Vəhhabilərə qarşı əməliyyat aparılır

Sülhəddin Əkbər: “Hüquq-mühafizə orqanları çox gec tərpəndilər”
İlham İsmayıl: “Bu işi polisin deyil, məhz MTN-in gücü ilə həll etmək daha məqsədəuyğun olar”


Azərbaycan hüquq-mühafizə orqanları vəhhabilərə yaxınlığı ilə tanınan beynəlxalq şirkətin Bakı ofisində əməliyyat keçirib. Əməliyyat-axtarış tədbirləi Birləşmiş Ərəb Əmirliyinin "Dar Al Ber” humanitar təşkilatının Bakıda fəaliyyət göstərən ofisində həyata keçirilib. İki saata yaxın davam edən axtarışların sonunda ofisdə olan bəzi sənədlər və maddi sübutlar götürülüb. Bundan başqa, ofisin əməkdaşları da saxlanılaraq, hüquq-mühafizə orqanına aparılıb. Əməliyyatın motivi barədə hələlik məlumat verilməyib.

Xüsusi orqanlar tərəfindən radikal təriqətlərə qarşı aparılan əməliyyatlar bəzi dini kəsimləri narazı salsa da, əməliyyatda ələ keçirilən materiallar din adı altında bir araya toplaşan şəxslərin həqiqətdə hansı işlə məşğul olduqlarını ortaya çıxarıb. Əməliyyatlar bir daha sübut edib ki, vəhhabi və sələfi adlı radikal dini qruplaşmalar müxtəlif xarici ölkələr tərəfindən idarə olunur və maliyyələşir. Vəhhabilərə qarşı aparılan əməliyyatları dəyərləndirən politoloq Sülhəddin Əkbər dövlət qurumlarının radikal dindarlara təhlükə kimi baxmağa başlamasından sevindiyini deyib: "Xeyli müddətdir ciddi xəbərdarlığımıza baxmayaraq, hüquq-mühafizə orqanları çox gec tərpəndilər. Amma hər halda görülən tədbirlər təqdirəlayiqdir. Ümid edirəm, bu əməliyyatlar profilaktik xarakter daşımayacaq”. S.Əkbərin fikrincə, konkret müsbət nəticəyə nail olmaq üçün daha ciddi və sistemli addımlar atılmalıdır: "Nümayiş xətrinə əməliyyatlar həyata keçirmək olmaz. Əməliyyatlar inzibati cəza ilə yekunlaşmamalıdır. Kompleks tədbirlər görmək lazımdır. Xaricdə və daxildə kəşfiyyat işləri aparmaq, sistemli, məqsədyönlü, peşəkar tədbirlər görülməlidir. Çünki real təhlükə ortadadır. Maliyyə əlaqələrindən tutmuş, başqa strateji sahələrə qədər kəşfiyyat işləri aparılmalı, vəhhabilərin xarici bağlantıları ortaya çıxarılmalıdır”. Milli Təhlükəsizlik Nazirliyinin istefada olan zabiti İlham İsmayıl da əməliyyatları müsbət dəyərləndirərək radikal qruplaşma üzvlərinin təhdidinin ciddiyə alınmasını zəruri hesab edib. MTN-in radikal dini qruplaşmaları nəzarətdə saxladığını qeyd edən ekspertin sözlərinə görə, Azərbaycanda çox da geniş yayılmamış vəhhabilərə qarşı indidən ciddi tədbirlər görülməlidir: "Radikal dini qruplar bəlkə də MTN-in ən yüksək səviyyədə əməliyyat nəzarətində saxladığı sahələrdən biridir. Zaman-zaman Rusiyanın Dağıstan Respublikası ərazisindən ölkəmizə keçən xeyli miqdarda terrorçular yerli əhali ilə kontaktda olduğuna görə, Azərbaycanda da radikal dindarlar əmələ gəlib. Vəhhabi-sələfilər də onlardan biridir və çox təhlükəlidir. Onlar daha çox

terrora meyilli qüvvələrdir. Amma hələlik bunların kütləviliyi yoxdur”. İ.İsmayılın sözlərinə görə, açıq şəkildə terrora və nifrətə çağırış edən qruplaşmanı yerindəcə aradan qaldırmaq lazımdır: "Mənə elə gəlir ki, bu işi polisin deyil, məhz MTN-in gücü ilə həll etmək daha məqsədəuyğun olar. Çünki polis bu kimi məsələyə girişəndə cəmiyyətdə müəyyən problemlər yaranır. Ancaq MTN bu kimi vəziyyətlərə daha hazırlıqlıdır”. Ekspertin fikrincə, dindarlar terminlərə həssas yanaşırlar və fərqli radikal qrupların adının vəhhabilərlə yanaşı çəkilməsinə etiraz edirlər. Hətta Azərbaycanda vəhhabilərin olmadığını, "sələfilərin”, onlardan ayrılan "xəvaricilərin” və onların da radikal qanadı olan "təkfirçilərin” olduğunu söyləyirlər: "Adı nə olursa-olsun, radikal dini qrupların fəallaşması hiss olunacaq dərəcədədir. Azərbaycan ətrafında, ümumiyyətlə, dünyada siyasi vəziyyət dəyişəndə, fəallıq müşahidə olunanda bir çox dairələr, o cümlədən dini kəsimi idarə edən qüvvələr də fəallaşaraq perspektiv güc kimi söz sahibi olmağa həvəs edirlər. Bu fəallıq hər dini kəsimdə öz mahiyyətinə uyğun formada əks olunur. Dindarların radikal qanadında isə təxribat formasında özünü göstərir”. MTN zabitinin sözlərinə görə, indiki durumda radikal qrupların arxasında konkret hansı xarici ölkənin və ya qüvvənin dayandığını demək mümkün olmasa da, bu cür qrupların bir qayda olaraq xariclə əlaqəli olduğunu söyləmək mümkündür.

İlahiyyatçı Hacı Şahin Həsənli də vəhhabilərə qarşı mütəmadi əməliyyat keçirilməsini təqdir edir: "Bu cür təriqətlərə qarşı həm hüquq müstəvisində, həm də maarifləndirmə yolu ilə mübarizə aparmaq vacibdir. Hamı yaxşı bilir ki, həmin radikal dini qruplar Azərbaycanda kifayət qədər çoxdur. Onların daha çox harada toplaşdıqları və nə işlə məşğul olduqları da dövlət qurumlarına məlumdur. Daxili şəbəkələşmə sistemi olan bu qruplaşmanın xaricdən idarə olunduğu da heç kimə sirr deyil. Ona görə də vəhhabi və sələfi adlanan radikal qruplaşmaların hüquq-mühafizə orqanlarının əməliyyatları nəticəsində daimi nəzarətdə saxlanması məqsədəuyğun olardı”.

İsmayıl