə Rusiya çox ciddi tələyə düşüb: "Hazırda Moskva sanksiyalar altında inləyir, çökür”.

Ayyət Əhməd