Bakı sakininin harayı Hacıbala müəllimə çatdı

Şəhərdəki ağacların dibi asfaltlardan təmizlənib




"Şərq” ötən saylarında paytaxtda aparılan yol tikinti işləri zamanı ağacların dibinin asfaltlanması ilə bağlı problemə toxunmuşdu.
Məlumatı və şəkilləri redaksiyamıza və meriyaya ünvanlayan Bakı sakini Sərxan Carçı bu dəfə xoş xəbər alıb. Onun Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı məktub cavabsız qalmayıb və məsələ öz həllini tapıb: "Hər şeydən əvvəl sizə və "Şərq” qəzetinin rəhbərliyinə təşəkkür edirəm ki, bir çox mətbu orqanların toxunmadığı mövzunu işıqlandırdınız və Bakı merinə müraciətimi ictimailəşdirdiniz. Bakı meriyasına da minnətdarlığımı bildirirəm ki, ağaclarla bağlı həyəcanıma vaxtında reaksiya verdilər. Adları çəkilən ərazilərdə artıq ağacların dibləri asfaltlardan təmizlənib”.

S.Carçı həmçinin aidiyyəti dövlət qurumları tərəfindən gövdələri asfaltlardan təmizlənmiş ağacların şəkillərini də redaksiyamıza göndərib. Şəkillərdən göründüyü kimi, bir neçə şəxs ağacların gövdələrini asfaltlardan təmizləyirlər. Ümid edək ki, hər zaman dövlət-ictimaiyyət arasında körpü rolunu oynayan biz jurnalistlər, beləcə, problemlərin operativ həllinin davamlı olaraq şahidi olarıq.

Vüqar Şahinoğlu