Nazarbayev düşünüb danışır

“Çünki Qazaxıstan əski Rusiya torpaqlarının hesabına yaranıb”



Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə qazax dilinin "diz üstə çökdüyü və ayağa qalxa bilmədiyi” barədə ziyalıların hakimiyyətə ünvanladıqları tənqidlərə cavab verib. O, ölkədə qazax dilindən başqa dillərin qadağan edilməsi barədə çağırışların yolverilməz olduğunu deyib.

"Tutaq ki, qanunla qalan dilləri qadağan etdik. O zaman bizi nə gözləyəcək? Ukraynanın taleyi! Bizə hamını zorla qazax dilinə keçirib sonra qanlı müharibə ilə üzləşmək, müstəqilliyimizi itirmək lazımdır? Yoxsa problemləri ağılla həll etməliyik? Məsələ bundadır... Biz nəyi seçirik? Hesab edirəm ki, məsələdə səbrli olmaq lazımdır”.

Nazarbayevin ziyalılara cavabını şərh edən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında qeyd edib ki, Qazaxıstan lideri həqiqəti deyib. Çünki Qazaxıstan əski Rusiya torpaqlarının hesabına yaranıb: "Hazırda həmin ölkədə rus dili də ana dili kimi istifadə olunur. Bir müddət öncəyə qədər ruslarla qazaxların nisbəti rusların xeyrinə idi. İndi bu nisbət qazaxlıların xeyrinədir. Nazarbayev əslində onu demək istəyib ki, bu nisbət getdikcə daha çox qazaxların xeyrinə

olmalıdır. Onlar bir millət olaraq o qədər güclənməlidirlər ki, gələcəkdə Moskvanın təzyiqlərinə duruş gətirə bilsinlər. Baxın, rus dilinin ləğv olması və Kremlin maraqlarının əleyhinə addım atmaq Ukraynadakı prosesləri Qazaxıstana daşıya bilər. Bu ölkədə çoxsaylı ruslar yaşayır. Onların vasitəsilə Qazaxıstanda çevriliş yaratmaq mümkündür. Bundan başqa, Rusiya Qazaxıstana qarşı torpaq iddiası qaldıra bilər. Bu baxımdan Nazarbayev düşünülmüş addım ataraq belə niyyətlərin ortaya atılmasına imkan vermir”.

Ayyət Əhməd