Bakıda “İŞİD” əleyhinə konfrans baş tutdu

Beynəlxalq təşkilatlara müraciət edildi



Dünya Azərbaycanlıları Konqresi (DAK) "Yaxın Şərq olayları və İraq türkmənlərinin taleyi” mövzusunda konfrans keçirib. AzNews.az-ın məlumatına görə, tədbirdə çıxış edən DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı dünyadakı siyasi, etnik və dini zəmində konfliktlərə diqqəti yönəldib.

Din pərdəsi adı altında terror aktlarının həyata keçirildiyini deyən S. Rüstəmxanlı bildirib ki, təkcə Kərkükdə hər gün minlərlə insan qırılır: "Dünya dövlətləri isə bu insanlara yardım etmir. Türkiyə dövləti daxil olmaqla, Azərbaycanda da təəssüf ki, heç kimin bu məsələ ilə bağlı səsi çıxmır. Orada olan başqa millətlərə kömək var, ancaq məhz türkmənlərə heç bir kömək yoxdur”.

S. Rüstəmxanlı deyib ki, bu terrorçu təşkilatlara ABŞ və İsraildən dəstək göstərilir: "İsrail kürdlərə dəstək verir. Açıq aşkar görsənir ki, ortaya atılmış "Böyük Orta Doğu projesi” reallaşdırılmasına çalışılır”.

İnternet vasitəsilə tədbirə qoşulan DAK İdarə Heyətinin üzvü, İraq-Türkmən Yazarlar Birliyinin sədri Əkrəm Fevzi Dərzioğlu bildirib ki, Azərbaycanda türkmənlərin taleyinin müzakirə olunması sevindirici haldır. Onun sözlərinə görə, İraqda türkmənlərə zülm edilir, onlara kommunal problemlər yaradılır, çörək verilmir: "Kimi çadırlarda, kimi məktəblərdə yatır. Yurd-yuvasından didərgin düşən İraq türkmənləri və Kərküklər yer üzərindən silinir. BMT və beynəlxalq təşkilatlar hüquqları tapdanan türkmənlərə heç bir yardım etmirlər. 2003-dən bu günə kimi İraq türkmənlərinə zülm edilir. Buna görə də biz bütün türk dünyasına səslənir, onlardan kömək istəyirik”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə çıxışında bildirib ki, Qarabağda gedən proseslər bu gün İraqda baş verir: "Heç kim üçün sirr deyil ki, nə "İŞİD”, nə də "əl-Qaidə” müsəlmanların işi deyil. Bu təşkilatların başında dayananların əksəriyyəti qeyri-müsəlmanlardır. Onlar İslam və türk dünyasını məhv etmək məqsədi güdürlər. Bu gün İraqda baş verənlər hadisələrin birbaşa Azərbaycana da təsiri ola bilər. Yaradılacaq kürd dövləti alət kimi türklərə qarşı istifadə olunacaq. Bu baxımdan DAK dövlət səviyyəsində bu məsələnin qarşısını almaq üçün təşəbbüs göstərməlidir”.

Sonda DAK adından, qurumun həmsədri, millət vəkili Sabir Rüstəmxanlı dünya birliyinə, beynəlxalq təşkilatlara Şərqdə baş verən hadisələrlə bağlı müraciət etdi.