Özünü körpüdən atmaq istəyən şəxs xilas edildi

İcra başçısı onun 65 min dollarını mənimsəyib
Baş prokuror körpüyə çıxaraq intihar etmək istəyən şəxsi qəbul edib



































Bakıda körpünün üstünə çıxaraq intihar etmək istəyən şəxs xilas edilib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Sadiq Nəsirovla apardığı danışıqlar nəticə verib və o, fikrindən daşındırılaraq körpüdən düşürülüb. Hadisə yerinə onun ailə üzvləri də gəlib.

Qeyd edək ki, intihar etmək istəyən şəxs hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı olan Lütfəli Babayevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı olarkən ondan aldığı 65 min dolları qaytarmadığını iddia edir.

İntihara cəhd edən şəxsin həyat yoldaşı Könül Nəsibova Musavat.com-un əməkdaşına bildirib ki, icra başçısı ərindən pul alıb. Amma pul qaytarılmır.

Hadisədən sonra Baş prokuror Zakir Qaralov intihar etmək istəyən şəxsi qəbul etmək istədiyini bildirib.

Hadisə yerində olan hüquq-mühafizə orqanı əməkdaşları Sadiq Nəsirovu Zakir Qaralovun görüşünə aparırıblar.

Millət vəkili Qənirə Paşayeva da görüşdə iştirak etmək üçün Baş Prokurorluğa getdiyini bildirib.

Bakıda körpüyə çıxaraq intihar etmək istəyən Fəqan Nəsibov baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Bakı Metropoliteninin "Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edən Səbail rayon sakini Nəsibov Fəqan Sabir oğlu baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilərək dinlənilib.

F. Nəsibovun müraciəti baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.