Zaman tələb edir, qardaşlıq yox...

Ermənistan tərəfinin Ərdoğanın andiçmə mərasiminə dəvət olunması birmənalı qarşılanmır



Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın 28 avqustda düzənlənəcək andiçmə və təslim mərasiminə kimlərin qatılacağı bəlli olub. Ərdoğanın inauqurasiyasına 9 prezident və 8 baş nazir səviyyəsində olmaqla çox sayda dövlətlərin nümayəndələri dəvət alıb. Ümumilikdə isə 28-nə planlaşdırılan inauqurasiyaya artıq 50-dən çox ölkənin ən yüksək nümayəndələrinin gəlişi gözlənilir və tədbirə böyük hazırlıq görülməkdədir.

Mərasimə dəvətlilər arasında Ermənistan rəhbərliyinin də adı yer alıb. Türkiyənin yeni seçilmiş prezidentinin andiçmə mərasiminə Ermənistan da dəvət edilib. Ermənistan prezidenti Serj Sarkisyan isə böyük ehtimalla Ermənistan Türkiyə prezidentinin andiçmə mərasiminə xarici işlər naziri səviyyəsində qatılacağını bəyan edib.

Ermənistan prezidenti ənənəsinə sadiq olaraq açıqlamasında qondarma erməni soyqırımını da gündəmə daşımağı unutmayıb. Sarkisyan həyasızcasına deyib: "Nazirimiz Türkiyə prezidentinin gələn il aprelin 24-də "erməni soyqırımı qurbanları”nın xatirəsinin 100 illiyi ilə əlaqədar keçiriləcək mərasimə qatılıb-qatılmayacağı ilə bağlı maraqlanacaq”.

Bəs Türkiyənin yeni prezidentinin inauqurasiya mərasiminə Ermənistan prezidentinin dəvət olunması nə dərəcədə doğrudur? Türkiyənin bu dəvətinin arxasında nə dayanıb?

Politoloq Qabil Hüseynlinin fikrincə, Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Ermənistanın dəvət olunmasında təəccüblü heç nə yoxdur.

Ermənistanın Ərdoğanın andiçmə mərasimində hansısa formada təmsil olunacağını vurğulayan və Sarkisyanın "soyqırım” xəbərdarlığına toxunan Q.Hüseynli deyib ki, bundan əvvəl Ərdoğanın qondarma erməni soyqırımına qatılacağı barədə erməni mətbuatında məlumatlar yayılmışdı: "Yəni Ərdoğanın qondarma soyqırımın 100 illiyində iştirak edə bilməsi ehtimalı var. Güman edirəm ki, Ermənistan andiçmə mərasimində hansısa formada təmsil olunacaq. Hansı ki, Sarkisyan artıq rəsmi İrəvanın Ərdoğanın inauqurasiyasında xarici işlər naziri səviyyəsində təmsil olunacağını bəyanlayıb”.

Bu dəvətin Türkiyə-Ermənistan münasibətlərinə hansı formada təsir edəcəyinə gəldikdə isə politoloq qeyd edib ki, ola bilsin, Ermənistan bu dəvət vasitəsi ilə gələcək əməkdaşlığın təməlini qoymaq üçün ciddi səylə çalışsın.

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə isə digər müsahibimizdən fərqli olaraq, Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasiminə dəvət olunmasına çox pis baxdığını vurğulayıb.

Sarkisyanın "soyqırım” dəvətinin Ərdoğan tərəfindən necə qarşılanacağına gəldikdə isə millət vəkili belə deyib: "Gözləyək, görək! Amma bu baş versə, Ərdoğan üçün ayıb olacaq” .

Qeyd edək ki, bəzi siyasi dairələrdə iddia olunur ki, Ərdoğan Ermənistana səfəri zamanı "soyqırım” qurbanlarını ziyarət edəcək və Sarkisyanın Türkiyəyə dəvət olunması buna hazırlıq məqsədi daşıyır.

A.Mollazadə bu barədə rəy verməyə tələsmədiyini bildirib: "İndiyə qədər dəfələrlə məlumat yayılıb ki, Türkiyə Ermənistanla sərhədləri açacaq. Hər dəfə də bu, Türkiyə hökuməti tərəfindən qətiyyətlə təkzib olunub. İndi də Ərdoğanın "soyqırım” qurbanlarını ziyarət edəcəyi ilə bağlı iddialar yalan ola bilər. Bu səbəbdən buna münasibət bildirməyə tələsmirəm. O ki qaldı, Sarkisyanın Ərdoğanın inauqurasiyasına dəvət olunmasına, bu, istənilən halda mənfi qərardır və buna haqq qazandırmaq olmaz”.

Şəymən