Qarabağ vaxtında ABŞ-ın yadına düşməyib

Metyu Brayzanın açıqlaması gecikmiş bəyanatdır



Son zamanlar Rusiyanın regionda güclənməsi, Dağlıq Qarabağ münaqişəsində vasitəçilik təşəbbüsünü ələ alması, məsələnin dinc yolla həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirməsi Amerikanı narahat etməyə başlayıb. Uzun illərdir münaqişə barədə heç bir əməli iş görməyən, status-kvonun saxlanılmasından yalnız narahatlıq ifadə edən ABŞ indi canfəşanlıq etmək istəyir.

Belə ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza xarici KİV-lərə açıqlamasında vurğulayıb ki, Dağlıq Qarabağ konfliktinin həllinə kömək üçün aparılan danışıqlarda ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerrinin şəxsən iştirakı zəruridir.

Sabiq diplomatın bəyanatını şərh edən politoloq Qabil Hüseynli söyləyib ki, bu, çox gecikmiş fikirdir: "Vaxt vardı ki, Amerika münaqişədə həlledici söz sahiblərindən biri idi. Amma rəsmi Vaşinqton bu fürsətdən faydalanmadı. Problemin beynəlxalq hüquq normaları və ATƏT-in Minsk Qrupu səviyyəsində çözülməsinə səy göstərmədi. B.Obama münaqişəyə ögey yanaşdı. Moskvada da bu laqeydlikdən yararlanıb postsovet məkanını öz inhisarına almağa başladı. Amerika yuxudan ayılıb, gördü ki, Cənubi Qafqaz az qala Rusiyanın nəzarətinə keçmək üzrədir. Rusiya regionda möhkəmləndikcə, Amerikanın burada nüfuzu zəifləyir. Moskva Cənubi Qafqazdan Avropa ölkələri və özünün strateji müttəfiqləri üçün çox böyük enerji resursları əldə edir. Digər tərəfdən Cənubi Qafqazın geostrateji üstünlüklərindən istifadə edərək dünyaya nəzarət funksiyasını gerçəkləşdirir. Belə bir şəraitdə keçmiş diplomatın ümidsiz bəyanatı onu göstərir ki, Amerika Cənubi Qafqazda Moskvaya uduzub”.

Ekspertin sözlərinə görə, ABŞ münaqişənin həlli barədə yalnız ideyalar ortaya atıb. Həmin məsələlərin reallaşması barədə heç bir praktiki addım atmayıb: "Amerika hələ ki uduzur. M.Brayzanın bəyanatı bir də onu isbat edir ki, Cənubi Qafqaz uğrunda mübarizə genişlənir. Rusiya-Azərbaycan əlaqələrinin genişlənməsi ABŞ-da narahatlıq doğurur. Hesab edirəm ki, gələcəkdə Cənubi Qafqaz uğrunda rəsmi Kremllə rəsmi Vaşinqton arasında mübarizənin yeni səhnələrinin şahidi ola bilərik”.

Ayyət Əhməd